Qədir Çərkəz oğlu Rüstəmov

 

Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov 2011-ci il dekabr ayının 14-də ömrünün 77-ci ilində vəfat etmişdir.

Qədir Rüstəmov 1935-ci il noyabrın 20-də Ağdam rayonunda anadan olmuşdur. Orta məktəbi bitirərək o, əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində, daha sonralar isə Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil almışdır. Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə müvəffəq olmuşdur.

Gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanmışdır. O, ömrünün sonuna kimi xanəndəlik sənətinə sadiq qalmışdır.

Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Qədir Rüstəmov Azərbaycan xalq musiqisinin incəliklərini bilən sənətkar olaraq milli musiqi xəzinəmizi çox həzin və yanğı dolu ifaları ilə zənginləşdirmişdir. O, çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr vermişdir. Muğam ifaçılığı ənənələrinin və Azərbaycan xalq musiqisinin saflığının qorunub saxlanılması Qədir Rüstəmovun sənət fəaliyyətinin başlıca qayəsi idi. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanmışdır. Sənətkarın son dərəcə məharətlə oxuduğu "Sona bülbüllər", "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər mahnı hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.

Ecazkar səsi, təkrarolunmaz ifaçılığı və dinləyicinin mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və muğam bilicilərini Qədir Rüstəmov sənətinin vurğununa çevirmişdir. Mahir muğam ustasının ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən "Rast" və "Çahargah" musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı filmdə klassik muğam ifaçısı obrazını ustalıqla canlandırmışdır.

Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli üçün əsl sənət məktəbidir.

Milli musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə Qədir Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Görkəmli xanəndə, səmimi və təvazökar insan Qədir Çərkəz oğlu Rüstəmovun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Mehriban Əliyeva, Əbülfəs Qarayev, Fatma Abdullazadə, Habil Əliyev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Arif Babayev, Alim Qasımov, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Canəli Əkbərov, Tələt Qasımov, Mənsum İbrahimov

 

***

Mərhumun cənazəsi vidalaşmaq üçün 2011-ci il dekabrın 15-də saat 13.00-dan 15.00-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaqdır.

Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcəkdir.

 

Azərbaycan.- 2011.- 15 dekabr.- S.3.