Milli Təhlükəsizlik Nazirliyində ümummilli

 liderin vəfatının 8-ci ildönümü anılmışdır

 

 

Ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində anma mərasimi keçirilmişdir.

Əvvəlcə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti general-leytenant Eldar Mahmudov başda olmaqla Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, Milli Təhlükəsizlik Nazirliyinin xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Anma mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etmişdir.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə mərasimi açdıqdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Akademiyanın rəisi Ziya Yusifzadə "XX əsrin ictimai-siyasi fenomeni" adlı məruzəsində bildirmişdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu, təkcə ölkəmizin deyil, bütün türk dünyasının ən görkəmli simalarından olan ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə Vətənimizin hər bir guşəsində qeyd edilir. Ulu öndəri bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini daha dərindən dərk edirik. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Təsadüfi deyil ki, 1969-cu il iyulun 14-ü müasir Azərbaycan tarixinə Heydər Əliyevin adı ilə bağlı böyük və zəngin bir mərhələnin başlanğıcı kimi daxil olmuş, ölkə gələcək müstəqilliyimizin qarantı olacaq sosial-iqtisadi tərəqqi dövrünə qədəm qoymuşdur. Bu illərdə həyatın bütün sahələrini əhatə edən inkişaf proqramlarının reallaşdırılması ilə paralel, milli mənəviyyatın qorunub-saxlanılması, azərbaycançılıq dünyagörüşünün bərqərar olması Heydər Əliyevin siyasi fəaliyyətinin ana xəttini təşkil edirdi.

Ulu öndər Heydər Əliyev Moskvada Sovetlər İttifaqının rəhbərlərindən biri olduğu illərdə də Azərbaycanı daim diqqət mərkəzində saxlayır, qayğısını əsirgəmirdi. Onun qüdrətindən çəkinən erməni millətçiləri bir dəfə də olsun Dağlıq Qarabağla bağlı ərazi iddialarını açıq şəkildə səsləndirməyə cürət etmədilər. Təsadüfi deyil ki, məlum hadisələr məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra başladı. Həmin dövrdə ölkəmiz, sözün əsl mənasında, milli münaqişələrin qızışdığı, hakimiyyət uğrunda mübarizələrin vüsət aldığı bir poliqona çevrildi və nəticədə 20 Yanvar, Xocalı kimi dəhşətli faciələr törədildi.

Xalqın təkidli tələbi ilə Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı zamanı ölkədə ictimai-siyasi və sosial-iqtisadi durum son dərəcə ağır idi, onun qarşısında olduqca mürəkkəb və taleyüklü vəzifələr dururdu. Ümummilli lider hakimiyyətə qayıtdığı ilk günlərdən respublikada sabitliyin təmin edilməsi istiqamətində tədbirlər görməyə başladı. Sosial-iqtisadi tənəzzülün qarşısı alındı, ölkə inkişaf və beynəlxalq aləmə inteqrasiya yoluna qədəm qoydu. Sonralar Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji neft və qaz ixrac kəmərləri kimi möhtəşəm layihələr məhz Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi.

Bu gün Azərbaycan müstəqillik yolunda inamla addımlayır. Ulu öndərin layiqli siyasi varisi İlham Əliyevin praqmatik daxili və xarici siyasəti nəticəsində ölkəmiz ötən səkkiz ildə inanılmaz dərəcədə dəyişərək bir neçə onilliklərə bərabər yol keçmişdir. Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş və elmi əsaslara söykənən sosial-iqtisadi strategiyanın həyata keçirilməsi bütün sahələrdə davamlı inkişafı təmin etmiş, ölkənin iqtisadi və sosial həyatında böyük nailiyyətlər əldə olunmuşdur. Bu siyasət hər bir Azərbaycan vətəndaşının, ölkəmizdə yaşayan bütün insanların maddi və sosial rifahının yüksəlməsinə xidmət edir.

Dövlətimizin başçısı İlham Əliyevin son illərdə həyata keçirdiyi çoxsahəli dövlətçilik və diplomatik fəaliyyətin məntiqi nəticəsidir ki, 20 yaşlı müstəqil Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Beynəlxalq aləmdə söz və nüfuz sahibinə, regionda qüdrətli dövlətə və sülhün qarantına çevrilmiş, dünya enerji sisteminə əhəmiyyətli təsirə malik olan, tolerant ölkə kimi nümunə sayılan, iqtisadi inkişaf səviyyəsinə görə dünyada ön sıralara çıxmış müstəqil dövlətimiz qlobal təhlükəsizlik sisteminin qorunması işinə, eyni zamanda, sivilizasiyaların dialoquna, mədəniyyətin inkişafına öz səmərəli töhfələrini verir.

Mərasimdə çıxış edən akademiyanın baş müəllimi, ehtiyatda olan polkovnik-leytenant Nazim Məmmədov, dinləyici baş leytenant Məhərrəm Quliyev, kursantlar İlkin Əzizli və Elçin Məmmədov ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan  danışmış, ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildirmişlər. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alanlara, milli təhlükəsizliyin keşikçilərinə bəslədiyi inam və etimadı qeyd edən natiqlər əminliklə bildirmişlər ki, Heydər Əliyev irsinə və amallarına həmişə sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini qoruyacaq, bütün Azərbaycan gəncləri kimi, onlar da Prezident İlham Əliyevin ətrafında daim sıx birləşəcək, dövlətimizin qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

 

 

AzərTAc

Azərbaycan.-2011.-13 dekabr.-S.4.