Ulu öndər Heydər Əliyevin əziz xatirəsi

 Həştərxanda da anılmışdır

 

 Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbdə təşkil edilən mərasimdə Həştərxan vilayətinin və şəhərinin rəhbərliyi, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri, ziyalılar və tələbələr iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında ulu öndərin abidəsinin önünə əklil və tər çiçəklər qoymuşlar.  

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini R.Ağayev Azərbaycanın üzləşdiyi ağır vəziyyətdə müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. R.Ağayev ulu öndərin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini xüsusi vurğulamışdır.

Həştərxan şəhər merinin birinci müavini M.Stalerov və Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev SSRİ dövründə və müstəqillik əldə etdikdən sonra Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətlərini vurğulamış, ölkələrimiz arasında münasibətlərdə onun əsl dönüş yaratdığını qeyd etmişlər. Natiqlər, həmçinin Azərbaycan ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq, eləcə də həyata keçirilən genişmiqyaslı birgə layihələr haqqında məlumat vermişlər.

Azərbaycan Ümumrusiya Konqresinin Həştərxan təşkilatının sədri Ə.Hüseynov ulu öndər Heydər Əliyevin müasir tariximizdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu siyasət barədə danışmışdır.

Mərasimdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin SSRİ-nin və Azərbaycanın tarixində unudulmaz rolu haqqında danışmışlar.

 

 AzərTAc

Azərbaycan.-2011.-13 dekabr.-S.5.