Parisdə ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş anma mərasimi
keçirilmişdir
Azərbaycanın Fransadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elenora Hüseynova, nümayəndəliyin əməkdaşları, eləcə də diaspor təmsilçiləri və Parisdə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mərasimi açan səfir Elçin Əmirbəyov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizin ağır günlərində hakimiyyətə qayıdışından sonra respublikamızda vətəndaş müharibəsinin qarşısının alındığını, onun yürütdüyü uğurlu daxili siyasət nəticəsində xalqla hakimiyyətin daha da yaxınlaşdığını, qısa müddətdə iqtisadi yüksəlişə nail olunduğunu xatırlatmışdır. Bildirilmişdir ki, Heydər Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzu artan, güclü ölkəyə çevrilmişdir. Yaxın keçmişimizə nəzər saldıqda müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, təcrübəli dövlət başçısı, uzaqgörən siyasətçi Heydər Əliyevin silinməz izlərini görürük. Əbədiyyətə qovuşmuş bu böyük insanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Milli Məclisin deputatı Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən söhbət açmışdır. Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini vurğulayan deputat qeyd etmişdir ki, ümummilli lider dövlətimizin və xalqımızın gələcəkdə də firavan yaşamasının möhkəm təməlini qoymuşdur. Natiq müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin uzaqgörən siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin yadigarıdırsa, gündən-günə qüvvətlənən, çiçəklənən, gələcəyə qətiyyətlə və inamla addımlayan dövlətimiz isə Prezident İlham Əliyevin şah əsəridir.
Deputat Rövşən Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli də çıxışlarında ulu öndər Heydər Əliyevin Vətənə və xalqa məhəbbətindən, zəngin dövlətçilik təcrübəsindən, eləcə də dahi şəxsiyyətlə bağlı xatirələrindən söhbət açmışlar.
Anma mərasimində ehsan süfrəsi açılmışdır.
Sonda Qarabağ muğam ustalarının ifasında musiqi proqramı təqdim olunmuşdur.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2011.-13 dekabr.-S.5.