Bakıda «Səriştəlilik,
müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik
–
müasir dövrün tələbləri
prizmasından Azərbaycanda məhkəmə-hüquq
islahatları» mövzusunda beynəlxalq
konfrans keçirilmişdir
Dekabrın
14-də Ali Məhkəmədə "Səriştəlilik,
müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik
- müasir dövrün tələbləri prizmasından Azərbaycanda
məhkəmə-hüquq islahatları" mövzusunda beynəlxalq
konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, konfransda ölkəmizdə akkreditə
olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların,
Məhkəmə-Hüquq Şurasının, Ədliyyə
Nazirliyinin, QHT-lərin nümayəndələri, Milli Məclisin
deputatları Konstitusiya və Ali məhkəmələrin
hakimləri iştirak etmişlər. Ümumilikdə tədbirdə
xarici və yerli iştirakçılar da daxil olmaqla 100-ə
yaxın hüquqşünas
iştirak etmişdir.
Konfrans
iştirakçıları əvvəlcə Ali Məhkəmənin
inzibati binası, burada hakimlər üçün
yaradılmış iş şəraiti ilə tanış
olmuşlar.
Tədbir
Məhkəmə-Hüquq Şurasının, Ali Məhkəmənin,
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GİZ) və Azərbaycan Hüquq İslahatları Mərkəzinin
(AHİM) birgə təşkilatçılığı ilə
keçirilmişdir.
Konfransın
məqsədi Azərbaycanda aparılmış mütərəqqi
məhkəmə-hüquq islahatlarının əhəmiyyətini
müzakirə etmək, BMT tərəfindən qəbul
olunmuş "Hakimlərin davranışı üzrə
Banqalor Prinsipləri"ni hüquq ictimaiyyətinə
tanıtmaq, ölkəmizdə hakimlərin davranış
qaydalarını tənzimləyən cari Kodeksin adıçəkilən
Prinsiplərin prizmasından təkmilləşdirilməsi
perspektivlərini müəyyənləşdirmək və bu
sahədə milli və beynəlxalq təcrübəni
bölüşməkdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, bugünkü konfrans mühüm və hazırkı dövr üçün aktual olan bir mövzuya həsr olunmuşdur. Ümidvaram ki, Bakıda təşkil olunmuş bu konfrans işgüzar şəraitdə keçəcəkdir.
R.Rzayev konfransın hüquq ictimaiyyəti üçün əhəmiyyəti barədə danışmış, hakimlərin öz fəaliyyətlərində Banqalor Prinsiplərindən yararlanacaqlarını qeyd etmişdir.
Azərbaycanda bu istiqamətdə aparılan islahatlar haqqında danışan sədr bildirmişdir ki, hakimlərin əxlaq kodeksini nəzərdən keçirsəniz görərsiniz ki, Banqalor Prinsiplərinin bir çox müddəaları burada əksini tapmışdır. Əlbəttə ki, Banqalor Prinsipləri daha geniş olmaqla hakimlərin davranışının demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycanda hər bir məhkəmə hakimləri tərəfindən onun öyrənilməsi və tətbiqi təmin edilir. Hakimliyə namizədlər üçün keçirilən seminarlarda da bu barədə mühazirələr oxunulur, hakimliyə namizədlər tərəfindən də bu prinsiplərin mənimsənilməsinə diqqət yetirilir.
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım və Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle tədbirin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar uğurla aparılır. Son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılmış islahatlar nəticəsində yeni və beynəlxalq tələblərə cavab verən məhkəmə sistemi yaradılmışdır. Azərbaycan bu sahədə böyük nailiyyətlər əldə etmişdir.
BMT-nin Ədalətli Məhkəmə Hakimiyyəti üzrə Hakimlər Qrupunun əlaqələndiricisi Nihal Cayavikrama konfrans iştirakçılarına Banqalor Prinsiplərinin hazırlanması tarixi, bu sənədin hansı zərurətdən ortaya çıxması barədə məlumat vermişdir. Natiq Azərbaycan dövlətinin və hüquq ictimaiyyətinin Prinsiplərə belə həssaslıqla yanaşmasını təqdirəlayiq hal hesab etmişdir.
Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stavanın "Məhkəmə sistemlərinin ədalətliliyinin təyin edilməsi üzrə Avropa Şurasının alətləri" mövzusunda çıxışı da maraqla qarşılanmışdır.
Konfransda Məhkəmə-Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin
Təşkilat-Nəzarət Baş
İdarəsinin rəisi Azər Cəfərovun "Azərbaycanda
həyata keçirilən məhkəmə-hüquq
islahatları və ümumi qəbul olunmuş dəyərlər", Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin
"AR Konstitusiya prizmasından müstəqil və qərəzsiz hakim
idealı", Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri
Anar Bağırovun "Hakimlərin
davranışı üzrə Banqalor
Prinsipləri"nə vəkil baxışı",
Türkiyə Ali Məhkəməsinin hakimi Sami Sezai
Uralın "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"- Türkiyə təcrübəsi",
Tbilisi Apelyasiya Məhkəməsinin
hakimi Tamar Zambaxidzenin "Hakimlərin
davranışı üzrə Banqalor
Prinsipləri" - Gürcüstan təcrübəsi"
və digər natiqlərin müxtəlif mövzularda
çıxışları ətrafında müzakirələr
aparılmışdır.
Azərbaycan.- 2011.- 15 dekabr.- S.3.