Meksika Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

 

 Dekabrın 12-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Meksika Senatının üzvü, senator Karlos Ximenes Masiasonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.

İşçi qrupunun rəhbəri Ülvi Quliyev Azərbaycan ilə Meksika arasında iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsindən söz açdı. Daha sonra qonaqlara məlumat verildi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etməyə başlayıb. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın 20 faizini işğal etməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün problemi daha sürətli inkişafa ciddi maneə yaradır.

İ.Quliyev Meksika parlamentində erməni işğalını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbuluna, eləcə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına daimi üzv seçilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Meksika Senatının üzvü Karlos Ximenes Masias onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib dedi ki, Meksika yerləşdiyi bölgədə coğrafistrateji əhəmiyyətə malik ölkədir. Cənubi Qafqazda gedən prosesləri diqqətlə izləyir. Azərbaycan da yerləşdiyi ərazidə mühüm əhəmiyyətə malik ölkədir. Meksika Avropa Şurası Parlament Assambleyasına müşahidəçi statusu ilə üzv qəbul olunanda Azərbaycanın göstərdiyi dəstək bizim üçün çox böyük rol oynadı. Meksika sürətlə inkişaf edən və regionun lider dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Ümid edirik ki, əlaqələrimiz bundan sonra daha da genişlənib möhkəmlənəcəkdir.

Görüşdə ölkələrarası əlaqələrin inkişafında parlamentlərin rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2011.-13 dekabr.-S.7.