Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi

 qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır

 

 Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderHeydər

 Əliyevin məzarını ziyarət etmişdir

 

 Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından səkkiz il keçir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.

Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratikhüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasiiqtisadi müstəqilliyə nail olmuşdur.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının səkkizinci ildönümü günü - dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirdilər.

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdi.

Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoydu.

Ulu öndərin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

AzərTAc

Azərbaycan.-2011.-13 dekabr.-S.1.