Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr inkişaf etməkdədir

 

 Azərbaycan dünya məmləkətləri sırasında layiqli yerlərdən birini tutur. Son 20 ildə, yəni Azərbaycan öz müstəqilliyinə ikinci dəfə qovuşduqdan sonra keçən zaman ərzində çox böyük uğurlu nəticələrə imza atıb. İlk vaxtlarda çətin və kəşməkəşli, hətta dövlətimiz və xalqımız üçün çox təhlükəli günlər yaşasaq da ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı üzləşdiyi bütün bəlalardan xilas etdi. Tarix üçün 20 il bəlkə də çox kiçik bir zamandır. Amma bu müddət ərzində keçdiyi yol, əldə olunan nailiyyətlər ölkəmizin nüfuzunu artırdı və  beynəlxalq aləmdə Azərbaycanın imzası qəbul olunmağa və tanınmağa başladı. Bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Bu təntənə bu gün Prezident İlham Əliyev tərəfindən daha müasirdaha modern şəkildə davam etməkdədir. Son illərdə Azərbaycanın iqtisadi göstəriciləri və uğurları beynəlxalq miqyasda sözün əsl mənasında bir nümunəyə, etalona çevrilib.

Dünyanın ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatları və şəxsiyyətləri bugünkü dərin iqtisadi problemlər və böhran şəraitində öz inkişafını bir an belə dayandırmadan və ləngimədən davam etdirən Azərbaycan haqqında yüksək fikirlər səsləndirirlər. Bu yaxınlarda ölkəmizə səfər edən Macarıstan Respublikasının Prezidenti Pal Şmitt Azərbaycanın 20 ildə qazandığı nəticələrə belə qiymət vermişdir: "Avropada bu nəticələri qazanmaq üçün bəlkə də yüz il lazım olardı". Azərbaycana gələn xarici qonaqlar ölkəmizdəki reallıqları öz gözləri ilə gördükdən sonra bax bu cür qənaətə gəlirlər. Bütün bunlar həm də ayrı-ayrı dövlətlərin Azərbaycanla sıx əməkdaşlıq etmək və hərtərəfli əlaqələr qurmaq niyyətlərini ortaya qoyur. Azərbaycan isə hər bir ölkə ilə, hər bir beynəlxalq təşkilatla əməkdaşlıqda həmişə səmimidir. Belə bir səmimi əməkdaşlıq Macarıstan Respublikası ilə də mövcuddurbu əlaqələrimiz get-gedə inkişaf etməkdədir. Bəli, bu gün Azərbaycan üçün beynəlxalq sistemdə daha layiqli yer tutmaq prioritet məsələlərdən biridir. Bu istiqamətdə irəliləmək üçün etibarlı tərəfdaşlara, dost ölkələrə xüsusi əhəmiyyət veririk. Bu mənada Macarıstan Respublikası da bizim üçün xüsusi əhəmiyyət kəsb edən dost ölkə və potensial tərəfdaşdır. Hər iki ölkənin parlamenti dövlətlərimiz arasında yaranmış əlaqələrin inkişafına öz töhfəsini verməyə çalışır. Azərbaycan parlament nümayəndə heyətinin Macarıstana səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar buna nümunə sayıla bilər.

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti dekabrın 7-dən 9-dək Macarıstan Respublikasında rəsmi səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə deputatlardan Rəbiyyət Aslanova, Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev,  Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər. Bu səfər nümayəndə heyətimizin hər bir üzvündə dərin təəssüratlar yaratdı. Bu ölkənin çox yüksək səviyyəli şəxsləri ilə görüşlərdə və aparılan danışıqlarda səsləndirilən fikirlər, nümayəndə heyətimizə göstərilən səmimi münasibət, Budapeşt şəhərinin tarixi yerləri ilə tanışlıq və səfər proqramına daxil olan digər tədbirlər xoş təəssürat yaradan, yaddaqalan məqamlara çevrildi.

Milli Məclisin Sədri Oqtay Əsədovun Macarıstan Prezidenti Pal Şmittlə keçirdiyi görüşdə tərəflər üçün maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Macarıstanın dövlət başçısı Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı.

Pal Şmitt Azərbaycana səfərini, Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq ölkəmizdə keçirdiyi görüşləri münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətli hesab etdi. O, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana səfərini əlaqələrimizin intensiv xarakter almasının göstəricisi kimi dəyərləndirdi.

Görüşdə Azərbaycanın müstəqillik illərində böyük uğurlar əldə etdiyini vurğulayan Macarıstan Prezidenti gələcəkdə olimpiya oyunlarının ölkəmizdə keçirilməsini dəstəklədiyini vurğuladı. Avropa Birliyinin qonşu dövlətlərlə əlaqələrindən söz açan Pal Şmitt  Türkiyənin quruma üzv olmasına tərəfdar olduğunu söylədi.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə Macarıstan Prezidenti Pal Şmittə təşəkkürünü bildirdi. Sədr qeyd etdi ki, bu, Azərbaycan parlament rəhbərliyi səviyyəsində Macarıstana ilk rəsmi səfərdir və biz bu səfərimizə xüsusi əhəmiyyət veririk. Noyabr ayında Bakıya rəsmi səfəri çərçivəsində Pal Şmittlə parlamentdə görüşünü məmnunluq hissi ilə xatırlayan spiker bildirdi ki, dövlət, hökumət, parlament rəhbərləri və digər rəsmilərin qarşılıqlı səfər və görüşlərinin keçirilməsi ikitərəfli əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada, Prezident Pal Şmittin Azərbaycana keçən ay baş tutmuş səfəri dövlətlərimiz arasında mövcud olan dostluq əlaqələrinin möhkəmlənməsi prosesində vacib rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

Ölkəmiz münasibətlərimizin gələcəkdə də hərtərəfli inkişafına böyük əhəmiyyət verməklə yanaşı, bu əlaqələrin daha da yüksək səviyyəyə qaldırılmasını məqsədəuyğun hesab edir.

Macarıstan Respublikası ölkəmiz üçün əhəmiyyətli dostpotensial tərəfdaşdır. Son illər ərzində əlaqələrimizin intensiv xarakter alması qarşılıqlı ticarət dövriyyəsinin ilbəil artmasına, yeni birgə layihələrin həyata keçirilməsinə gətirib çıxarmışdır və bu proses davam etməkdədir.

Azərbaycan rəhbərliyi Macarıstan ilə iqtisadi əlaqələrin genişlənməsinə də xüsusi əhəmiyyət verir. Bu sahədə əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün hər iki ölkənin kifayət qədər potensialı vardır. Bu məqsədlə hökumətlərarası iqtisadi komissiyanın yaradılması mühüm rol oynayır.

Sədr qeyd etdi ki, Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri beynəlxalq enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. İnamla deyə bilərik ki, həm əlverişli coğrafi mövqeyinə, həm də özünün bütün nəqliyyat, energetika infrastrukturuna görə Azərbaycan bu gün Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Macarıstan hökuməti Azərbaycan tərəfinin enerji sahəsində etibarlı tərəfdaş olduğuna əmin ola bilər.

Azərbaycan Macarıstan ilə BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın səmərəliyini artırmaq üçün səylərini davam etdirmək əzmindədir.

Biz "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO və eləcə də Avropa təhlükəsizlik sisteminin strukturları ilə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik.

Azərbaycan öz mədəniyyətinin Macarıstanda tanıdılması istiqamətində səmərəli addımlar atmaqda maraqlıdır. Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları iki ölkənin dövlət qurumları arasında müzakirə edilməkdədir. Tərəflər gələcəkdə bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi əzmindədir.

Biz Macarıstanın qanunverici orqanı ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə mühüm əhəmiyyət veririk. Bildiyiniz kimi, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar arasında əməkdaşlığın daha da genişləndirilməsi mövcud münasibətlərin möhkəmlənməsinə xidmət edəcəkdir.

Ölkələrimizin ali qanunverici orqanları arasında əməkdaşlığın inkişaf  etdirilməsində qarşılıqlı səfərləri məqsədəuyğun hesab edirik. Bu baxımdan Macarıstan parlamenti sabiq sədrinin 2008-ci ilin sentyabr ayında ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın və Macarıstanın ali qanunverici orqanları arasında münasibətlərin gələcək inkişafına təkan vermiş oldu.

Azərbaycan parlament nümayəndə heyətinin Macarıstan ali qanunvericilik orqanında keçirilən görüşlərini parlamentlərarası əlaqələr və bu əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirmək olar. Nümayəndə heyətimiz Macarıstan Milli Assambleyasında olarkən ölkə parlamentinin fəaliyyəti ilə yaxından maraqlandı. Burada nümayəndə heyətimizin üzvlərinə parlament binasının tarixiqanunverici  orqanın strukturu barədə məlumat verildi. Xüsusilə qeyd etmək lazımdır ki, Macarıstan parlamentinin fəaliyyət göstərdiyi bina öz tarixi, möhtəşəmliyi,   həm də gözəlliyi ilə dünyada seçilən parlament binalarından biridir. 2012-ci ildə yüz yaşı tamam olan parlament binasının hər bir guşəsi ilə tanışlıq sanki tarixin ayrı-ayrı dönəmlərini xatırladırdı. Bu tanışlıqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədovun  Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirildi.

Görüşdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf perspektivləri, dövlətlərarası münasibətlərin inkişafında qanunverici orqanların rolu barədə fikir mübadiləsi aparıldı. Parlament rəhbərliyi səviyyəsində ilk dəfə həyata keçirilən bu səfər tarixi bir səfər kimi  qiymətləndirildi və belə bir ümid ifadə olundu ki, bu cür görüşlər intensiv xarakter daşıyacaq və dövlətlərimiz arasında olan əlaqələrə öz töhfəsini verəcək. Macarıstan parlamentinin rəhbəri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyi münasibətilə xalqımızı  təbrik etdi.

Əlaqələrimizin hərtərəfli inkişafına önəm verdiklərini söyləyən Macarıstan parlamentinin rəhbəri parlamentlərarası əlaqələri daha da genişləndirməyin, bu çərçivədə dostluq qruplarının fəaliyyətinin  intensivləşdirilməsinin vacibliyini söylədi. Qeyd etdi ki, parlamentarilərimizin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığına  daha çox diqqət yetirilməlidir. Macarıstan parlamentinin rəhbəri Laslo Köver Azərbaycanın üzləşdiyi ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunaraq qeyd etdi ki, həddən artıq çox uzanan bu məsələ təkcə regiona təhlükə deyil, bu, ümumilikdə Avropaya inteqrasiya prosesinə mane olur. Məsələnin sülh yolu ilə həll olunmasının vacibliyini bildirən Macarıstanın parlament sədri münaqişənin həlli üçün kömək etməyə hazır olduqlarını bildirdi.

Macarıstana səfərini yüksək qiymətləndirən Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizin siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan, həyata keçirilən islahatlardan söhbət açdı. Parlamentlərarası əlaqələrin inkişafı, regional məsələlər, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində oldu.

Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycan parlamenti ölkənin xarici siyasətinin daha uğurlu şəkildə həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı istiqamətində fəal işlər görməkdədir.

Biz Macarıstan parlamenti ilə əlaqələrin inkişaf etdirilməsinə mühüm əhəmiyyət veririk. Macarıstan parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasını yüksək qiymətləndiririk. Ölkələrimizin ali qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin həyata keçirilməsi mühüm rol oynayır. Deputatların, parlament rəhbərlərimizin qarşılıqlı səfərlərini məqsədəuyğun hesab edirik.

Görüşdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov Macarıstan parlamentinin xatirə kitabına ürək sözlərini yazdı. Hər iki spiker mətbuat nümayəndələrinə görüşün nəticələri barədə açıqlama verdi.

Azərbaycan parlament nümayəndə heyətinin Budapeşt şəhərinin meri İştvan Tarloş ilə görüşündə qədim şəhərsalma mədəniyyəti, müasir dövrümüzdə milli arxitektura ənənələrinə uyğun həyata keçirilən tikintiinşaat layihələri barədə fikir mübadiləsi aparıldı. Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə aparılan iqtisadi, sosial və digər sahələrdəki islahatlar çərçivəsində Bakı şəhərinin demək olar ki, bu gün yenidən qurulmasından, milli ənənələri gözləməklə dünyanın ən müasir və gözəl şəhərlərindən birinə çevrilməsindən söhbət açdı. Bu sahədə əməkdaşlığın vacib olduğunu söylədi.

Budapeştin meri bu şəhərin tarixi onun infrastrukturu barədə məlumat verdi. Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini söyləyən mer dinamik inkişaf edən Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin tezliklə həll olacağına ümid ifadə etdi. Bakı ilə əməkdaşlıq etməyə hər zaman hazır olduqlarını bildirdi.

Milli Məclisin Sədri Oqtay Əsədovun Macarıstanın milli iqtisadiyyat nazirinin dövlət katibi xanım Roza Nad ilə görüşündə ölkələrimiz arasında iqtisadi münasibətlərin bugünkü vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Sədr qeyd etdi ki, bu gün iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün potensial imkanlarımız var. Lakin bugünkü rəqəmlər potensial imkanımızı əks etdirmir. Ona görə də iqtisadiyyatımızın müxtəlif sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunmalıdır.

Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini söyləyən xanım Roza Nad qarşılıqlı investisiya qoyuluşunun, mal dövriyyəsinin artırılmasının, maşınqayırma, su təsərrüfatı, şəhər infrastrukturunun yaradılması, müştərək müəssisələrin açılması və bu kimi digər məsələlərin vacibliyini qeyd etdi. Görüşdə bir sıra digər məsələlər ətrafında da söhbətlər aparıldı.

Səfər zamanı ölkəmizin Macarıstandakı səfirliyində ulu öndər  Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi. Burada tanınmış pianoçu, əməkdar artist Murad Hüseynovun ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və macar bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı nümayiş olundu.

Tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov, Macarıstan parlamentinin vitse-spikeri Zoltan Vaslo, ölkənin milli iqtisadiyyat nazirinin dövlət katibi xanım Roza Nad, hər iki ölkə parlamentlərinin deputatları, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, macar ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri iştirak edirdilər.

Həqiqətən də, Azərbaycan parlament nümayəndə heyətinin Macarıstan Respublikasına səfəri çox səmərəli oldu. Səfəri maraqlı və yaddaqalan məqamları ilə yüksək qiymətləndirmək olar. Nümayəndə heyətimiz tarixin böyük və qədim bir hissəsini öz yaddaşında həkk edən Budapeşt şəhərinin ayrı-ayrı görməli yerləri ilə tanışlıqdan sonra dekabrın 9-da vətənə döndü.

 

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Azərbaycan.-2011.-14 dekabr.-S.3.