Toşiyuki Fucivara: Azərbaycanın
bugünkü sürətli
inkişafının təməlində
məhz Heydər Əliyevin müəyyən
etdiyi strategiya dayanır
Ömrünün 40 ilini Yaponiya Xarici İşlər Nazirliyi sistemində çalışmış, 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş, hazırda Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun baş direktoru işləyən Toşiyuki Fucivara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini AzərTAc-ın xüsusi müxbiri ilə bölüşmüşdür.
T.Fucivara bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun yaddaşında unudulmaz xatirələrlə qalmışdır. Keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin siyasi fəaliyyəti hələ tələbə vaxtlarından onun diqqətini cəlb etmişdi. Heydər Əliyev beynəlxalq səviyyəli siyasi xadim, yalnız yaxın dövrü deyil, uzağı görən, çox dərindən düşünən dövlət adamı kimi onun yaddaşında özünə yer tutmuşdur. Həmin vaxt yalnız slavyanlardan ibarət olan Siyasi Büroda azərbaycanlı Heydər Əliyevin güclü mövqe qazanması mənim bu barədə fikrimi birbaşa təsdiq edir.
Xarici İşlər Nazirliyində çalışdığı son illərin məhz Azərbaycan ilə bağlı olduğunu qeyd edən T.Fucivara bildirmişdir ki, diplomatik fəaliyyəti ilə əlaqədar yaddaşında qalan ən xoş xatirələr bu ölkə ilə, onun rəhbəri Heydər Əliyevlə bağlıdır. 1998-ci ilin fevralında Heydər Əliyevin Yaponiyaya dövlət səfərini xatırladan keçmiş diplomat qeyd etmişdir ki, həmin vaxt o Xarici İşlər Nazirliyində müstəqilliyini yenidən bərpa etmiş ölkələrlə iş üzrə şöbəyə rəhbərlik edirdi. O zaman Yaponiyanın dövlət qonağı kimi ilk olaraq hansı respublikanın dövlət başçısını dəvət etmək məsələsi ortaya çıxanda T.Fucivara məhz Azərbaycan Prezidenti Heydər Əliyevin bu dəvət üçün ən yaxşı namizəd olduğunu bildirmişdir. Lakin bu dəvətin Heydər Əliyev tərəfindən qəbul edilib-edilməyəcəyi onu bərk həyəcanlandırmış, Azərbaycan rəhbərinin çox qısa zamanda, 1-2 gün sonra dəvətə müsbət cavab verməsi isə həddindən artıq sevindirmişdi. Söz yox ki, bu dəvət hazırlanarkən müstəqilliyini yeni bərpa etmiş respublikalar arasında hansının Yaponiya üçün daha əhəmiyyətli olması nəzərə alınmışdı. Heydər Əliyev də Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyinə görə, qısa zamanda bizim dəvətimizə müsbət cavab vermişdi.
Onun yaddaşında 1999-cu ildə Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri kimi etimadnaməsini Prezident Heydər Əliyevə təqdim etdiyi anın da dərin iz buraxdığını vurğulayan T.Fucivara bildirmişdir ki, bu, diplomatik fəaliyyətinin ən gözəl xatirələrindən biri kimi onun qəlbində qalmışdır. Azərbaycanda çalışdığı dövrdə iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qalxdığını, qarşılıqlı etimadın möhkəmləndiyini qeyd edən keçmiş səfir bildirmişdir ki, bütün bu uğurlar məhz Heydər Əliyevin köməyi ilə əldə edilmişdi.
Keçmiş diplomat Heydər Əliyevlə bağlı yaddaşında qalan məqamlar arasında növbəti anın nə qədər kədərli olsa da onun xatirəsində dərin iz buraxdığını bildirmişdir. 2003-cü ilin aprelində Respublika Sarayında növbəti çıxışı zamanı Heydər Əliyevin ürəyinin qəflətən tutmasını, ətrafındakıların bütün cidd-cəhdinə baxmayaraq, yenidən səhnəyə qayıdaraq nitqini davam etdirməsinin onun yaddaşına həkk olunduğunu qeyd edən T.Fucivara bildirmişdir ki, həmin an, bu böyük dövlət adamının rəhbər kimi, Prezident kimi üzərinə düşən vəzifələri, məsuliyyəti necə dərindən dərk etməsinin əsl nümayişi idi. Bu hadisə Heydər Əliyevin böyük dövlət adamı, böyük siyasət adamı olduğunu bir daha təsdiq etdi.
Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayan baş direktor qeyd etmişdir ki, Azərbaycanın bugünkü sürətli inkişafının təməlində məhz onun müəyyən etdiyi strategiya dayanır. Heydər Əliyev nəinki ölkə daxilində ictimai-siyasi sabitliyi bərpa edərək vətəndaş həmrəyliyinə nail olmuşdu, eyni zamanda, beynəlxalq aləmdə baş verən prosesləri dərindən təhlil edərək digər dövlətlərlə əlaqələri qarşılıqlı maraqlar əsasında qurmağı bacarmışdı. Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını da hazırlamış, beynəlxalq şirkətlərin iştirakı ilə "Əsrin müqaviləsi"ni imzalayaraq ölkəsinin gələcək tərəqqisinin əsasını yaratmışdır. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına şaxələndirilmiş xətlərlə çıxarılmasının əsasını qoymuş Heydər Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti yalnız öz xalqı üçün deyil, eyni zamanda, beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xarici dövlətlər üçün də çox faydalı olmuşdur. Bu baxımdan Azərbaycan-Yaponiya münasibətlərinin formalaşmasında və inkişafında bu görkəmli dövlət xadiminin əvəzsiz rolu mütləq qeyd edilməlidir. Mən deyərdim ki, həmin münasibətlərin uğurlu inkişafı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf etdiyinə görə arzu olunan nəticələri vermişdi. Məhz Heydər Əliyevin həmin vaxt yaratdığı baza üzərində qurulmuş siyasət bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin davam etməsini şərtləndirir. Hazırda Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan ilə Yaponiyanın münasibətləri çox yüksək səviyyədədir və bu əlaqələr durmadan irəliləyir. Bu, Yaponiyanın Azərbaycanda çalışmış səfiri kimi məni çox sevindirir.
Vüqar Ağayev,
AzərTAc-ın xüsusi müxbiri
Tokio
Azərbaycan.-2011.-13
dekabr.-S.5.