Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə
həyata keçirdiyi əməliyyat
tədbirləri nəticəsində
narkotiklərin qaçaqmalçılığında və
qanunsuz dövriyyəsində təqsirli bilinən şəxslər
ifşa olunmuşdur
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən bu günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığında və qanunsuz dövriyyəsində, həmçinin insanların sağlamlığının qorunması işini tənzimləyən qaydaların kobud surətdə pozulmasında təqsirli bilinən şəxslər ifşa olunmuşlar.
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşları - Bağırov Ramiz Qəzənfər oğlu, Quliyev İmran Ələkbər oğlu, İran İslam Respublikasının vətəndaşı Nasirzade Noşahr Oruc Mohammadalı oğlu və digərləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirmişlər.
Müəyyən edilmişdir ki, Ramiz Bağırov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşına külli miqdarda narkotik vasitə sifariş vermiş və həmin narkotikin qaçaq yolla ölkəmizə gətirilməsini qrupun digər üzvü İmran Quliyevə tapşırmışdır. Bu məqsədlə qrupun üzvləri arasında külli miqdarda narkotik vasitənin sərnişin avtobusunun sürücüsü İran İslam Respublikasının vətəndaşı Noşahr Nasirzade ilə Azərbaycana göndərilməsi barədə razılıq əldə olunmuşdur. Bundan sonra, Noşahr Nasirzade idarə etdiyi "SKANİA" markalı avtobusda içərisində 500 qramdan artıq heroinin gizlədildiyi xüsusi hazırlanmış dörd ədəd laminat taxta hissələrini Azərbaycan Respublikasına gətirib Lənkəran şəhəri yaxınlığında İmran Quliyevə təhvil vermiş, həmin heroindən 27,7 qramını isə özündə saxlamışdır. İmran Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanmış, baxış zamanı qeyd olunan dörd ədəd laminat taxta hissələrinin içərisində gizlədilmiş 500 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür. Noşahr Nasirzade də saxlanılmış və üzərindən 27,7 qram heroin aşkarlanmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşları - Səmədzadə Ənvər Ramiz oğlu, İlyazov Seymur Bariz oğlu, Kalayev Ramin İbrahim oğlu, Şərifov Mikayıl Hidayət oğlu, Kərimov Sair Rafael oğlu, İran İslam Respublikasının vətəndaşı Mostafaei Mohammad Tagı Hossein oğlu, Azərbaycan Respublikasının vətəndaşları - Abbasov Arif Salman oğlu və Abbasov Məmməd Salman oğlu saxlanılmışlar. Müəyyən edilmişdir ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirmişlər.
Məlum olmuşdur ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Mohammed Mostafaei külli miqdarda, yəni, təxminən 500 qram heroinə görə ödənməli olan 4 min ABŞ dollarından 2 min 800 dolları aldıqdan sonra əldə etdiyi həmin narkotiki "Pejo" markalı avtomobilində gizlədərək qaçaq yolla İrandan Azərbaycana keçirmiş və Bakı şəhərinə gətirmişdir.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin dərman vasitələrinin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Səlimov Fariz Ramiz oğlu, Kiçibəyov Faiq Qələbəy oğlu və Nəbiyev Emin Akif oğlu saxlanılmışlar.
Müəyyən edilmişdir ki, Fariz Səlimov, Faiq Kiçibəyov, Emin Nəbiyev və qeyriləri qabaqcadan əlbir olaraq Türkiyə Respublikasından əldə etdikləri, qanunçuluğun tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarını "İstanbul-Bakı" marşrutu üzrə işləyən müxtəlif sərnişin avtobuslarında gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı əczaxanalar vasitəsilə pərakəndə və topdansatışını təşkil etmişlər. Qrupun üzvlərinə məxsus ofisə, mənzilə və avtomaşına keçirilmiş baxışlar zamanı külli miqdarda, ümumi dəyəri təxminən 12 min 600 manat olan qanunla dövlət qeydiyyatından keçməyən dərman preparatları aşkar edilərək götürülmüşdür.
Faktla
bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq
Baş İdarəsi tərəfindən Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci və
206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
təkrar qaçaqmalçılıq), 200-1.2.1, 200-1.2.2 və
200-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi)
maddələri ilə cinayət işi
başlanılmışdır. Fariz
Səlimov, Faiq Kiçibəyov və Emin Nəbiyev təqsirləndirilən şəxs
qismində cəlb olunaraq barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Azərbaycan.-2011.-14 dekabr.-S.7.