Nobel mükafatçısı Ada Yonafla AMEA-nın
Rəyasət
Heyətində görüş olmuşdur
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Rəyasət Heyətində Nobel mükafatçısı Ada Yonaf ilə görüş keçirilmişdir.
Akademiyadan bildirmişlər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri, fizika üzrə fəlsəfə doktoru İlqar Orucov, Dünya Gənclər Bankı Şəbəkəsinin MDB, İran və Türkiyə üzrə regional rəhbəri Vüsalə Hüseynli, "Sağlam inkişaf və maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov və Bakı Gənclər Klubunun sədri Azər Cavadov iştirak etmişlər.
Qeyd edək ki, 2009-cu ildə kimya üzrə Nobel mükafatına israilli Ada Yonaf, hindistanlı (əslən amerikalı) Venkatraman Ramakrishnan və amerikalı Tomas Steyts layiq görülmüşlər. Onlar mühüm ribosomların atom xəritəsini yaradıblar ki, bu da həyatları xilas edən antibiotiklərin istehsalını mümkün etmişdir. Canlı ribosomlar xaricində bakteriya sağ qala bilməz. Beləliklə, atom xəritəsi bakteriyalarda ribosomları təcrid etməklə xəstəliklərlə yeni nəsil müalicə metodlarının inkişafına zəmin yaradılmışdır.
Akademik M.Kərimov AMEA-nın yaranma tarixi, bu elm mərkəzində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və onların fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermişdir. O demişdir ki, bu ali qurumun əsas fəaliyyəti ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, onların intensiv həyata keçirilməsində dövlətə yardımçı olmaq, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq və inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq, respublikadakı nazirliklərin, elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və bir sıra elmi və elmi-təşkilati işləri həyata keçirməkdir.
M.Kərimov ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edildiyini, hazırda AMEA-da Milli Strategiyadan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində görülən işləri diqqətə çatdırmışdır.
AMEA-nın nəzdində kimya üzrə bir neçə institutun və təcrübə-sənaye zavodunun fəaliyyət göstərdiyini qeyd edən akademik Azərbaycanda neft-kimya sahəsində tanınmış alim Yusif Məmmədəliyevin apardığı tədqiqatlar və əldə etdiyi nailiyyətlər haqqında danışmışdır. O, ölkədə neft-kimya sahəsinin əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd etmiş, Azərbaycan Prezidentinin elmə göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2011.-14 dekabr.-S.6.