Korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir

 

 Prokurorluq orqanları tərəfindən korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son günlər bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində bir sıra istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

Belə ki, Masallı rayon sakini Alışov Rasim Mirzağa oğlunun müraciəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində işləyən Sadıqzadə Laçın Cəfər oğlu özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq məhkəmə qərarı və ya buna əsas verən sair rəsmi sənəd olmadan 2011-ci ilin iyun ayında rayon sakini, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan R.Alışovun əsaslı etirazlarına baxmayaraq sonuncuya məxsus Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazanın sökülməsinə qanunsuz göstəriş vermişdir. Bundan sonra L.Sadıqzadə mağazanın öz hesabına yenidən tikintisinə icazə verilməsi üçün Rayon İcra Hakimiyyətindən sərəncam alınması müqabilində R.Alışovdan 5 min manat rüşvət istəmişdir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində 2011-ci il  dekabrın 9-da L.Sadıqzadə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında R.Alışovdan həmin məbləğin 2 min manatını rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, Laçın Sadıqzadəyə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, Bakı şəhər sakini Azərbaycan Respublikası Prokurorluğuna müraciət edərək Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun həmin universitetin nəqliyyat fakültəsinin dördüncü kursuna qəbul etdirmək üçün ondan 15 min manat pulu rüşvət olaraq istəməsini göstərmişdir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində R.Rüstəmov 2011-ci il dekabrın 9-da universitetin Bakı şəhəri, Təbriz küçəsi 19 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında həmin pul vəsaitini rüşvət alarkən cinayət başında yaxalanmışdır.

 Faktla bağlı başlanmış cinayət işi üzrə R.Rüstəmov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda həmin iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla "Təfəkkür" Universitetinə qanunsuz tələbə köçürmələri ilə əlaqədar Təhsil Nazirliyindən cəlb edilmiş mütəxəssislərlə birgə müvafiq araşdırmalar davam etdirilir.

 

Azərbaycan.-2011.-14 dekabr.-S.7.