Xarici İşlər Nazirliyində

 

 Dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə nazir Azərbaycanın Meksika ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayaraq əlaqələrin genişləndirilməsində parlament diplomatiyasının mühüm rol oynadığını qeyd etmişdir.

E.Məmmədyarov əlaqələrimizin inkişafı üçün əməkdaşlığımızın bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra azərbaycanlı nazir meksikalı deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat vermiş, məsələnin həlli ilə bağlı Meksikanın tutduğu mövqeyə görə Azərbaycan tərəfinin təşəkkürünü bildirmişdir.

Görüşdə eyni zamanda ölkələrimiz arasında əlaqələrin inkişaf  perspektivləri, enerji sahəsində əməkdaşlıq məsələləri və digər qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.

Dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-ABŞ strateji tərəfdaşlıq əlaqələri, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlər, əməkdaşlıq perspektivləri və Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına töhfəsi haqqında fikir mübadiləsi aparılmışdır.

E.Məmmədyarov Əfqanıstanda sülhsabitliyin bərqərar olunmasının Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

 

Azərbaycan.-2011.-13 dekabr.-S.7.