Kiyevdə «Heydər Əliyev: Deyilən söz yadigardır»

kitabının təqdimatı olmuşdur

 

 Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) AzərTAc-a bildirmişlər ki, Kiyevdə UAGB-nin  təşəbbüsü ilə Regionlararası Heyətin İdarəolunması Akademiyasında "Heydər Əliyev: Deyilən söz yadigardır" aforizmlər kitabının təqdimat mərasimi keçirilmişdir.

Ukraynanın elm və təhsil  adamları, Azərbaycan səfirliyinin  əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri, Azərbaycan diasporunun  UAGB-nin  fəalları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərində adını daşıyan Sosial Elmlər İnstitutunun qarşısındakı büstünün önünə tər çiçəklər qoymuş, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər.

Sonra akademiyada ulu öndərin kəlamlarından bəhs edən "Heydər Əliyev: Deyilən söz yadigardır" kitabı Ukrayna elmi ictimaiyyətinə təqdim olunmuşdur.

Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, ulu öndərin müstəqil Azərbaycan dövlətinin  qurulmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışmış, ümummilli liderin müdrik kəlamlarından ibarət kitabın  Ukrayna və Azərbaycan dillərində nəşr olunmasını indiki və gələcək nəsillər üçün ən dəyərli töhfə kimi  qiymətləndirmişdir. 5 min nüsxə ilə çap olunmuş milli yaddaş kitabı UAGB-nin təşəbbüsü ilə dekabrın 12-də Ukraynanın bir sıra ali təhsil ocaqlarının tələbələrinə və milli kitabxanalarına paylanmışdır. Tədbirdə Regionlararası Heyətin İdarəolunması Akademiyasının prorektorları İqor PilyayevNikolay Qolovatıy çıxış edərək dünyanın siyasi arenasında bəşəri təfəkkür sahibi kimi tanınan dahi Heydər Əliyevin vaxtilə söylədiyi kəlamların  bu gün hər bir xalqın yaddaşına müdriklik təcəssümü kimi daxil olduğunu vurğulamışlar.

Mərasimdə Dünya Azərbaycanlıları Konqresi Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəsi Elçin Məmmədov, kitabın tərtibçisi Möhsüm Aslanov, Ukrayna Azərbaycanlıları Konqresi ali məclisinin sədri Akif Gülməmmədov, UAGB-nin sədri Anar Tahirov, "İşıq" müsəlman cəmiyyətinin sədri Əbülfəz Qasımov və digər soydaşlarımız çıxış edərək, dünya azərbaycanlılarının milli dövlətçilik ideologiyası ətrafında birləşməsində tarixi xidmətləri olan ümummilli liderin xatirəsinin heç zaman unudulmayacağını vurğulamışlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2011.-14 dekabr.-S.4.