Azərbaycanın baş
ziyarətgahı
Ulu öndərin həyatı
hər birimiz üçün
örnəkdir
Öz əməli, missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər azdır. Amma hər xalqın, millətin təkamül tarixində belə şəxsiyyətlər olub. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqının imdadına çatan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz işlər qoymuşdur. Onun titanik zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrildi. Başqa xalqların, millətlərin yüz illərdə elədiyini böyük öndər bir neçə ilə başa vurdu, sanki zamanı az idi, yol üstündəydiE
Ulu öndərin əbədiyyətə qovuşmasından 8 il ötür. Respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar bu səhər tezdən Fəxri xiyabana gələrək Azərbaycanın baş ziyarətgahında ümummilli liderin məzarını ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyirlər. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır, yaşanır və əbədi yaşayacaq da. Çünki millətinin inkişafı üçün onun başladığı dünyəvilik, müasirlik və gənclik siyasəti, eyni zamanda quruculuq işləri bu gün sürətlə davam edir. Bu səhər tezdən insanlar yenə də öz liderlərinə əbədi sevgilərini bildirmək məqsədilə sıralanmışdılar. Gül-çiçəklə, ürəklərində böyük məhəbbətlə.
Solmaz ASLANOVA,
təqaüdçü müəllim:
- Ötən əsrin 60-cı illərindən başlayaraq xalqımızın böyük oğlu Heydər Əliyev uzaqgörənliklə millətimizin gələcəyi üçün, yəni bugünümüz üçün güclü siyasi, iqtisadi intellektual təməl hazırlayırdı. O, bu təməllə, yaratdığı infrastrukturla inkişafımızın əsasını qoymuşdur. Bu gün Azərbaycan ulu öndərin vaxtilə əsasını qoyduğu uğurlu yolla gələcəyə doğru inamla addımlayır. Bu illər ərzində Azərbaycanın dinamik inkişafı davamlı xarakter almış, respublikamızın beynəlxalq aləmdə yeri və nüfuzu daha da möhkəmlənmişdir. Qırx ildən çox iş təcrübəsi olan bir pedaqoq kimi deyə bilərəm ki, yetişən gəncliyin Heydər Əliyevin ideyaları ruhunda tərbiyə olunması, müdrik rəhbərimizin qurub yaratdığı müstəqil dövlətimizin şanlı tarixinin onlara elmi əsaslarla mənimsədilməsi və təbliği vacib məsələdir. Azərbaycan yaşadıqca ulu öndərin adı hər zaman onunla qoşa çəkiləcək. Mən tez-tez ziyarətə gəlirəm, ulu öndərin məzarını ziyarət edib, ruhuna dualar oxuyuram. Çünki 1960-cı illərdən onun çəkdiyi zəhmətlər mənim gözümün önündədir.
Asya İBRAHİMOVA:
- Səkkizinci ildir ki, mən hər dekabrın 12-si səhər tezdən bura gəlirəm, nəvələrimlə. Bir neçə il öncə səhər əlindən tutub gətirdiyim iki nəvəm indi tələbədirlər. Bu gün onlar universitetdən gələcəklər. Bu nəvəmi səhər bağçadan götürüb özümlə ziyarətə gətirdim. Ulu öndərin respublikamıza ilk rəhbərliyi dövrü mənim gənclik yaşlarıma düşüb. Hər şeyi çox gözəl xatırlayıram. Ölkəmizin hər yerində quruculuq, abadlıq işləri aparılır, elmin, təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilirdi. Onun gördüyü işləri nə saymaqla qurtarandı, nə sadalamaqla. Ölkəmizin qazandığı bütün uğurlar ulu öndərin adı ilə bağlıdır. Deyərdim ki, dünyanın siyasi sistemində Azərbaycanın müstəqil və get-gedə artan nüfuzlu mövqeyini, dövlətçiliyinin əsaslarını və fəlsəfəsini Heydər Əliyev müəyyənləşdirib. Bu dahi insanın vətən qarşısındaki xidmətləri, həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir. Allahdan ulu öndərə rəhmət diləyirəm, yeri cənnət olsun.
Mirzə TAHİRLİ, hərbçi:
- Yadımdadır, mən bu xəbəri türk kanallarına baxarkən orada gördüm. Ekran qarşısından keçən qara lentdə yazılmışdı ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin ölümündən sarsıldıq. Tez kanalı dəyişdim, Azərbaycan kanallarında xəbərlər verilirdi. Yerimdəcə donub qaldım. Hər ilin dekabrında o anı yenə yaşayıram. Tək mən deyil, hamı donmuşdu elə bil. Bu gün səkkiz ildir ki, ulu öndərimiz haqq dünyasındadır. Amma onun əməlləri yaşayır, həmişə də yaşayacaq. Bizə qalan odur ki, məzarını ziyarət etməklə, xatirəsini əziz tutmaqla ona öz ehtiramımızı bildirək. Tarix sübut etdi ki, Heydər Əliyevin seçdiyi yol doğru və həqiqətdir. Bütün parametrlərə görə Azərbaycan dünyanın lider dövlətlərindəndir. Mən hərbçi kimi deyə bilərəm ki, xalqımızın hərbi gücü də region dövlətlərindən qat-qat artıqdır. Biz dinc və sülhsevər xalqıq. Lakin məqamı gələndə torpaqlarımızı azad etmək üçün həm canlı qüvvəmiz, həm də hərbi qüvvəmiz yetərincədir. İnşallah, biz o günü gözləyirik. Ümid edirəm ki, torpaqlarımızın azad olacağı gün ulu öndərimizin də ruhu dinclik tapacaq.
Azərbaycanın güclü dövləti, güclü siyasəti və güclü diplomatiyası Heydər Əliyev siyasəti nəticəsində formalaşmışdır. Sevinirik ki, ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnsan axınını görürsünüzmü, bu, böyük liderin Azərbaycan qarşısında nə dərəcədə misilsiz xidmətlər göstərdiyini bariz şəkildə göstərir.
Tutuxanım MƏMMƏDOVA,
kitabxanaçı:
- Mən təkcə gəlməmişəm, iş yoldaşlarım da
buradadır. Bu, bizim hər birimizin borcudur. Heydər Əliyev Azərbaycanın
tarixini həm yaradıb, həm də yazıb. Heydər Əliyev həyatının
mənasını xalqına
xidmətə həsr
etdi, ölkənin parçalanmasının qarşısını
aldı, milli qurtuluşunu təmin etdi. Milləti hərtərəfli, sürətli inkişaf yoluna çıxartdı.
Heydər Əliyevin Azərbaycan
dövləti və xalqı qarşısında
xidmətləri əvəzedilməzdir.
Həssas bir regionda yerləşən Azərbaycanda
dövlətçiliyin yaradılması
və bütün bəşəriyyətə örnək
olacaq inkişaf modelinin qurulması Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndər sivil, demokratik, dünyəvi dövlət quruculuğu təcrübəsini ortaya
qoydu. Onun irsi, dövləti
qurmaq və onu irəli aparmaq fəlsəfəsi dünya tərəfindən
qəbul edilir. Bu gün ulu
öndərimizin anım
günüdür. İnsanlar vətənimizin
baş ziyarətgahına
axışır. Hərə əlində
gül-çiçək, ürəklərində sevgi
ilə gəlir bura. Biz də
onlardan biriyik. Heydər Əliyev bu gün dünyanın hər bir guşəsində
yaşayan azərbaycanlı
tərəfindən anılır,
xatirəsi əziz tutulur. Bu o deməkdir
ki, Heydər Əliyev bu an
dünyanın hər
yerində soydaşlarımız
tərəfindən xatırlanır,
böyük hörmət
və sevgiylə anılır.
Aydın
MİRZƏZADƏ,
Milli Məclisin deputatı:
- Ulu öndər Heydər Əliyevin işıqlı xatirəsini
yad etmək hər
bir Azərbaycan vətəndaşının müqəddəs
borcudur. Xalqımızın ümummilli liderinin
dövlətçilik tarixindəki
müstəsna xidmətlərinin
nəticəsi olaraq Azərbaycan bu gün təkcə yerləşdiyi regionun deyil, Avropanın inkişaf etmiş dövlətlərindən biri
kimi tanınır. Bütünlüklə
həyat və fəaliyyətini xalqına
və memarı, eləcə də qurucusu olduğu müstəqil Azərbaycan
dövlətinin qorunub
saxlanmasına həsr
edən ümummilli lider Heydər Əliyev ölkəni iyirminci yüzilliyin sonunda siyasi fəlakətlərdən,
vətəndaş qarşıdurmasından
xilas etmiş şəxsiyyət
kimi yaddaşlarda əbədi yaşayır.
Fiziki yoxluğundan qəhərlənsək də,
xalqımızın belə
xilaskar oğlu olmasından qürurlandığımız
ulu öndər Heydər Əliyev qəlbimizdə
mənəvi bir əbədiyaşarlıq qazanıb. 2003-cü ilin qarlı dekabr günlərindən
ötən səkkiz
il ərzində Fəxri xiyabana, baş ziyarətgaha üz tutan insan
axını da bunu təsdiqləyir.
Təbii
ki, ulu öndərin ideyaları
gerçəkləşdikcə Azərbaycan dövləti
özünün varlığını
bir daha daha geniş şəbəkədə təsdiqləyir.
Ümummilli liderin iqtisadi-siyasi kursu bu
gün bütün sahələrdə özünü
təsdiqləyir. Azərbaycan
xalqının qəhrəmanlıqlarla
dolu tarixinə, zəngin mənəvi dəyərlərinə və
maddi-mənəvi irsinə,
eləcə də incəsənətinə qayğı
ilə yanaşan ulu öndər özü də yaxşı bilirdi ki, ömrünü və mənalı həyatını həsr
etdiyi doğma xalqı onu heç zaman unutmayacaq. Elə buna görə də çıxışlarının
birində ümummilli
lider bu məqama toxunaraq demişdir: "Bilirəm
ki, 30 ildən artıq bir müddətdə Azərbaycana
bəxş etdiyim töhfələr - zavodlar,
buruqlar, binalar, obyektlər, abidələr,
yeni qəsəbələr
mən həyatda olmayanda da Heydər
Əliyevin işləri
kimi yaddaşlarda yaşayacaq".
Bu günlər əziz və parlaq xatirəsi dərin hörmət və ehtiramla yad edilən
ümummilli liderin dərin zəkası, uzaqgörən siyasəti
nəticəsində Azərbaycan
xalqı özünün
xilas yolunu müdrik rəhbərin ölməz ideyalarında
tapmış, göstərdiyi
yolla gedərək çətin siyasi və iqtisadi böhranlardan çıxmışdır.
Ulu öndər
xalqımız üçün
ən humanist və demokratik ideyaları özündə ehtiva edən və bunu əməllərində
təsdiqləyən bir
şəxsiyyət kimi
xatırlanır və
yad edilir. Əslində, belə demək daha doğru olardı ki, ümummilli liderin əməli fəaliyyətinin
nəticəsi olaraq müstəqilliyini möhkəmləndirən
Azərbaycan dövlətinin
vətəndaşı olmaqdan
qürur duyur və ulu öndərin
müasirləri olduğumuz
üçün də
fəxr edirik.
Vəli
ƏLİYEV,
AMEA-nın müxbir üzvü, professor:
- Azərbaycan dövlətinin
inkişaf strategiyası,
təbii ki, alternativi olmayan və bu gün
də cənab Prezident İlham Əliyev tərəfindən
çox uğurla inkişaf etdirilən siyasətidir. İstər
daxili, istərsə də xarici siyasət kursunun dövlətimizin bütün
sahələr üzrə
inkişafını təmin
etməsi beynəlxalq
təşkilatların hesabatlarında
da öz əksini tapır. İftixar hisssi ilə
söyləmək olar
ki, milli-siyasi məngənələr arasında
zaman-zaman sıxılan
Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin hər dəfə hakimiyyətə gəlişindən
sonra özünün
inkişafına nail olmuşdur.
Ona görə əbəs
yerə demirlər ki, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Təkcə
Azərbaycan vətəndaşlarının
deyil, dünya azərbaycanlılarının ümummilli liderinə çevrilmiş
Heydər Əliyevin dərin zəkası, uzaqgörən siyasəti
alternativsizliyini bundan sonra da təsdiqləyəcək
və xalqımızın
ildən-ilə yüksələn
rifahı, sivilizasiyalı
bəşəriyyətə iqtisadi, sosial və mədəni inteqrasiyasında bu amil özünü göstərəcəkdir.
Heydər Əliyev Azərbaycan dövlətinin hər qarış torpağını
sevdiyini və onun uğrunda mübarizə apardığını
bütün fəaliyyəti
boyu təsdiqləmişdir. Ulu öndər
çox yaxşı bilirdi ki, bütün
digər sosial problemlərin həlli yalnız iqtisadi yüksəlişdən, siyasi
nüfuzdan keçir.
Budur, son səkkiz il ərzində uğurla davam etdirilən həmin siyasət öz nəticəsini verməkdədir.
Rahilə
MEHDİYEVA,
"Qadınlar Sülh və Ekologiya Təmizlik Uğrunda" ictimai birliyinin sədri:
- Azərbaycanda qadın hüquq və azadlıqlarının müdafiəsi
uğrunda həyata keçirilən siyasət
də öz bəhrəsini verməkdədir.
Məhz bunun nəticəsidir ki, demokratik dövlətimizdə gender bərabərliyi öz aktuallığını saxlamaqdadır.
Azərbaycan ictimaiyyətində
qadınların rolu və ictimai fəaliyyətinə diqqət
dövlət siyasətinin
prioritetlərindən birinə
çevrilmişdir.
Ulu öndər doğma xalqına dərin məhəbbətini hələ sovetlər birliyi dövründə müstəqil Azərbaycan dövləti üçün kadrların yetişdirilməsi istiqamətində yürütdüyü siyasətlə təsdiqləmişdir. Həmin kadrlardır ki, bu gün iqtisadi inkişafına görə region dövlətlərini xeyli arxada qoyan Azərbaycanın müxtəlif sahələrinin aparıcı mütəxəssisləri və idarə edənləridir. Qətiyyətlə və əminliklə söyləmək olar ki, ulu öndərin istər keçmiş sovetlər birliyi dövründə, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra yürütdüyü siyasət Azərbaycanın gələcəyinə hesablanmışdır. Ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı müqəddəs məzarını ziyarət etməyə axışan insan seli ümumxalq məhəbbətinin parlaq təzahürüdür. Azərbaycançılıq məfkurəsinin mahiyyətini açan ulu öndər demişdir: "Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim qanımdadır, beynimdədir, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz".
Bu fikirlərin müəllifi olan ümummilli lider ona görə də ən böyük azərbaycanlı olaraq xalqımızın qəlbinə və tarixinə qızıl hərflərlə həkk olmuşdur. Hər birimizin müqəddəs borcudur ki, müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin təkcə adını deyil, işıqlı əməllərini bundan sonra da yaşadaq ki, gələcək nəsillərə bu nurdan pay düşsün.
Axşamçağı olmasına baxmayaraq, Fəxri xiyabana gələnlərin
ardı-arası kəsilmir.
Azərbaycan.-2011.-13 dekabr.-S.6.