Heydər Əliyev və Azərbaycanın
milli inkişaf siyasəti:
xarakteristikası, əsas vəzifələri
və tələbləri
Hər bir dövlətin daxili və
xarici vəziyyətini, milli maraq dairələrini və
onların təminatını, beynəlxalq aləm və
region ölkələri ilə münasibətlərinin taktikasını,
vəzifələrini,
yollarını, vasitələrini və
ehtiyatlarını, onu əhatə edən geosiyasi subyektlərin hərəkətlərini və
buna müvafiq olaraq geosiyasi davranışını müəyyən edən Milli İnkişaf Strategiyası olur. Bu strategiya
ölkənin həyata keçirdiyi praktiki daxili və xarici
siyasətin, ölkədaxili ictimai-siyasi, milli-etnik, sosial-dini
sabitliyin, yaxın və uzaq ölkələrlə geosiyasi
münasibətlərin davamlı, təhlükəsiz
inkişafını təmin edən əsas vasitədir.
Milli İnkişaf Strategiyası bir-biri ilə eyni statusda və dəyərdə olan milli inkişaf və milli təhlükəsizliyin (daxili və xarici) əsas ölçüləri və tələblərini əks etdirir, hər iki sahə üzrə ayrıca konsepsiyanın yaradılması və həyata keçirilməsini bir vəzifə kimi qarşıya qoyur.
Milli
İnkişaf Strategiyası ölkənin xarici
aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji
vəziyyətini, daxili iqtisadi, ictimai-siyasi və mənəvi
inkişafını, spesifik xüsusiyyətlərini və s.
məsələləri nəzərə almaqla, ümumən:milli inkişafın və
digər strateji vəzifələrin hərtərəfli elmi tədqiqini,
əsaslandırılmasını,
onların təmin olunması yollarının, vasitə
və ehtiyatlarının tapılmasını;ölkənin
milli inkişaf və təhlükəsizlik
konsepsiyasının hazırlanması və bu əsasda
praktiki siyasətinin formalaşdırılmasını, onun əsas
vəzifə və tələblərinin müəyyən edilməsini;ölkənin
milli inkişafı və təhlükəsizlik mühitinin -
müstəqillik, ərazi bütövlüyü, suveren idarəçilik,
hərbi-strateji və sərhəd təhlükəsizliyinin,
iqtisadi, siyasi, sosial-mədəni, informasiya, ekoloji
inkişafın vacib tələblərinin öyrənilməsi
və təmin edilməsi taktikasının
hazırlanmasını;daxili və xarici siyasətin əsas tələblərinin,
daxili miqrasiya, təbii ehtiyat, əmək insan və s. resurslarının səmərəli
istifadəsi, qorunması, tənzimlənməsi və idarə
edilməsi kimi vacib geosiyasi vəzifələrin əsaslandırılması
və təminatı yollarının təklif edilməsini;ölkənin
milli inkişafının və milli təhlükəsizlik
mühitinin davamlı sabitliyinin, bu sahədə
yürüdülən dövlət siyasətinin səmərəliliyinin,
dayanıqlığının və müvəffəqiyyətinin
təmin edilməsini;dövlətin və ictimai həyatın
milli, hərbi, sərhəd, iqtisadi, sosial, informasiya, ekoloji, ərzaq, enerji, nəqliyyat-kommunikasiya
kimi həyati əhəmiyyət kəsb edən strateji sahələrində praqmatik milli
inkişaf və təhlükəsizlik maraqlarının əsaslandırılması
və təmin edilməsini; hərbi və sərhəd təhlükəsizliyi
Doktrinasının hazırlanmasını; milli maraq
ölçülərinin, milli təhlükəsizlik siyasətinin,
onun əsas vəzifələrinin müəyyən
olunması və mexanizmlərinin
yaradılmasını; iqtisadi, enerji, resurs, ərzaq, nəqliyyat,
infrastruktur, ekologiya, informasiya kimi sahələrin milli
strategiyasının, təhlükəsizlik
konsepsiyasının hazırlanması və həyata
keçirilməsini; ölkənin geosiyasi kodunun, beynəlxalq
və regional təhlükəsizlik sahəsində
müvafiq xarici siyasət
konsepsiyasının yaradılmasını və s. ehtiva edir.
Azərbaycan xalqının müstəqillik
yolu, milli inkişafı və dövlət quruculuğu prosesi
bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir.
Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni-intellektual
potensialından və SSRİ-nin dağılması ilə əlaqədar
yaranan əlverişli tarixi şəraitdən istifadə edərək
1991-ci ildə öz milli iradəsini ortaya qoydu, yenidən
istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa
etdi və BMT üzvü olan müstəqil dövlətlər
sırasına qoşuldu. Bu hadisə Azərbaycan
xalqının indiyə qədər malik olduğu ən
böyük tarixi nailiyyət hesab olunur. Müasir dünyada
5000-dən artıq xalq və millət mövcud olsa da, BMT iqamətgahında
bayrağı dalğalanan müstəqil dövlətlərin
sayı 200 dən çox deyil.
Müstəqillik tarixinin araşdırılması ümummilli lider Heydər Əliyevin belə bir əsaslı fikrini təsdiq edir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması, yaşadılması, daimi və əbədi edilməsi bundan da çətindir. O, 1993-cü ildəki müraciətlərindən birində qeyd edirdi ki, "Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı, həsrətini çəkdiyi günlər gəlib çatmışdır. Müstəqilliyi qazanmaq, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq, möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq, vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat şəraiti təmin etmək daha çətindir". (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat, httr://heydaraliyev.rreslib.az).
Dünya təcrübəsi və Azərbaycanın dövlətçilik tarixinin qısa təhlili göstərir ki, müstəqilliyə qovuşmaq, milli dövlət yaratmaq və onu yaşatmaq üçün üç əsas şərtin olması vacibdir. Bunlar:
- müstəqillik üçün mövcud daxili və xarici şəraitin yetişməsi;
- müstəqillik qazanmaq, onu qorumaq və yaşatmaq üçün xalqın milli iradəsinin ortaya qoyulması və vahid milli məqsəd ətrafında birləşməsi;
- həmin dövr üçün millətin vahid milli ideyasının və iradəsinin daşıyıcısı rolunu oynayan, insanları səfərbər edərək öz arxasınca aparmaq gücünə və qabiliyyətinə malik, cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi milli liderin olmasından ibarətdir.
Bəşər tarixində bu və ya digər xalqın və ölkənin müstəqilliyi üçün lazımi tarixi şəraitin yetişməsi ayrı-ayrı dövrlərdə müxtəlif forma və məzmunda özünü büruzə vermiş və bəhs olunan mövcud zaman və məkanın spesifik ölçüləri, əlverişli daxili və xarici amilləri və s. ilə ölçülmüşdür.
Milli iradə ortaya qoymaq və milli məqsəd uğrunda birləşmək bütün zaman və məkanlarda, bir qayda olaraq, ölkə əhalisinin tam əksəriyyətinin "birlik, vahidlik və qətiyyətlilik" əmsalı hesab olunmuşdur.
O ki qaldı tarixdə, millətlərin və dövlətlərin həyatında vahid, birləşdirici liderin, şəxsiyyətin oynadığı rola, bununla bağlı dünya siyasətşünaslığında fərqli yanaşmalar mövcuddur. Bu məsələdə ən inandırıcı siyasi yanaşma metodunu geosiyasi ədəbiyyatda "Biheviorist metod" tərəfdarları irəli sürür və əsaslandırırlar. Bu metoddan geosiyasətdə ilk dəfə ABŞ siyasətçisi, sonralar isə prezident seçilmiş Vudro Vilson 1880-ci ildə istifadə etmişdir. Həmin geosiyasi metoda görə, bu və ya digər hadisəni qiymətləndirərkən "tam aydın, dəqiq və birmənalı bilik və təcrübəyə əsaslanaraq qərar vermək lazımdır". V.Vilson hesab edirdi ki, həm daxili siyasətdə, həm də geosiyasətdə bütün hadisələrin əsasında lider (şəxsiyyət) dayanır və əsas rolu da məhz o oynayır. V.Vilson konkret zaman və məkan çərçivəsində xalqların, millətlərin və digər insan birliklərinin əsas maraq və mənafe dairəsinin, fəaliyyət və istəklərinin ifadə və təmin olunması yolları və vasitələrinin tapılmasını da məhz onların "liderlərinin dünyagörüşü və qabiliyyəti" ilə əlaqələndirirdi.
Şiyasətşünaslar şəxsiyyətin (liderin) xalqların və toplumların milli "özünü müəyyənetməsi" və ya milli kimliyi, milli dövlət quruculuğu və milli inkişafındakı tarixi rolunun ölçü meyarlarını onun mövcud zaman və məkan çərçivəsindəki milli ideya və milli iradə daşıyıcısı kimi çıxış etməsi, bu missiyanı icra etmək gücünə və keyfiyyətinə, geniş və hərtərəfli qlobal dünyagörüşə malik olması, yerli, regional və beynəlxalq geosiyasi mühitdən yetərincə baş çıxarması və nəhayət, cəmiyyətin ictimai dəstəyini qazanması ilə müəyyənləşdirirlər.
Müstəqilliyə qovuşması ilə Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasəti birdən-birə yaranmamış və bir neçə mərhələdən keçərək tədricən formalaşmışdır. Siyasi ədəbiyyatda bəzi xarakterik xüsusiyyətlərinə görə Azərbaycanın müstəqil dövlət quruculuğu və milli inkişafını bir neçə mərhələyə bölürlər.
Birinci mərhələyə Azərbaycanın müstəqillik haqqında Konstitusiya Aktını qəbul etməsindən 1993-cü ilə - Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər dövrü aid edirlər.
1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində SSRİ-nin süqutunun qarşısıalınmaz prosesə çevrilməsi, beynəlxalq aləmdə yaranan əlverişli tarixi şərait, bölgədə cərəyan edən mərkəzdənqaçma meyillərinin vüsət alması, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həllində o zamankı sovet rəhbərliyinin ermənipərəst mövqeyi, ermənilərin yaranmış boşluqdan bəhrələnərək Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal etməsi və s. hadisələr Azərbaycanda əvvəlcə kortəbii xalq hərəkatına, 1990-cı ildən sonra isə artıq məqsədləri aydın olan milli-azadlıq hərəkatına rəvac verdi. Həmin vaxt ölkənin müstəqilliyinin elan olunması və müstəqil dövlət qurulması üçün tələb olunan ilk iki şərt tam yetişmişdi.
Bəhs olunan dövrdə SSRİ-nin ali siyasi rəhbərliyində yaranan böhranlı vəziyyət və Moskvada yaşanan siyasi qarşıdurmadan istifadə edən bir çox keçmiş müttəfiq respublikalar, o cümlədən Azərbaycan öz müstəqilliyini elan etdi. 1991-ci il oktyabrın 18-də respublikanın Ali Sovetində müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin həmin dövrdə həm ölkəni, həm də xalq hərəkatını idarə edənlərin, dövlət qurumlarının aydın milli inkişaf konsepsiyasının olmaması, respublikaya rəhbərlik edən şəxslərin müstəqillik və milli dövlət iradəsinin zəifliyi, qeyri-prinsipial və səriştəsiz iqtisadi, ictimai-siyasi və mənəvi siyasət yürütməsi, ölkədə sabitliyi və qanunçuluğu bərpa edə bilməməsi, siyasi mübarizənin milli-vətəndaş qarşıdurması müstəvisinə keçməsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi və yerli əhalinin qaçqın-köçkünə çevrilməsi, iqtisadi, siyasi, sosial-mənəvi böhranın getdikcə dərinləşməsi və s. Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoydu, əhalinin gələcəyə, müstəqil dövlətçiliyə inamını sarsıtdı.
Bu dövrdə Azərbaycanın milli azadlıq hərəkatı və müstəqil dövlət quruculuğu prosesinə rəhbərlik etmək iradəsinə, gücünə və qabiliyyətinə malik, əhalinin əksəriyyəti tərəfindən qəbul edilən və dəstəklənən milli liderə olan ehtiyac açıq-aşkar özünü göstərməyə başlayır. Belə lider 1990-cı ildən Naxçıvan əhalisinin iradəsi ilə Azərbaycan Ali Sovetinə deputat və 1991-ci ildən muxtar respublikanın Ali Məclisinə sədr seçilən, faktiki olaraq Naxçıvan əhalisinin xilaskarına çevrilən Heydər Əliyev oldu. 1993-cü ildə xalqın tələbi ilə, o, hakimiyyət dairələri tərəfindən Bakıya dəvət olundu. İyunun 15-də Ali Sovetin sədri, oktyabrın 3-də isə ölkə Prezidenti seçilərək, yenidən Azərbaycanın siyasi sükanı arxasına keçən Heydər Əliyev ölkənin milli inkişafının üçüncü əsas şərtini - vahid lider tələbini təmin etdi.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkənin milli inkişafının yeni - ikinci mərhələsi başlandı. Tədqiqatçıların fikrinə görə, bu mərhələdə Azərbaycanın milli inkişaf siyasətinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsası qoyuldu, daxili və xarici siyasətinin məqsəd və vəzifələri, prinsip və xüsusiyyətləri, əsas istiqamətləri və prioritetləri müəyyən edildi.
Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdəki inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi fikirlər, təklif və mülahizələr müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi (Ramiz Mehdiyev. Yeni siyasət: İnkişafa doğru. l kitab, Bakı, 2008. s.28-29).
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli inkişafı ilə bağlı praktiki addımları - ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafının məqsəd və vəzifələrinin müəyyən edilməsi, ölkə həyatının bütün sahələrində keçmiş sosialist normalarından imtina edilməsi və yeni prinsiplərə söykənən dövlət quruculuğu proseslərini həyata keçirməsi, milli dövlətin əsas atributlarının yaradılması və s. də SSRİ-nin dağılmasından bir qədər əvvəl, 1991-ci ilin sentyabr ayında Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi ilə başlamış və 1993-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti kimi davam etdirilmişdir.
Müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçəndən sonra Heydər Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam qüvvələri öz ətrafına toplayaraq dövlətin gələcək iqtisadi, ictimai-siyasi və sosial-mənəvi inkişafının prinsiplərini, məqsəd və vəzifələrini müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasi və iqtisadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar iqtisadiyyatı və çoxmülkiyyətli iqtisadiyyata, demokratik normalara və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti modelinə keçidinin konseptual əsaslarını yaratdı və 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi.
Heydər Əliyevin milli inkişaf siyasətində bütün milli resursların, maddi və mənəvi sərvətlərin səfərbər edilməsi və ölkənin iqtisadi inkişafına yönəldilməsi taktikası mühüm yer tuturdu. Bu məqsədlə, o, 1994-cü ildə dünyanın aparıcı ölkələrini təmsil edən transmilli neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz resurslarının birgə işlənməsi və sərbəst yollarla dünya bazarlarına ixrac edilməsini hədəfləyən "Əsrin müqaviləsi"ni imzalamağa nail oldu. Bu müqavilə Azərbaycanın yeni neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin milli inkişafı üçün lazımi maddi resursların əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun beynəlxalq aləm üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artıraraq, dünyaya inteqrasiyasını şərtləndirdi. "Əsrin müqaviləsi"ndən başlayaraq, Azərbaycan transmilli dünyanın və qlobal dünya iqtisadiyyatının bir hissəsinə çevrildi, ölkənin inkişaf etdirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırılması, sahibkarlığın və özəl sektorun yaranması, fəal sosial siyasətin yürüdülməsi üçün həm daxildə, həm də xaricdə əlverişli şərait yarandı. Azərbaycan dövləti və vətəndaşları, ictimai-siyasi və iqtisadi institutlar dünya ölkələrinin iqtisadi, maliyyə və texnoloji imkanlarından istifadə etmək imkanı qazandılar.
Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar - milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət strukturlarının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlamentin yaradılması, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sürətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş əməkdaşlığa ruhlandırdı. Bir neçə il ərzində hüquqi dövlət quruculuğu istiqamətində reallaşdırılan məqsədyönlü siyasət ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradılması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası və s. ilə nəticələndi.
Heydər Əliyevin milli inkişaf siyasətində ədalətli cəmiyyət və sosialyönümlü dövlət, ölkə vətəndaşlarının sosial-iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində insan potensialının inkişafına yönəldilməsi vəzifəsi mühüm yer tuturdu. Sosialyönümlülük, ümumiyyətlə, onun həyatı boyu yürütdüyü siyasətdə daim prioritet vəzifə sayılmış, rəhbərlik etdiyi dövlətin imkanları əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir. Bununla bağlı, Heydər Əliyev daim vurğulayırdı ki, "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat http://heydaraliyev.preslib.az). Məhz Heydər Əliyevin təməlini qoyduğu fəal sosial siyasətin nəticəsidir ki, 20 ildə ölkədə yoxsulluğun səviyyəsi dəfələrlə aşağı salınmış, əhalinin pul gəlirləri və həyat səviyyəsi dayanmadan yüksəlmiş, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır.
Heydər Əliyevin milli inkişaf siyasəti Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı regional və beynəlxalq addımlarını, mövqelərini, onun dünya birliyinə inteqrasiyasının prinsipial xəttini, əsas məqamlarını dəqiq müəyyən etmişdir. Onun beynəlxalq və regional xarici siyasət kursu Azərbaycanın geosiyasi maraqlarına müvafiq olaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə münasibətlərin praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azərbaycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanlarının və digər geosiyasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya dövlətləri içərisində Azərbaycanın güclü milli və regional faktora çevrilməsini, beynəlxalq aləmlə uğurlu inteqrasiyasını və əksər geosiyasi aktorlarla qarşılıqlı faydalı əməkdaşlığını şərtləndirmişdir. Heydər Əliyev tərəfindən düzgün təməli qoyulmuş xarici siyasət kursu 2011-ci il oktyabrın 24-də Azərbaycana dünyanın 150-dən çox ölkəsinin dəstəyini qazandırmış və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə şərait yaratmışdır. Bu addım, həm də keçən müddətdə Heydər Əliyevin uzaqgörən siyasətinin ağıllı, səriştəli və dönmədən həyata keçirilməsinin nəticəsi idi.
Göründüyü kimi, Azərbaycan Prezidenti kimi Heydər Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və praktiki tədbirlər milli inkişaf siyasətinin formalaşması və həyata keçirilməsinin ikinci mərhələsində ölkədə bir ictimai-siyasi sistemdən digərinə keçidin, yeni demokratik cəmiyyətin və ictimai həyat normalarının əsaslarını yaratmışdır. Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir.
Heydər Əliyevin milli inkişaf siyasəti həm də uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində mühüm, səfərbəredici funksiya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki fəaliyyətinin, həyata keçirilən iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında dayanmışdır. Çünki Azərbaycana rəhbərlik etdiyi dövrdə, o, təkcə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, onun müstəqilliyinin dönməzliyinin təmin olunması və dövlətçilik atributlarının formalaşdırılması ilə deyil, mütəxəssislərin fikrinə görə, həm də Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tarixi dəyərlərlə birləşdirilərək milli şüurun bərpa olunması sahəsində əvəzsiz rol oynamışdır (Səlahəddin Xəlilov. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi Heydər Əliyev və Azərbaycan. Bakı, 2008.s.571).
Heydər
Əliyev yeni şəraitdə birləşdirici azərbaycançılıq
ideyasının - etnik mənsubiyyəti xüsusi qabartmadan Azərbaycana
mənsubluq, Vətənə bağlılıq, ümumvətəndaşlıq,
Azərbaycan dilinə və mədəniyyətinə sevgi,
dövlətin sevinci və kədəri, dəyərləri və
problemləri qarşısında ümumi və bərabər
məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın
- Azərbaycanın müstəqil
dövlətçiliyi üzərində qurulmuş milli inkişaf siyasətinin ideoloji əsaslarını
ortaya qoydu. Həm də xüsusi qeyd olunmalıdır ki, Heydər
Əliyev daxili siyasətində vətəndaşların
vahid amal və məqsəd ətrafında birləşdirilməsi
istiqamətində addımlarını etnik-milli müstəvidən
dövlətçilik və vətənpərvərlik
müstəvisinə ustalıqla və mükəmməl formada keçirərək,
respublikanın əsas vətəndaşları olan türk
kökənli çoxluqla digər milli azlıqların, etnik
qrupların birliyinə nail ola bilmişdir. Bu baxımdan, tədqiqatçı
alim Səlahəddin Xəlilovun fikri ilə razılaşmamaq
mümkün deyil ki, Heydər Əliyev milli ideologiyamızın
əsasını müəyyənləşdirməklə bərabər,
bilavasitə onun həyata keçirilməsini də təmin
edirdi ki, bu da onun dövlət başçısı
olmasından əlavə, həm də milli lider kimi üzərinə
götürdüyü missiyaya necə böyük məsuliyyətlə
yanaşmasına dəlalət edir
(Səlahəddin Xəlilov. Lider. Dövlət. Cəmiyyət. Bakı, 2001, s. 87).
Müstəqil
Azərbaycan dövlətinin qurucusu kimi, Heydər Əliyevin
indiyə qədər toplanmış nəzəri-siyasi irsi
müstəqil Azərbaycan dövlətinin əsasları və
milli inkişafı haqqında zəngin mənbəşünaslıq
bazası, bitkin bir təlim hesab olunur. Bu təlimin bir çox
tezisləri 1992-ci ildə Yeni Azərbaycan Partiyasının
yaradılması ilə bağlı onun ölkə
ziyalılarına ünvanlanmış müraciətində,
həmin partiyanın yeni qəbul edilmiş məramnaməsində,
digər hissəsi isə 1993-2003-cü illərdə onun
prezidentlik fəaliyyəti
dövründə qəbul edilmiş ayrı-ayrı dövlət
proqramlarında, səsləndirdiyi
fikir və mülahizələrdə,
çıxışlarında, ortaya qoyduğu nəzəri-siyasi ideyalarda öz əksini
tapmışdır. Mütəxəssislərin fikrinə
görə, Heydər Əliyevin dövlət həyatının
müxtəlif sahələri və yürüdülən
siyasətin ayrı-ayrı məqamları ilə bağlı
söylədiyi fikirlər, səsləndirdiyi tezislər, əslində,
Azərbaycanın vahid milli inkişaf konsepsiyası, milli
ideologiyası, müasir Azərbaycanın sosial idealı,
milli-fəlsəfi dünyagörüşüdür, ölkənin
real gerçəkliyinin, ictimai-siyasi və mədəni-mənəvi
həyatının bütün sahələrini əks etdirən
mükəmməl elmi-nəzəri sistem və dövlət
quruculuğu təlimidir (Səlahəddin Xəlilov. Heydər Əliyevin
dövlət quruculuğu fəlsəfəsi...). Heydər Əliyevin
ayrı-ayrı çıxışlarında dövrün
ictimai-siyasi xarakteristikası, Azərbaycanda həyata
keçirilən müstəqil dövlət quruculuğunun tələbləri,
şərtləri və yolları,
regionumuzda və beynəlxalq aləmdə baş verən
hadisələr və geosiyasi proseslərin xüsusiyyətləri
və onların Azərbaycanın daxili, regional və beynəlxalq
vəziyyətinə təsiri, 1990-cı ilin əvvəllərində ölkənin düçar
olduğu iqtisadi-siyasi böhranın təhlili, mövcud vəziyyətdən
çıxış yolları və s. kimi taleyüklü
strateji məsələlər özünün həqiqi
cavabını tapmışdır.
Heydər
Əliyevin milli inkişaf siyasətinin əsas xarakterik
xüsusiyyətlərindən biri
Azərbaycanda daxili inkişafın təkamül yolunun
seçilməsi, bütün sahələrdə - hüquqi
dövlət quruculuğu, bazar iqtisadiyyatına,
çoxmülkiyyətçiliyə və azad rəqabətə
keçid, demokratiya və siyasi plüralizmin
yaradılmasında inqilabi yanaşmadan qaçması və təkamül
prinsipini tətbiq etməsi idi.
O, öz çıxışlarında daim
vurğulayırdı ki, dövlət həyatında heç
nəyə birdən-birə nail olmaq mümkün deyil. Nə
iqtisadi, siyasi, sosial-mədəni inkişafa, nə də ki,
demokratiya, vətəndaş cəmiyyəti və siyasi
plüralizmə bir-iki gündə çatmaq olmaz. Bunun
üçün uzunmüddətli ciddi təşkilati işlər
görülməlidir, milli inkişaf resursları səfərbər
edilməlidir, daxili idarəçilikdə, insanların
şüurunda dəyişiklik edilməlidir. Bütün
bunları heç bir inqilabla etmək mümkün deyil, bunu
yalnız təkamül yolu ilə, tədricən həyata
keçirmək olar (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir.
Elektron külliyyat, http: heydaraliyev.preslib.az).
Göründüyü
kimi, Heydər Əliyevə görə milli inkişafa təkamül
yolu ilə, ciddi və uzunmüddətli praktiki işlərlə
yanaşı, həm də milli şüurun
formalaşması yolu ilə nail olmaq mümkündür. Heydər
Əliyev qeyd edirdi ki, bir ölkədə hətta inqilabi dəyişikliklər
belə köhnə sistemi dərhal dəyişdirmir, onu yeni
bir sistemlə əvəz etmir, inqilab köhnəni vurub
dağıdır, ancaq ondan fərqli sistem yaratmaq
üçün müəyyən vaxt və illər
lazımdır (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir.
Elektron külliyyat,
httr://heydaraliyev.rreslib.az).
Heydər
Əliyevin milli inkişaf sahəsində atdığı
addımların, həyata keçirdiyi tədbirlərin əvvəlcədən
elmi-siyasi təhlili, onun müsbət və mənfi tərəflərinin
ölçülüb-biçilməsi, nəticələrinin
proqnozlaşdırılması, ardıcıl və məqsədyönlü
olması da siyasətşünasların diqqətini cəlb
etmişdir. Bu xüsusiyyət özünü, xüsusən,
Azərbaycanın daxili və xarici siyasətinin, milli təhlükəsizliyinin,
hərbi quruculuğunun proqramlaşdırılması və
yerinə yetirilməsində, iqtisadi-siyasi və sosial
proqramların qəbulunda
göstərmişdir.
Mütəxəssislər
Heydər Əliyevin dövlətçilik və milli
inkişaf nəzəriyyəsinin ən böyük yeniliklərdən
biri kimi, onun sosial sistemləri dağıdıb yenidən vaxt
və qüvvə sərf etmədən, öz daxili enerjisi
hesabına dəyişdirərək, proseslərin təbii
gedişini istiqamətləndirmək taktikasını xüsusi
qeyd edirlər. Bu taktikanı reallaşdırarkən əsas məsələ
mürəkkəb proseslərə müxtəlif rakurslardan
yanaşmaq qabiliyyəti idi. Heydər Əliyevin milli
inkişaf siyasətində
ictimai davranış və əxlaq normaları cəmiyyət
üçün kənar təsirlər vasitəsilə deyil,
məhz daxildən - ictimai şüurun həmahəng formada
yetişməsi yolu ilə tətbiq olunurdu (Səlahəddin Xəlilov.
Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi...).
Heydər
Əliyev müstəqillik dövrünün 1993-2003-cü illəri
əhatə edən keçid mərhələsində Azərbaycanın
milli inkişaf siyasətinin həm nəzəri əsasını
qoydu, həm də onu praktiki şəkildə
reallaşdıraraq dövlət müstəqilliyinin dönməzliyini
təmin etdi.
Heydər
Əliyevin milli inkişaf təlimi Azərbaycandakı
bütün sonrakı proseslərin
təməlində dayanır və bundan sonra da dayanacaqdır.
Onun Azərbaycan xalqının dövlətçilik ənənələrinə
söykənərək 1993-cü ildə müəyyənləşdirdiyi
siyasi kurs, əsasını qoyduğu demokratik və hüquqi dövlət
idarəçiliyi forması 1995-ci ildə qəbul olunmuş
yeni Konstitusiyaya daxil edilmiş və 2003-cü ilə qədər
ulu öndərin özü tərəfindən
həyata keçirilmişdir. Təsadüfi deyil ki,
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti
seçilən İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi
və 1993-2003-cü illərdə həyata keçirdiyi milli
inkişaf siyasətinin heç bir alternativi
olmadığını, bu strateji inkişaf kursunun bundan sonra
da dönmədən davam etdiriləcəyini birmənalı
şəkildə bəyan etmişdir (Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin nitqləri,
çıxışları, müsahibələri və bəyanatları
http://files.preslib.az/site/ialiyev/2003).
Göründüyü
kimi, Heydər Əliyevin dövlətçilik kursu və
milli inkişaf siyasəti, xüsusən onun təməl
prinsipləri, nəzəri-siyasi məsələləri
bütün keçid dövrü üçün Azərbaycanın
əsas inkişaf strategiyası olmuş, 2003-2011-ci illərdə
dövrün, zamanın və respublikanın müasir
inkişafının yeni tələbləri də əlavə
olunaraq, Prezident İlham Əliyev tərəfindən dönmədən
həyata keçirilmişdir.
Hazırda
Azərbaycan Respublikası bir çox sahələrdə,
xüsusən iqtisadi sferada
keçid dövrünü başa vurmuşdur. Respublikanın
sonrakı onilliyini hədəfə alan yeni inkişaf
konsepsiyasının yaradılmasına ciddi ehtiyac
yaranmışdır. Heç kimdə şübhə yoxdur
ki, yeni inkişaf konsepsiyası da Azərbaycanın milli
inkişafının Heydər Əliyev tərəfindən
müəyyən olunmuş əsas təməl prinsiplərini
mütləq şəkildə nəzərə alacaq və
davam etdirəcəkdir.
Mütəxəssislər
hesab edir ki, Heydər Əliyev
dühasının fövqəladəliyi həm də onda idi
ki, o, təkcə öz dövrünün nəbzini tutmaqla məhdudlaşmadı,
ölkəni ictimai-siyasi, sosial-iqtisadi inkişafının
birinci fazasından uğurla çıxarmaq missiyasını
başa vurdu və bununla kifayətlənməyərək,
vaxtında ikinci fazanın təməl daşını qoydu,
bu mərhələdə ölkəyə rəhbərlik edə
biləcək yeni siyasi güc mərkəzini yaratdı... Bəzi
qonşu ölkələrdən fərqli olaraq Azərbaycan
yeni iqtisadi sistemin üstqurumu kimi ortaya çıxan siyasi
dünyagörüşü və yeni siyasi lideri müxalifətdə
deyil, iqtidar partiyasının içərisində
yetişdirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev
Heydər Əliyevin siyasi kursunu davam etdirməklə
yanaşı, həm də onu yeni şəraitin tələblərinə
uyğun surətdə, yaradıcılıqla inkişaf
etdirir.
Hazırda
respublika öz inkişafının keçid
dövrünü başa vuraraq, sosial-iqtisadi, mənəvi və s. sahədə
yeni mərhələyə qədəm qoymaqdadır. Keçən
illərdə Azərbaycan bütün sahələr üzrə Heydər Əliyevin milli inkişaf
siyasətini uğurla həyata keçirərək, nəzərəçarpacaq
nailiyyətlər qazanmışdır. İctimai-siyasi həyatın
demokratikləşməsi, vətəndaş cəmiyyəti
quruculuğunun, siyasi plüralizmin getdikcə dərinləşməsi,
iqtisadi həyatın liberallaşması, sahibkarlıq
institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına
söykənən iqtisadiyyat modelinin bərqərar olması,
iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi
və s. göstəricilər Azərbaycanın gələcək
inkişafı üçün geniş imkanlar
açmışdır. Müşahidə olunan
dayanıqlı inkişaf həm də hakimiyyət
qarşısında yeni, uzunmüddətli Milli İnkişaf
Konsepsiyasının yaradılması və həyata
keçirilməsi vəzifəsini
irəli sürmüşdür.
Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində əldə etdiyi uğurlar Prezident İlham Əliyevə qarşıdakı dövrdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini qoymaq və milli inkişafın növbəti on ilinin vəzifələrini müəyyənləşdirmək imkanı yaratmışdır. Azərbaycan dövləti bütün sahələrdə nail olunan müvəffəqiyyətlərlə kifayətlənməyərək, Qərbin inkişaf etmiş ölkələrinin standartları səviyyəsinə yüksəlməyi və müasir bir ölkəyə çevrilməyi hədəfə almışdır.
Yeni mərhələnin əsas hədəfi, bir tərəfdən əldə olunmuş iqtisadi, siyasi, sosial və mədəni nailiyyətləri möhkəmləndirmək, ölkəni müasir tələblər səviyyəsinə qaldırmaq, digər tərəfdən isə gələcək liberal, çoxşaxəli, rəqabətədavamlı, dinamik və innovasiya yönümlü milli iqtisadiyyatın formalaşdırılması, iqtisadi və insan resurslarının düzgün istifadə edilməsi, ictimai və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, sosial sahədə optimal, səmərəli və ədalətli inkişaf modelinin yaradılması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında tətbiqi istiqamətlərin inkişaf etdirilməsi, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunması və s. ibarət olmalıdır.
Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivləri ilə bağlı vahid konsepsiyanın hazırlanması, strateji inkişafın gələcək istiqamətlərinin, prinsip və vəzifələrinin müəyyənləşdirilməsi müasir Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri hesab olunur. 29 noyabr 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı məhz bu məsələni qarşıya vəzifə kimi qoyur. Sərəncamda qeyd olunur ki, son dövrdə Azərbaycan Respublikasında milli dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılan çoxsaylı xüsusi dövlət proqramları və s. ölkə həyatının bütün sahələrində müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır.
Ölkə Prezidenti bu sərəncamda Azərbaycanın perspektiv inkişafının əsas hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasını Administrasiyası qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.
Sərəncamda
həmçinin yeni İnkişaf Konsepsiyasının
yaradılması sahəsində qabaqcıl dünya təcrübəsindən
yararlanmaq, Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlıq etmək kimi
tapşırıqlar verilmiş, bu işdə vətəndaş
cəmiyyəti təsisatlarının iştirakının,
habelə layihənin açıq müzakirəyə
çıxarılması üçün müvafiq tədbirlərin
görülməsinin vacibliyi qeyd edilmişdir ("Azərbaycan"
qəzeti, 30 noyabr, 2011. N 264, s. 1).
Beləliklə,
bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin
irsi, müəyyən etdiyi milli inkişaf siyasəti
yaşayır və ardıcıl olaraq, yaradıcı surətdə,
müasir dövrün tələbləri, reallıqları nəzərə
alınmaqla uğurla davam etdirilir.
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyası
İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Azərbaycan.-2011.-13 dekabr.-S.2-3.