Gənclərin cəmiyyət həyatında
layiqli
iştirakı üçün
bütün şərait yaradılıb
Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvə olduğu üçün cəmiyyətin aparıcı təbəqəsi sayılır. Ona görə gənc nəslin inkişafı, gənclərin mükəmməl vətəndaş kimi yetişməsi sivil cəmiyyətlərdə qarşıya qoyulan prioritet məsələlərdən biridir. Ulu öndər Heydər Əliyevin demokratik və dünyəvi əsaslar üzərində qurduğu ölkəmizdə də uğurlu gənclər siyasəti həyata keçirilməkdədir.
Müstəqilliyimizin ilkin çağlarında hakimiyyətə yiyələnən qüvvələrin siyasi və ideoloji səbatsızlığı gəncləri də öz burulğanına salmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gəncliyin məhz Azərbaycanın gələcəyinə və dövlətçiliyimizə xidmətini təmin etdi. Ulu öndərin hələ 1993-cü ilin sentyabrında gənclərlə görüşü onlara işin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevriləcəyini düşünməyə əsas verirdi və belə də oldu. Ulu öndər gənclərə diqqət və qayğını dövlətin əsas fəaliyyət istiqamətlərindən birinə çevirdi və beləliklə, bu gün də layiqincə davam etdirilən dövlət gənclər siyasətinin əsasını qoydu. Heydər Əliyevin əsaslarını müəyyən etdiyi dövlətimizin gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının reallaşdırılması üçün cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Yeni nəslin inkişafının əsas vasitəsi onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı. 1996-cı il fevralın 2-də keçirilən I forumda iştirak edən ulu öndər Heydər Əliyev "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. I forumdan sonra gənclərlə aparılan işin canlandığını nəzərə alaraq Heydər Əliyev 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni "Azərbaycan Gənclər Günü" elan etdi. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si günü Azərbaycan gənclərinin bayramı kimi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur.
Gənclərə göstərilən diqqət və qayğı dövlət proqramlarında da öz əksini tapıb. Həyata keçirilmiş "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi", "Bədən tərbiyəsi və idmanın inkişafı", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı" və sair dövlət proqramları gənclər siyasətinin uğurla həyata keçirilməsinin təsdiqi sayıla bilər. 2002-ci ildə isə Milli Məclis "Dövlət gənclər siyasəti haqqında" qanunu qəbul edib. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə əsaslı təsir göstərmişdir.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2005-ci ildə Azərbaycan gənclərinin Heydər Əliyev Sarayında keçirilən IV forumunun yekun toplantısı dövlət başçısının və gənc nəslin ulu öndərin vəsiyyətlərinə və həyat ideallarına sadiqliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forumdakı çıxışı göstərdi ki, hakimiyyətin gənclərlə bağlı siyasəti dövrün tələblərinə uyğun olaraq uğurla həyata keçirilməkdədir: "Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər. Bu çox təqdirəlayiq bir haldır. Mən hesab edirəm ki, gənclər irəliyə doğru daha da inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar". Azərbaycan Prezidentinin çıxışından bir daha aydın oldu ki, dövlət gənclərin üzərindən diqqət və qayğısını əsirgəməyəcək, həm onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, həm də cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Prezident İlham Əliyev təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etmişdir. Gənclər siyasətinin həyata keçirilməsinə cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin 2006-cı ildə yenidən formalaşdırılması gənclər siyasətinin daha dolğun həyata keçirilməsinə yol açmışdır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi isə gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. Gənclər siyasətinin mühüm tərəflərindən biri də gənclərin elmi biliklərinin artırılmasıdır. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" məhz bu məqsədə xidmət edir. Mənzil almaq üçün ipoteka kreditlərinin verilməsi də gənclərə və xüsusən gənc ailələrə qayğıdan irəli gəlir.
Prezident İlham Əliyevin aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinəcək gözəl bir nümunədir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə gənclərin menecment fəaliyyətinin artırılmasına, gənc peşəkar kadrların hazırlanmasına, gənclərin dövlətin idarə edilməsində, ictimai həyatda daha aktiv iştirakının gücləndirilməsinə xidmət edəcək. Artıq gələn ilin dövlət büdcəsində bu proqram üçün maliyyə vəsaiti nəzərdə tutulub.
Bütün bunlar göstərir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.
Elxan ŞİRİYEV,
BDU-nun hüquq
fakültəsinin əməkdaşı
Azərbaycan.-2011.-13 dekabr.-S.7.