Meksika Dağlıq Qarabağ münaqişəsinin həllində

 Azərbaycanın ədalətli mövqeyini bundan

 sonra da dəstəkləyəcəkdir

 

 

Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti dekabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Milli Məclisin Sədri demişdir ki, Azərbaycan Meksika Birləşmiş Ştatları ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. Bu baxımdan dövlətlərimiz arasında siyasi dialoqun davam etdirilməsi zəruridir. İnanırıq ki, Meksika Senatı nümayəndə heyətinin ölkəmizə bu səfəri parlamentlərarası münasibətlərin inkişafına təkan verməklə yanaşı, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəkdir.

O.Əsədov ölkələrimiz arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, oxşar cəhətlərimizin çox olduğunu diqqətə çatdırmış və bildirmişdir ki, Meksika Latın Amerikası ölkələri arasında özünəməxsus yer tutur, zəngin karbohidrogen ehtiyatlarına malikdir. Azərbaycan nisbətən gənc demokratik ölkə olsa da, yerləşdiyi regionda öz liderliyini təmin edə bilmişdir. Bu gün müstəqil Azərbaycan Avropanın enerji təhlükəsizliyi sisteminə mühüm töhfə verir. Biz Meksikanın ölkəmizlə münasibətləri dərinləşdirmək istəyini yüksək dəyərləndiririk.

Meksika Senatında Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında müzakirələrin keçirilməsi və müvafiq sənədin qəbulu bizim üçün çox önəmlidir. Ölkənin Deputatlar Palatasında da bu istiqamətdə işin aparılması təqdirəlayiqdir. Meksikada Azərbaycan Dostluq Parkının salınması da xoş niyyətdən xəbər verir.

Biz parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsini də günün tələbi hesab edirik. Bu baxımdan qanunverici orqanlarındakı dostluq qrupları mühüm rol oynaya bilərlər.

Sədr vurğulamışdır ki, Azərbaycan ilə Meksika arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı xalqlarımızın mənafeyinə uyğundur. Hər iki ölkənin adamlarının qarşılıqlı səfərləri, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi müsbət nəticələr verə bilər.

Bu gün Azərbaycan bölgədə dinamik inkişaf edən, demokratik dəyərlərdən bəhrələnən bir ölkədir. Ancaq Dağlıq Qarabağ münaqişəsi nəinki ölkənin, o cümlədən bütöv bir regionun tərəqqisinə əngəl törədir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu məsələdə Meksikanın bundan sonra da haqq və ədalətin tərəfində olacağına ümid edirik.

Senator Karlos Ximenes Masias ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldıqlarını bildirmişdir. O demişdir ki, Meksika sürətlə inkişaf edən gənc, demokratik Azərbaycan ilə  münasibətlərin daha da dərinləşməsinə böyük maraq göstərir. Azərbaycanın 20 illik müstəqillik dövrü ərzində əldə etdiyi nailiyyətlər Meksika ictimaiyyətinin diqqətini cəlb etmişdir. Meksika parlamenti Milli Məclislə münasibətlərin dərinləşməsini önəmli hesab edirdüşünürük ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensivləşməlidir.

Söhbətdə qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini xüsusi vurğulamışdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.                         

 

 

 

AzərTAc

Azərbaycan.-2011.-13 dekabr.-S.2.