İnsan hüquq və
azadlıqlarına etibarlı təminat
Müasir dövrdə bütün sivil cəmiyyətlərdə insanın təbii və sonradan qazanılmış hüquqlarının təminatına, ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına, eləcə də bu sahə üzrə ixtisaslaşan demokratik institutların fəaliyyətinə xüsusi qayğı ilə yanaşılır. İnsan hüquq və azadlıqlarının təminatı müasir dövrdə bəşəriyyətin demokratik inkişafının ayrılmaz hissəsinə, mənəvi, hüquqi, siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı kimi çıxış edir. Bu dəyərlər özündə ciddi təbliğati-siyasi məzmun ehtiva etməklə dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasına da mühüm təsir göstərir. İnsan hüquqlarına hörmət və ehtiramın demokratik inkişafın alternativsiz yolu olduğu bu gün təsdiqinə ehtiyac duyulmayan aksiomdur.
Bəşəriyyətin təkamül prosesi insan hüquq və azadlıqlarının düşüncələrdən, xəyaldan gerçəkliyə çevrilmə prosesində müşahidə olunan mübarizələr tarixidir. XVII əsrin sonları, XVIII əsrin əvvəllərindən etibarən geniş siyasi çevrələrdə yayılan fəlsəfi nəzəriyyələrdə insana ən ali varlıq kimi yüksək qiymət verilməyə başlamış, onun hüquq və vəzifələrinin insana layiq şəkildə formalaşdırılmasına təşəbbüs göstərilmişdir. Zamanında bəşəriyyətin ən böyük tarixi hadisəsinə çevrilən 1789-cu il böyük Fransa inqilabının nəticəsi olan "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi" insan hüquqları sahəsində ilk yazılı deklarasiya kimi iki əsrdən çoxdur ki, insan hüquq və azadlıqlarına dair konvensiya, konstitusiya və qanun layihələrinin fundamental bazası kimi istinad mənbəyidir.
İnsan
hüquqları anlayışının hazırkı mənzərəsi
isə İkinci Dünya müharibəsi zamanı və
müharibədən sonrakı ilk illərdə
formalaşmışdır. Müharibə
gedən dövrdə antihitler
koalisiyasına daxil olan
ölkələrin başçıları bəyan etdilər
ki, insan
hüquqlarının qorunması və bu
hüquqlara təminatın verilməsi
onların müharibədə qarşıya qoyduqları
başlıca məqsəddir. 1945-ci il Nürnberq məhkəməsində müttəfiqlər
nasist liderlərinin cinayətlərini əks
etdirən siyahıya "İnsaniyyətə qarşı
cinayət"i də daxil etdilər. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində
isə bəşəriyyət tarixində ilk
dəfə olaraq insan
hüquqlarının dövlət mənafeyindən üstün tutulduğu elan edilmiş,
insanların hüquq və
azadlıqlarına dair beynəlxalq standartlar müəyyənləşdirilmişdir.
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi miqyasına və əhəmiyyətinə
görə insan hüquqları sahəsində
ən fundamental sənəd hesab edilir. Bəyannamədə
insan hüquq və
azadlıqlarının heç bir dövlətin daxili işi olmadığı, bu
dəyərlərin ümumbəşəri xarakter
daşıması barədə müddəa öz
əksini tapmış, ayrı-ayrı dövlətlərin bu sahədə görməli olduğu
işlərin prioritetləri göstərilmişdir. Təşkilata
üzv dövlətlər Bəyannaməyə
qoşulmaqla insan
hüquqlarını fundamental və ali dəyər kimi qəbul
etdiklərini təsdiqləmişlər.
Müstəqil
respublikamızda insan hüquqlarının prioritetliyi 1991-ci il
oktyabrın 18-də qəbul edilmiş Azərbaycan
Respublikasının "Dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı"nda əksini
tapmışdır. Aktın
19-cu maddəsində Azərbaycan Respublikası "Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi"ni
tanıdığını rəsmən elan
etmişdir. Fəqət, müstəqilliyimizin
ilk illərində bir
sıra obyektiv və subyektiv
səbəblər üzündən Azərbaycanda insan hüquqlarının təminatı sahəsində,
demək olar ki, əsaslı
irəliləyiş baş verməmişdir.
1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdır. Ümummilli lider çıxışlarında daim xüsusi vurğulamışdır ki, "Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda". Bu sitat ulu öndərin insan hüquqları və azadlıqlarına necə böyük hörmətlə yanaşdığını əyani şəkildə təzahür etdirir. Ümummilli lider vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirilməsi üçün fundamental insan hüquq və azadlıqlarının təminatına maksimum şərait yaratmağın vacibliyini çıxışlarında daim xüsusi vurğulamışdır. Respublikada azad və demokratik cəmiyyətin bərqərar olmasını ali prinsiplərdən biri elan etmiş Heydər Əliyev bu məqsədə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini də daim nəzarətdə saxlamışdır.
Ulu öndər Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. Fərmanda cəmiyyətdə sosial bəlaya çevrilmiş rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulanmış, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər əksini tapmışdır.
Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və iradə nümayişinin nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına geniş imkanlar açmışdır. Bu mərhələdə Azərbaycan Respublikasında demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini, habelə hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya da ciddi ehtiyac duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır.
Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunda əksini tapmış müddəaların üçdəikisinin düzünə və ya dolayısı ilə insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndərin ümumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.
İnsan hüquq və azadlıqlarının təmin edilməsinin ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyildir. Ölkə Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də son 16 ildə ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açmışdır.
Konstitusiyanın qəbulundan sonra ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edilmiş və ya Əsas Qanunun müddəalarına uyğun yenidən işlənmişdir. 1998-ci ildə "Məhkəmələr və hakimlər haqqında" qanun qəbul edilmiş, 2000-ci ildə Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və digər məcəllələr qəbul olunmuşdur. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün 2000-ci ildə üçpilləli məhkəmə sisteminin yaradılması da Konstitusiyamızda əks olunan mühüm müddəalardan biridir. İnsanlara hüquqi xidmətin keyfiyyətini yüksəltmək üçün hakim korpusunun yeni forma və metodlarla - test üsulu ilə formalaşdırılması da bu sırada xüsusi vurğulana bilər.
1996-2000-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Ölüm hökmünün ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Protokoluna da qoşulmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər də analoji addımı hələ atmamışdılar. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 22 fevral tarixli "Azərbayan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanında insan hüquqlarının təminatı yönümündə həyata keçirilən konsepsiyası müəyyən edilmişdir. Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 18 iyun 1998-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etmişdir.
25 yanvar 2001-ci il tarixdən Avropa Şurasının bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası 2001-ci il 25 dekabr tarixində "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya etmiş və üzərinə milli qanunvericiliyin bu Konvensiyaya uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüşdür. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Qanunu əsasən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırılması məqsədinə hesablanmışdır.
28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu və daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi və maddi bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olmuşdur. Qeyd edək ki, insan hüquqlarının müdafiəçisi funksiyasını yerinə yetirən belə bir qurum ilk dəfə 1709-cu ildə İsveçdə təsis edilmişdir. İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması ideyası isə hələ Azərbaycanın Avropa Şurasına qəbulundan üç il əvvəl - ümummilli lider Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ilə bağlı 22 fevral 1998-ci il tarixli fərmanında əksini tapmışdır. 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz tərkib hissəsi olan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbulu ilə mütərəqqi ideyanın praktik surətdə reallaşması mümkün olmuşdur.
Ulu öndərin hüquqi dövlət quruculuğu sahəsində atdığı mühüm addımlardan biri də Konstitusiya islahatlarının həyata keçirilməsi olmuşdur. Normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman keçdikcə bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Bu mənada, hələ 9 il əvvəl - 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac da məhz bütün sahələrdə qabarıq nəzərəçarpan sürətli inkişafdan irəli gəlmişdir.
Əsas Qanuna təklif olunan prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, eləcə də Prezident seçkilərinin nəticələrinin səs çoxluğu prinsipi ilə hesablanmasını nəzərdə tutmuşdur. Eyni zamanda, konstitusiya islahatları hökumətin Milli Məclis qarşısında hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, alternativ hərbi xidmət növünün formalaşdırılması, Respublika Prokurorluğunun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri əhatə etmişdir.
Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında" sərəncamı ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımlar atmağa imkan yaratmışdır. Sərəncamda Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, məhkəmələrinə, baş prokurorluğuna normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə edilmişdir.
2009-cu il martın 18-də ümumxalq referendumu ilə ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər də mahiyyətcə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təminatına geniş imkanlar açmışdır. Həmin referendumla Əsas Qanunun 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) edilən dəyişikliyə görə hər 40 min Azərbaycan Respublikasının vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi insanların konstitusion hüquqlarının daha da genişləndirilməsinə xidmət etmişdir. Bu mühüm əlavə 40 min vətəndaşa dövlət idarəçiliyinin və cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə qanuna müvafiq təkliflərini, istək və niyyətlərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə çıxarmaq imkanı yaratmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan kompleks tədbirlər respublikamızın Avratlantik məkana inteqrasiya siyasətinin səmimiliyini də əyani surətdə üzə çıxarır. Şəxsiyyətin toxunulmazlığı, söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların bərabər hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmuşdur. Bu gün ölkədə 50-yə yaxın siyasi partiyanın sərbəst fəaliyyəti, 4500-ə yaxın qəzet və jurnalın mövcudluğu, dini etiqad azadlığı ictimai həyat reallıqları kimi diqqəti çəkir.
Hər ötən il cəmiyyət həyatında müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev bunu nəzərə alaraq xüsusi qeyd edir ki, respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbuluna daha yaxşı imkanlar yaranmışdır. Bu çağırışın əsasında Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan və təkamül yolu ilə daim təkmilləşən demokratik cəmiyyət modelinin formalaşdırılması məqsədi dayanır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2011.-13 dekabr.-S.6.