Ankarada ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılmışdır

 

 Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Türkiyədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ankaranın "Şeraton" hotelində keçirilən geniş mərasimdə anılmışdır.

Mərasimdən əvvəl Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, deputatlar, ictimaiyyətin nümayəndələri Türkiyə paytaxtındakı Heydər Əliyev parkına gəlmiş, ulu öndərin möhtəşəm abidəsinin önünə əklil qoymuşlar.

Ulu öndərin abidəsinin önündə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Heydər Əliyev şəxsiyyətinin ucalığı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs etmiş, xatirələrini bölüşmüşdür.

Mərasimdə ulu öndər Heydər Əliyevin Türkiyə ilə qardaşlıq münasibətlərin möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən "Türklüyün bayraqdarı" sənədli filmi nümayiş etdirilmişdir.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov mərasimi açaraq, təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əziz olan Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətindən bəhs etmişdir.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycanın dövlət bayrağının bütün dünyada dalğalanması, aparıcı ölkələr sırasında layiqli yerini tutması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, gərgin fəaliyyəti nəticəsində həyata keçmişdir. Bu gün Azərbaycanın bütün şəhər və kəndlərində olduğu kimi, qardaş Türkiyənin də şəhərlərində dahi şəxsiyyətin xatirəsi ehtiramla anılır. Bu, təsadüfi deyildir. Çünki ulu öndər qardaş Türkiyəni də Azərbaycan qədər sevirdi. Ankaradakı möhtəşəm abidə, İstanbulun Sarıyer rayonundakı heykəl Heydər Əliyevin xatirəsinə böyük ehtiramın təzahürüdür. Türk dünyası xalqlarının qəlbində, insanların ürəyində Heydər Əliyev sevgisi yaşayır. Azərbaycan-Türkiyə əlaqələrinin son yüzillik tarixi iki dahi şəxsiyyətin kəlamı ilə səciyyələnir. Bunlardan biri, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", digəri isə Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamlarıdır. İki öndərin müdrik kəlamlarını çiyinlərimizdə daşımaq, gələcək nəsillərə ərməğan etmək bu gün bizim vətəndaşlıq, türklük borcumuzdur.  

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxışında bildirmişdir ki, yüksək diplomatik məharəti ilə "Diplomatiyada Qafqazların maestrosu" kimi şöhrət qazanmış Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan dünyada nüfuzlu, iqtisadi tərəqqiyə nail olmuş bir ölkədir. Türkiyəyə səfərləri zamanı üç dəfə Türkiyə parlamentində çıxış edən dahi siyasətçi xüsusilə 1994-cü il mayın 6-dakı nitqində türk dünyasının, Azərbaycan ilə Türkiyənin ortaq dəyərlərindən, tarixi mirasımızın qorunması və gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs etmişdir. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideri olan Heydər Əliyev, eyni zamanda ölkələrimiz arasında dövlətlərarası hüququn üzərində bir qardaşlıq hüququnun da əsasını qoymuşdur. O, fırtınalı dənizdə gəmisini limana uğurla çatdıran bir kapitan kimi, Sovet İttifaqının dağıldığı dövrdə millətinə liderlik etmişdir.

Azərbaycanın ən mühüm probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdıran Cəmil Çiçək bildirmişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında təbii sərvətləri məhv edərək insanlığa qarşı cinayət törədir. Bu torpaqların azad olunması və 1 milyondan çox qaçqın və köçkünün yurd-yuvalarına qayıtması bizim əsas hədəfimizdir. Hər il dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur, lakin insan haqlarından bəhs edənlər Azərbaycandakı soyqırımına, zülmə etirazlarını bildirməmişlər. Bu, bizim hamımızın məsuliyyətidir. Burada bir nöqsanımız vardır. Ya insan haqlarından bəhs edənlər səmimi deyil, ya tək tərəfli mövqe tutur, ya da biz dərdimizi kifayət qədər anlada bilməmişik. Davamlı olaraq "soyqırımdan" bəhs edən Ermənistan özü ən böyük soyqırımını 1992-ci ildə Xocalıda törətmişdir və bu qətliamın iştirakçılarından biri Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandır. Ermənistan işğal altındakı torpaqları azad etməli, yurd-yuvasından didərgin saldığı insanlardan üzr istəməlidir.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov, Mərmərə Qrupu SosialStrateji Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Bilkənd Universiteti idarə heyətinin sədri Əli Doğramaçı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə xalqları qarşısında əvəzsiz xidmətlərindən ətraflı bəhs etmiş, onun əziz xatirəsini ehtiramla anmışlar. 

 

 

Oqtay BAYRAMOV,

Azərbaycan.-2011.-14 dekabr.-S.4.