Sərdar Ünsal: «Heydər Əliyev türk dünyasının

 ən böyük liderlərindən biridir»

 

 Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı sürətli inkişaf yoluna çıxarmış, türk dünyası, o cümlədən Türkiyə ilə ən yüksək dostluq və qardaşlıq əlaqələrinin qurulmasına mühüm töhfə vermişdir.

AzərTAc xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dərnəyinin İğdır vilayəti üzrə təmsilçisi, iğdırlı jurnalist Sərdar Ünsal ulu öndər Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı fikirlərini bölüşərkən demişdir.

Dünya miqyaslı siyasətçi Heydər Əliyevin öz xalqına sürətlə inkişaf edən Azərbaycan dövlətini miras qoyduğunu diqqətə çatdıran S.Ünsal demişdir ki, onun "bir millət - iki dövlət" kəlamında bildirildiyi kimi, xalqlarımız hər zaman bir-birinin yanında olmuşlar.

Ümummilli lider Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan və digər mühüm əhəmiyyət daşıyan irimiqyaslı layihələrin memarı olduğunu vurğulayan S.Ünsal ulu öndərin əsasını qoyduğu uzaqgörən siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır: "Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünə layiqli yer tutmuşdur".

Torpaqlarımızın 20 faizinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdıran S.Ünsal bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa edilməlidir. Əks halda, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını hərbi yolla azad edəcəkdir. Bunun üçün Azərbaycanın kifayət qədər güclü ordusu vardır.

 

Azərbaycan.-2011.-13 dekabr.-S.4.