İkinci Qəbələ Beynəlxalq incəsənət-rəsm sərgisində

 16 ölkədən 100-dən çox rəssam iştirak edəcəkdir

 

 Azərbaycan Mədəniyyət Fondu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası növbəti birgə layihələrinin hazırlıq işlərini tamamlamaq üzrədir. AzərTAc xəbər verir ki, artıq ənənəyə çevrilmiş İkinci Qəbələ Beynəlxalq incəsənət-rəsm sərgisi dekabrın 17-18-də "Qafqaz Resort" otelində keçiriləcəkdir. Sərgi "Sənət! Həyat! Torpaq!" mövzusunu əhatə edir.

Dünyanın 16 ölkəsindən 100-dən çox rəssam bu sərgidə iştirak edəcəyini təsdiqləmişdir. Onlar ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edirlər.

Birinci Qəbələ Beynəlxalq incəsənət-rəsm sərgisində dünyanın 14 ölkəsindən 81 rəssam iştirak etmişdir.

Sərgidə iştirak etmək istəyən rəssamların və ölkələrin sayını nəzərə alsaq, bu layihənin ideyasına olan marağın artması haqqında əminliklə danışmaq olar. Bu da öz növbəsində ölkəmizə və Azərbaycan incəsənətinə olan diqqətin daha bir göstəricisidir. Təşkilatçılar ümid edir ki, bu tədbir Azərbaycan ilə müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq, Qəbələnin gözəlliyi isə rəssamların ilham mənbəyinə çevriləcəkdir.

Ötən il olduğu kimi, bu il də təqdim edilən əsərlərin çoxunun satışı nəzərdə tutulmuşdur.

 

Azərbaycan.-2011.-14 dekabr.-S.8.