Vladimir Doroxin:
Rusiya-Azərbaycan münasibətlərinin əsas
xüsusiyyəti ondan ibarətdir ki,
bu münasibətlər təbii xarakter daşıyır
Adətən, ilin sonunda görülmüş işlərə yekun vurulur, perspektivlər müəyyən edilir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin AzərTAc-a eksklüziv müsahibəsində başa çatmaqda olan ilin Azərbaycan-Rusiya münasibətləri üçün necə keçməsi, iki ölkənin qarşılıqlı əlaqələrinin ən mühüm istiqamətləri və qarşıdakı dövr üçün planlar barədə danışmışdır.
- Cənab səfir, Rusiya Dövlət Dumasına son seçkilərdən nə gözləyir?
- Bütün Rusiyanın adından danışmaq çətindir. Yaxşısı budur, özüm haqqında deyim.
Mən Rusiya Federasiyasının vətəndaşı kimi gözləyirdim ki, bu seçkilər son illərdə ölkədə həyata keçirilən və mənim fikrimcə, siyasət və iqtisadiyyat sahəsində nəzərəçarpacaq nəticələr vermiş fəaliyyət xəttinin davam etdirilməsi üçün şərait yaradacaqdır.
Bir səfir kimi, mən Rusiyanın xarici siyasət xəttinin, - o cümlədən Azərbaycana münasibətdə, - varisliyini təmin etməyə imkan verəcək nəticələr gözləyirdim.
Fikrimcə, ümidlərim doğrulur. Seçkilər ölkəni idarə edən partiyanın parlamentdə yerlərin çoxunu qazandığını təsdiqlədi və özünü doğrultmuş fəaliyyət xətti davam etdiriləcəkdir. Mənim üçün əsas məsələ budur.
- Siz başa çatmaqda olan ili Rusiya ilə Azərbaycan arasında münasibətlərin bütün spektri baxımından necə qiymətləndirirsiniz?
- Biz ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq adlandırırıq. Bu, bir qədər quru səslənir və ola bilsin ki, sıravi oxucu üçün o qədər də aydın deyildir. Lakin başlıca məqamı fərqləndirsək, bu münasibətlərin əsasını qarşılıqlı etimad, hörmət və hər birimizin işlərinin yaxşı getməsində maraq təşkil edir.
Başa çatmaqda olan il haqqında bu nöqteyi-nəzərdən danışsaq, deməliyəm ki, biz Azərbaycan ilə dostluq, bir-birimizə tam etimad şəraitində yaşamışıq. Moskvada Azərbaycan deyəndə, elə tərəfdaş nəzərdə tutulur ki, ondan heç bir xoşagəlməz hərəkət gözlənilmir. Mənim fikrimcə, burada Rusiya haqqında danışanda da Azərbaycana yalnız yaxşılıq istəyən ölkə nəzərdə tutulur.
Rusiya-Azərbaycan münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər təbii xarakter daşıyır. İmzalanan sənədlər kağız üzərində qalmır, səfərlər rəsmiyyət xatirinə təşkil edilmir. Milyonlarla insanın taleyi bizim münasibətlərimizdən asılıdır. Zənnimcə, keçən il bu insanlar həmin münasibətlərin onların həyatına xoş təsirini hiss edə bilmişlər.
- Rusiya ATƏT-in Minsk qrupunun
həmsədridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələsində Rusiya
mövcud imkanların
hamısından istifadə
edirmi?
- Biz səmimi deyə bilərik ki, Rusiya bir vasitəçi
olmaqla, bu münaqişənin ədalətli
həllinə kömək
etmək üçün
ondan asılı olan hər şeyi
edir. Vasitəçilərin təkliflərində çox məqamlar vardır ki, onların barəsində hələ düşünmək
və danışmaq olar. Bunu Rusiyanın xarici işlər naziri də yaxın günlərdə keçirilmiş
ATƏT-in nazirlər müşavirəsində
söyləmişdir. Digər tərəfdən, əlbəttə,
həyat bir yerdə dayanmır və əlbəttə, demək olmaz ki, daha heç
nə etmək mümkün deyil. Bəzən
ATƏT-in Minsk qrupunun fəaliyyətindən
narazılıq bildirilməsi
bizim Dağlıq Qarabağ münaqişəsinin
həllinə dair səylərimizi davam etdirmək və fəallaşdırmaq üçün
stimuldur.
- Siz Rusiya-Azərbaycan
ticari-iqtisadi münasibətlərinin
indiki səviyyəsini
necə qiymətləndirirsiniz?
- Rusiya Azərbaycan
üçün qeyri-neft
sektorunda bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan özünün
qeyri-neft məhsullarını
ən çox Rusiyada satır və əksinə, Azərbaycana idxal edilən malların əksəriyyəti - avtomobillər,
ərzaq, maşınqayırma
məhsulları Rusiyadan
gətirilir. Bu il əmtəə dövriyyəsinin artım
sürəti yaxşıdır.
2008-ci il bu baxımdan rekord ili olmuşdur, o vaxt əmtəə dövriyyəsinin həcmi
2,4 milyard dollar təşkil etmişdir. Cari ildə biz bu rəqəmi artıraraq 2,7-2,8 milyard dollara çatdıra bilərik.
Bu, adi statistik göstərici deyil, bu, yeni iş
yerləri, dövlət
büdcəsinə ayırmaların
artması deməkdir.
- Azərbaycan investisiyalar üçün açıq
ölkədir. Rusiyalı sahibkarlar
bu sahədə yaranan imkanlardan tam həcmdə istifadə edirlərmi? Onlar hansı
sahələri özləri
üçün daha cəlbedici hesab edirlər?
- Rusiyanın Azərbaycanda
əsaslı vəsait
qoyuluşları çox
deyildir. Burada Rusiyanın iki
bankı işləyir
- "Nikoyl" və
VTB. Keçən il "Aqrobank"ın
nümayəndəliyi açılmışdır.
Pivə istehsalı üzrə
"Baltika" müəssisəsi
də pis işləmir. Kənd təsərrüfatı,
konsaltinq, incinirinq, sığorta sahələrində
kiçik müəssisələr
vardır.
Azərbaycanın xarici sərmayədarları
olan ölkələrin
siyahısında Rusiya
sonuncu yerdədir. Bunun müxtəlif
obyektiv və subyektiv səbəbləri
var. Rusiya kapitalının
Azərbaycanda daha fəal iştirakının
təmin edilməsi bu istiqamətdə işləyən bütün
strukturların, o cümlədən
bir səfir kimi mənim də əsas vəzifələrimdən biridir.
Rusiya bazarında
Azərbaycan investisiyalarının
yaranması müsbət
məqamdır. Azərbaycan Beynəlxalq Bankı
əla işləyir.
Stavropol və Krasnodar diyarlarında çayçəkici
fabriklər tikilmişdir,
konserv zavodu inşa edilir. Azərbaycanın iqtisadi inkişaf naziri Ş.Mustafayev bu yaxınlarda iş adamlarının böyük
bir qrupu ilə Şimali Qafqaz respublikalarında səfərdə olmuşdur.
Orada da çox işlər
görülməsi nəzərdə
tutulur.
Hazırda Rusiya və Azərbaycan investisiyaların
qarşılıqlı müdafiəsi
və təşviqi haqqında saziş üzərində işləyirlər. Ümid edirik
ki, bu sənədin
tezliklə imzalanması
qarşılıqlı sərmayə
qoyuluşlarının fəallaşmasına
kömək edəcəkdir.
- Energetika sahəsində Rusiya-Azərbaycan dialoqu barədə nə deyərdiniz?
- Rusiya Azərbaycana
enerji bazarında suveren oyunçu kimi münasibət bəsləyir. Azərbaycan öz enerji
ehtiyatlarının sahibidir
və öz neftini, qazını kimə, necə və harada satmaq məsələsini özü həll edir.
Bu il Azərbaycan
Ukraynaya və Belarusa neft nəql
etməyə başlamışdır.
Azərbaycan nefti müəyyən
dərəcədə Rusiya
nefti üçün
rəqibə çevrilmişdir.
Lakin biz buna sakit münasibət
bəsləyirik, çünki
rəqabət dünyasında
yaşayırıq. Azərbaycan da
enerji bazarında Rusiyanın suveren siyasətinə müsbət
yanaşır.
Enerji məsələləri
üzrə Rusiya-Azərbaycan
dialoqu iki istiqamətdə gedir. Birinci istiqamət
təsərrüfat subyektlərinin
- Rusiyanın "Qazprom"
şirkətinin və
Azərbaycan Dövlət
Neft Şirkətinin qarşılıqlı əlaqələridir.
Onların arasında bağlanmış
müqaviləyə uyğun
olaraq hazırda
ARDNŞ Rusiyaya qaz nəql edir. Bu il həmin
qazın həcmi 2 milyard kubmetr olacaqdır. Şirkətlər başqa layihələri
də müzakirə edirlər.
Dövlət xətti ilə biz, ilk növbədə, Rusiya və Azərbaycan enerji sistemlərinin fəaliyyətini razılaşdırmaq
istəyirik ki, lazımi məqamlarda elektrik enerjisinin mübadiləsi təmin edilsin. Bu sahədə saziş imzalanmaq ərəfəsindədir. İkinci istiqamət - Bakı-Novorossiysk
neft kəmərinin imkanlarından tam istifadə
etmək üçün
bu kəmər haqqında müqavilənin
təkmilləşdirilməsidir.
- Sizin fikrinizcə, hazırda ölkələrimiz
arasında humanitar əməkdaşlıq hansı
səviyyədədir?
- Bu əməkdaşlıq haqqında
yalnız ən yüksək ifadələrlə
danışmaq olar. Burada heç nə uydurmaq lazım deyil. Tərkibində bizim birlikdə
yaşadığımız Sovet İttifaqı dağılmışdır. Rusiya və Azərbaycan bu prosesdən müxtəlif siyasi və iqtisadi maraqlarla çıxmışlar.
Lakin müştərək mədəni
irsə hörmət qorunub saxlanmışdır
və bu, çox dəyərlidir.
Rusiyadan Azərbaycana çoxlu ifaçılar, artistlər,
teatr, musiqi kollektivləri gəlir.
Özü də ona görə yox ki, bu səfərlər
hansısa planlarda nəzərdə tutulmuşdur,
ona görə ki, bu, yaradıcı
xadimlər və tamaşaçılar üçün
maraqlıdır.
Azərbaycanda rus dilinə münasibət əlverişli
şərait yaradır. Təhsil sahəsində
əlaqələrdə qarşılıqlı
maraq qorunub saxlanmışdır. Humanitar əməkdaşlığın
yaxşı bazası
vardır və gələcəyə nikbin
baxmaq olar.
- Cənab səfir, sizin fikrinizcə, perspektivdə Rusiya-Azərbaycan
münasibətlərinin prioritetləri
nədən ibarətdir?
- Azərbaycanın və Rusiyanın müstəqil
dövlətlər kimi
mövcud olduğu illər ərzində onlar hər iki ölkəni eyni dərəcədə
qane edən formul tapmışlar. Bu formulun əsasını
bir-birinin suverenliyinə,
müstəqil siyasət
yeritmək hüququna
qeyd-şərtsiz və
danışıqsız hörmət
təşkil edir.
Bu əsasda maraqların
üst-üstə düşdüyü
sahələrdə əməkdaşlıq
etmək olar. Maraqlar üst-üstə düşməyən
sahələrdə isə
təmkinlə, əsaslandırılmış
şəkildə dialoq
aparmaq olar. Bu bazaya əsaslanaraq
süni prioritetlər
və hansısa əlamətdar tarix və ya yüksək
səviyyəli səfər
ilə əlaqədar
məqsədlər seçmədən
irəli getmək olar.
Elə praktiki məsələlər var
ki, mən onlara prioritetlər və ya çağırışlar
deməzdim. Onlar Rusiya-Azərbaycan münasibətlərində toplanan
müsbət təcrübədən
qaynaqlanır. Məsələn, Rusiyanın regionları ilə Azərbaycanın əlaqələri sahəsində
çox böyük ehtiyatlar var və bu ehtiyatlardan
daha yaxşı istifadə etmək lazımdır. Gənclər arasında əlaqələr
də mühüm istiqamətdir. Bu əlaqələr Rusiya-Azərbaycan
münasibətlərinin müsbət
tarixi təcrübəsini
gənc nəslə vermək amilidir.
Bu məsələlər haqqında problemlər kimi deyil, müsbət
ruhda danışıram,
düşünürəm ki, bu iki
ölkə bir-biri üçün daha nələr edə bilər. Rusiya bunda maraqlıdır
ki, Azərbaycan sabit, müstəqil və güclü dövlət kimi inkişaf etsin. Bizim ən böyük marağımız ölkənin
cənub sərhədlərində
məhz belə bir tərəfdaşın
olmasıdır.
- Söhbət üçün
çox sağ
olun, cənab səfir.
Albina ATLIXANOVA,
AzərTAc-ın müxbiri
Azərbaycan.-2011.-14 dekabr.-S.7.