Küveytdə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmişdir

 

 Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi təşkil olunmuşdur. Səfirlikdən bildirmişlər ki, mərasimdə diplomatik nümayəndəliyimizin əməkdaşları, Küveyt şəhərində yaşayan həmvətənlərimiz, ictimai-siyasi xadimlər iştirak etmişlər.

Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin əldə olunması, qorunub saxlanılması və möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışmışdır.

Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxilixarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveyt ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsində ulu öndərin əvəzsiz xidmətlərini xüsusi vurğulayan diplomat, həmçinin Prezident İlham Əliyevin 2009-cu ilin fevralında Küveytə səfərinin əhəmiyyətini qeyd etmişdir.

Səfirliyin foyesindəki ümummilli liderin xatirəsinə həsr olunmuş stend iştirakçılarda böyük maraq doğurmuşdur.

Mərasimdə ulu öndərin zəngin həyat və fəaliyyəti barədə sənədli filmnümayiş etdirilmişdir.

Bundan əlavə, Küveytin geniş oxucu kütləsinə malik "əl-Vəsət" qəzetində səfir T.Rzayevin məqaləsi dərc olunmuşdur. Məqalədə ümummilli lider Heydər Əliyevin şanlı həyat yolu və fəaliyyəti haqqında geniş bəhs edilmiş, ölkəmizin sosial-iqtisadi inkişafında dahi şəxsiyyətin rolu xüsusi vurğulanmışdır.

Yazıda, həmçinin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi, Heydər Əliyevin ərəb dünyasının problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2011.-14 dekabr.-S.4.