Bakıda biznes inkubatorların fəaliyyəti və gənclərin

 mobil sahibkarlığına dəstək mövzusunda beynəlxalq

 konfrans işə başlamışdır

 

 

Dekabrın 13-də  "Hilton" hotelində "Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyi, Xəzər İnvestisiya Mərkəzi və ECAbit beynəlxalq şəbəkənin təşkilatçılığı, Dünya Bankının "İnfoDev" proqramının, "Bakcell" və "Alcatel-Lucent" şirkətlərinin dəstəyi ilə təşkil olunmuşdur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev konfransın "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq keçirildiyini və əsas məqsədin biznes inkubatorların fəaliyyəti sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi perspektivlərini müzakirə etmək, o cümlədən bu prosesə gəncləri cəlb etmək olduğunu diqqətə çatdırmışdır. Konfrans çərçivəsində digər ölkələrdə uğurla həyata keçirilmiş layihələrin təqdimatı da olacaqdır. Əminəm ki, konfransın nəticəsi olaraq ilkin biznes inkubatorların yaradılmasına nail ola biləcəyik.

Dünyada maliyyə böhranı baş verdiyi bir zamanda ölkəmizin uğurla inkişaf etdiyini vurğulayan Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev demişdir ki, Azərbaycanda biznes inkubatorların yaradılması iqtisadiyyatın inkişafının bir istiqaməti kimi prioritet mövzulardandır. Gənclər üçün biznes inkubatorlar yeni texnologiyalar tətbiq edilməklə yaradılacaqdır. Hazırda dünyada mobil texnologiyalardan istifadə etməklə yeni bizneslərin qurulması üstünlük təşkil edirbiz bunun ölkəmizdə tətbiqinin tərəfdarıyıq.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə informasiya texnologiyaları sahəsinin ölkəmizdə prioritet olduğunu bildirmiş və gənclərin bu sahə ilə maraqlanmasını yüksək qiymətləndirmişdir. Son illərin statistikası tələbə qəbulunda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə sənəd verənlərin sayının artdığını göstərir. Bir müddət əvvəl Bakıda  "BakuTel-2011" 17-ci Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi keçirilmişdir. Sərgidə 30-a yaxın ölkədən 250-dən çox şirkət iştirak etmiş və 18 ölkənin milli pavilyonu təşkil olunmuşdu. "Smart Zona" seksiyası sərgi iştirakçılarının marağına səbəb olmuşdu. Bu seksiyada Azərbaycan gəncləri müasir mobil texnologiyalardan istifadə edərək ziyarətçilərə yeni sistemlər nümayiş etdirmişlər.

Azərbaycana növbəti dəfə səfər etdiyini söyləyən "ECAbit" beynəlxalq şəbəkənin əlaqələndiricisi Todor Yalamov Bakının daim inkişafda olduğunu və keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirmişdir. T.Yalamov təmsil etdiyi təşkilatın Azərbaycanda yaradılacaq biznes inkubatorlarına yardımçı olacağını diqqətə çatdırmış, "ECAbit"in fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer və "Alcatel-Lucent" şirkətinin meneceri Levent Özbilgin müasir mobil texnologiyaları haqqında məlumat vermiş, onların Azərbaycanda tətbiqi istiqamətində fikir mübadiləsi aparmışlar.

İki gün davam edəcək konfransda Almaniya, Polşa, Rumıniya, Bolqarıstan, Monteneqro, UkraynaBelarus təcrübəsi təqdim olunacaq, Dünya Bankının "İnfoDev" proqramının və "Mobile Monday" şəbəkəsi layihələrinin Azərbaycanda tətbiqi perspektivləri müzakirə olunacaqdır.

 

Konfrans çərçivəsində "Mobile Monday" şəbəkəsi tərəfindən xüsusi görüş keçiriləcək və burada mobil rabitə texnologiyalarından istifadə əsasında davamlı biznesin qurulması məsələləri müzakirə olunacaqdır.

 

Azərbaycan.-2011.-14 dekabr.-S.8.