Ümumxalq məhəbbəti
Dünya bir yandan boşalır, bir yandan dolur. Xalq üçün çalışanlar, onun maddi-mənəvi xəzinəsinə töhfə verən dövlət xadimləri, sənət adamları isə əbədiyaşarlıq qazanaraq heç vaxt unudulmurlar. Belə nadir şəxsiyyətlərdən biri ümummilli lider Heydər Əliyevdir. İndiki yaşlı, orta, gənc nəslin nümayəndələri haqlı olaraq fəxr edirlər ki, onunla eyni dövrdə yaşamışlar. Ümumxalq sevgisinin nəticəsidir ki, doğma Bakıda, ölkəmizin hər bir regionunda ulu öndərin abidəsi ucalır, adını daşıyan mərkəzlər, muzeylər fəaliyyət göstərir. Ölməz liderin təşəbbüsü ilə yaradılan strateji əhəmiyyətli obyektlərə, müəssisələrə, təhsil ocaqlarına unudulmaz insanın adı verilmişdir.
Onun diqqət və qayğısı ilə Şirvan (keçmiş Əli Bayramlı) şəhəri də keçən əsrin 70-ci illərindən başlayaraq sürətlə inkişaf etməyə başlamışdır. Energetiklər, neftçilər, gənclər şəhəri kimi şöhrət tapmış şəhərdə neçə-neçə sənaye müəssisəsi, çoxmərtəbəli yaşayış evləri, ictimai binalar və s. o dövrün yadigarlarıdır. Dahi rəhbərin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Şirvan indi sürətlə inkişaf edir, abad və gözəl olur. Şəhər boyu uzanıb gedən Heydər Əliyev prospekti göz oxşayır.
Şəhərin mərkəzindəki Heydər Əliyev meydanı sakinlərin ən çox sevdiyi yerlərdən biridir. Burada ulu öndərin önü gül-çiçəklə dolu olan tunc heykəli ucalır. Meydandakı fəvvarələr, gül-çiçək hər bir adamda xoş ovqat yaradır. Heydər Əliyev Mərkəzi də meydan ərazisindədir. Milli memarlıq üslubunda tikilmiş mərkəz nəfis şəkildə tərtib edilmiş, ən müasir texnologiyalarla təchiz olunmuşdur. Mərkəz ümummilli liderin, keçdiyi mənalı və şərəfli həyat yolunun gənc nəslə öyrədilməsi ilə məşğuldur. Binaya daxil olanlar öncə Heydər Əliyevin foyedə qoyulmuş büstünü ziyarət edirlər. Bina beşguşəli olduğundan hər guşədə bir bölüm yaradılmış və onlar bütövlükdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin ayrı-ayrı dövrünü əks etdirir. Böyük ömrün anlarını canlandıran fotoşəkillər, portretlər, rəsm əsərləri, monoqrafiyalar, xatirələr, qəzet materialları hər kəsdə böyük maraq oyadır.
Birinci guşədə Heydər Əliyevin həyatının ilk, habelə Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsinə qədər yüksəldiyi illərə aid fotoşəkillər nümayiş olunur.
İkinci guşə ümummilli liderin respublikamıza rəhbərliyinin birinci dövrünü, 1969-1982-ci illəri əhatə edən fotoşəkillər Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin nail olduğu uğurlardan xəbər verir.
Üçüncü bölüm ulu öndərin Moskva həyatına həsr olunub. Burada Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıdışına həsr olunmuş fotoşəkillər də var.
Dördüncü guşə müstəqil Azərbaycanın yeni dövründə ümummilli liderin neft sahəsində əldə etdiyi uğurlardan, qazanılmış nailiyyətlərdən bəhs edir və ulu öndərin çoxşaxəli fəaliyyətinin tam şəkildə əhatə olunmasına imkan yaradır.
Beşinci guşə isə "Heydər Əliyev və Şirvan" adlanır. Bu bölümdə nümayiş olunan fotoşəkillər ulu öndərin Şirvan şəhərinə səfərlərini (1970-ci-1979-cu-1998-ci illər) əhatə edir.
1998-ci ildə Şirvana səfərindən bəhs edən fotoşəkillər ulu öndərin şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşünü və yeni tikilmiş "Neftçi" İdman Sağlamlıq Mərkəzinin açılışını əks etdirir. Həmin görüşlər şirvanlıların xatirəsində silinməz izlər qoymuşdur.
Bundan başqa, mərkəzin nəzdində şəhər ziyalılarından ibarət daimi fəaliyyət göstərən tədqiqat qrupu yaradılmışdır. Qrup sakinlərin Heydər Əliyevlə bağlı xatirələrinin, buraya səfərləri ilə əlaqədar fotoşəkilləri toplamaqla məşğuldur. Həmçinin mərkəzdə müxtəlif dərnəklər, "Heydərsevərlər" klubu, "Heydər Əliyev məktəbi", "Gənc Heydərçilər" dərnəyi, "Toxuculuq" kursu, internet bölməsi, şahmat kursu fəaliyyət göstərir. Mərkəzin əməkdaşları Heydər Əliyev irsinin, ulu öndərin dövlətçilik fəlsəfəsinin elmi əsaslarla öyrənilməsi və təbliğ olunması üçün əllərindən gələni əsirgəmirlər.
Şirvanda ümummilli liderin adını daşıyan
park da var. Bütün
bunlar şirvanlıların
xalqımızın böyük
oğluna sonsuz hörmət və məhəbbətinin parlaq
ifadəsidir.
Seyran CAVADOV,
Azərbaycan.-2011.-14 dekabr.-S.4.