«Əsrin müqaviləsi»nin açdığı yol yeni zirvələrə doğru gedir

 

Azərbaycanın dünya birliyində mövqeyinin yüksəlməsi artıq hamı tərəfindən etiraf olunan həqiqətdir. Respublikanın sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, ölkədə quruculuq işləri daha böyük miqyas alır, şəhər, kənd və  qəsəbələrin siması tamamilə dəyişir, xalqımızın maddi rifah halı durmadan yüksəlir. Azərbaycan günü-gündən irəliyə gedən bir ölkə kimi Cənubi Qafqaz dövlətləri arasında liderdir. Əlbəttə ki, bütün bu uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası ilə qoyulmuşdur. Ulu öndər Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

 

Neft nəqli marşrutları şaxələndirilib

 

Aparılan hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton, proqnoz karbohidrogen resursları isə 10 milyard ton  həcmindədir. Bu gün respublikamızın quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-dan çox struktur mövcuddur. Beynəlxalq şirkətlər bu gün də həmin strukturlara böyük maraq göstərirlər. Bu marağın sönməməsinə səbəb xarici sərmayələrin qorunmasında ölkəmizin nümayiş etdirdiyi öncül təcrübə, habelə qazanılan nailiyyətlərdir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Neft-qaz strategiyamız həm uğurludur, həm də uzunmüddətlidir. On beş ildən çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın neft-qaz yataqlarına maraq azalmır".

Hazırda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından gündə orta hesabla 757,5 min barel neft hasil edilir. Azərbaycan neftçiləri dənizdəki və qurudakı köhnə mədənlərdən də hasilatı sabit saxlamağa, hətta artırmağa nail olurlar.

Ölkəmizdə hasil olunan karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri olaraq daim diqqət mərkəzindədir. Ötən müddətdə bu istiqamətdə böyük uğurlar qazanılmışdır. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulması respublikamızın enerji müstəqilliyini təmin etmiş,  Avropa və digər uzaq regionların  yüksək keyfiyyətli karbohidrogen resursları ilə təminatı üçün yeni perspektivlər açmış, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının nəql edilməsi  baxımından sabit tranzit dəhlizi kimi Azərbaycana real imkanlar yaratmışdır. Bu sırada təhlükəsiz ixrac neft və qaz kəmərləri sistemi, yeraltı qaz anbarları, neft terminalları, etibarlı dəmiryolu və dəniz daşımaları şəbəkəsi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün bu infrastrukturu karbohidrogenlər hasil edən digər ölkələrə təqdim etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişdir.

Hazırda ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili, İspaniya da daxil olmaqla dünyanın 33 ölkəsinə Azərbaycandan xam neft və neft məhsulları ixrac edilir. Prezident İlham Əliyev demişdir: "Hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamətdə nəql edilir. Biz bu sahədə şaxələndirmə məqsədlərimizə tam çatmışıq".

AÇG-nin ilkin neftini dünya bazarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Hər birinin ötürücülük gücü ildə 6 milyon ton təşkil edən həmin kəmərlər bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlər üzrə nəql edilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməridir. Bu misilsiz layihə məhz ulu öndərin gərgin səyləri sayəsində gerçəkləşmişdir. BTC əsas ixrac boru kəməri Avrasiya regionunda ən iri və unikal mühəndis qurğularından olub, dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biridir,  Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayır.

Xatırladaq ki, BTC-yə "Azəri" yatağından çıxarılan ilk neft 2005-ci il mayın 25-də Səngəçal terminalından vurulub. Bu münasibətlə həm terminalda, həm də Bakı şəhərində keçirilən təntənəli mərasimlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Türkiyənin, Gürcüstanın, Qazaxıstanın dövlət başçıları da iştirak ediblər. Tam bir sistem kimi isə BTC 2006-cı ilin iyul ayında istifadəyə verilib. Azərbaycan Prezidenti bu münasibətlə Türkiyədə keçirilən təntənələrdə iştirak və çıxış edib. Prezident İlham Əliyev BTC-nin tikintisini mühüm tarixi bir hadisə kimi dəyərləndirərək deyib: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət mövcud idi. Buna baxmayaraq xarici investorlar böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları öz dəstəyini göstərdilər. Azərbaycan tərəfi də öz üzərinə düşən bütün vəzifələri layiqincə və uğurla icra etmişdir".

BTC, eyni zamanda ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Hazırda bu kəmər Azərbaycan nefti ilə yanaşı, müəyyən qədər Türkmənistan neftini də ölkəmizin ərazisindən tranzitlə Avropa bazarlarına ötürür. BTC kəmərinin ümumi illik ötürücülük qabiliyyəti 60 milyon tondur. Sutkada 1,2 milyon barel nefti Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac etmək imkanına malikdir. Keçən ay kəmərlə 2 milyon 149 min 830 ton Azərbaycan nefti nəql olunub. Bu ilin əvvəlindən isə kəmərlə ötürülən neftin həcmi 30 milyon 58 min 222 ton olub. Ümumiyyətlə isə BTC istifadəyə veriləndən indiyədək 174 milyon tona yaxın neft daşıyıb.

 

Azərbaycan həm də qaz ixrac edən ölkədir

 

Dünyada təbii qaza olan təlabat və marağın xüsusilə artdığı son illərdə Azərbaycan özünü beynəlxalq birliyə etibarlı qaz istehsalçısı və ixracatçısı kimi də təqdim edə bilmişdir. "Beləliklə, qarşımızda duran ikinci vacib məsələ ondan ibarət idi ki, Azərbaycanı dünyada nəinki neft dövləti kimi, qaz dövləti kimi də tanıdaq". Dövlət başçısının dediyi kimi, Azərbaycan bu vəzifənin də öhdəsindən layiqincə gəldi: "Biz hazırda enerji siyasətimizi daha çox qaz amili üzərində qururuq".

2004-2010-cu illərdə ölkə üzrə qaz hasilatı 5,2 dəfə artırılaraq 5 milyard kubmetrdən 26,3 milyard kubmetrə çatdırılmışdır. Bu il isə ölkədə 27,9 milyard kubmetr qaz hasil olunacağı nəzərdə tutulur. AÇG yataqlar blokundan hasil olunan səmt qazının həcminin artırılması, ARDNŞ-nin "Qaz proqramı" üzrə görülən kompleks tədbirlər, habelə nəhəng "Şahdəniz" yatağının istismara verilməsi Azərbaycanın enerji baxımından tam müstəqilliyini təmin etməyə imkan vermiş, təbii qaz ixrac edən  ölkələr sırasına daxil olmasına zəmin yaratmışdır. Bir neçə il əvvəl qaz idxal edən Azərbaycan bu gün artıq özü Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana qaz ixrac edir.

"Şahdəniz" hazırda dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Onun sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. Burada "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində ən müasir platforma quraşdırılmış, dənizdən sahilədək 100 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilmişdir. Yataq 2006-cı ildən qaz və kondensat verir. Ötən il "Şahdəniz"dən təxminən 6,9 milyard kubmetr qaz, 1,9 milyon ton kondensat hasil olunmuşdur. Yataq istismara veriləndən indiyədək buradan dünya bazarlarına 7,49 milyon ton kondensat ixrac edilib. Bu ilin doqquz ayı ərzində yataqdan 4,53 milyard kubmetr qaz və 1,2 milyon ton kondensat hasil olunub. Bu, gündəlik orta hasilatın 16,6 milyon kubmetr qaz və 35 min barel kondensata bərabər olması deməkdir.

"Şahdəniz" qazını Səngəçal terminalından Gürcüstan-Türkiyə sərhədinədək Cənubi Qafqaz Boru Kəməri daşıyır. Bu xətt Türkiyə ərazisi ilə daha 280 kilometr uzanaraq bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. 2010-cu ildə yataqdan hasil edilən 6,9 milyard kubmetr həcmində qazın 1,8 milyard kubmetri Azərbaycana verilmiş, 0,5 milyard kubmetri Gürcüstana, 4,3 milyard kubmetri isə Türkiyəyə ixrac olunmuşdur.

Artıq yatağın işlənilməsinin ikinci mərhələsinə hazırlıq başa çatmaq üzrədir. İnkişaf konsepsiyasına əsasən, bu mərhələdə əlavə hasilat ildə minimum 16 milyard kubmetr səviyyəsinə çatdırılacaq. İkinci mərhələ üzrə ilk qazın hasil olunması 2017-ci ilə proqnozlaşdırılır.

Azərbaycan artıq müstəqil şəkildə, xarici tərəfdaşların köməyi olmadan da Xəzərin dərinsulu hissələrində yerləşən mürəkkəb qaz strukturlarında kəşfiyyat və qazma işlərini uğurla həyata keçirməyə  qadir olduğunu sübut etmişdir. Uzun fasilədən sonra "Ümid" perspektiv strukturunda daxili resurslar hesabına başlanmış kəşfiyyat işləri ötən il böyük müvəffəqiyyətlə nəticələnmişdir. Dənizin 58 metr dərinliyində quraşdırılmış stasionar özüldən qazılan 8 saylı birinci quyuda güclü qaz axını alınmış və beləliklə də, Xəzərin Azərbaycan sektorunda yeni qaz-kondensat yatağı kəşf olunmuşdur. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda yatağın ehtiyatlarının dəqiqləşdirilməsi məqsədilə qazılan ikinci quyuda işlər davam etdirilir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq "Ümid"də alınan nəticələr həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Artıq "Babək" strukturunun ehtiyatları 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir.

Bu il ölkəmizin qaz ehtiyatlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə baş vermişdir. ARDNŞ və onun layihə üzrə tərəfdaşları - Fransanın TOTAL və GdF şirkətləri tərəfindən "Abşeron" qaz-kondensat yatağının kəşf edildiyi haqqında Prezident İlham Əliyevə məruzə olunmuşdur. Dövlət başçısı bu hadisəni yüksək qiymətləndirmiş və yeni yatağın açılması münasibətilə xalqımızı təbrik etmişdir. Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 kilometr şərqə doğru açıq dənizdə yerləşən bu struktur Azərbaycan geofiziklərinin seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilmiş və 1993-cü ildə axtarış qazmasına hazırlanmışdır. 1997-ci ildə bu blokun "Şevron" və "Total" şirkətləri ilə birgə işlənməsinə dair saziş imzalanmışdır. 2000-ci ildə burada bir quyu qazılsa da, texniki səbəblərdən ləğv edilmiş və 2005-ci ildə sazişə xitam verilmişdir. Prezident İlham Əliyevin "Abşeron" yatağının kəşf olunması münasibətilə açıqlamasında Azərbaycan geoloqlarının, ARDNŞ mütəxəssislərinin bu strukturda məhsuldar layların olduğuna həmişə dərin inam bəslədikləri xüsusi vurğulanmışdır. Tarix sübut etdi ki, onların inam və qətiyyəti dəqiq elmi tədqiqatlara, düzgün təcrübi araşdırmalara əsaslanırdı. Əldə olunan geoloji-kəşfiyyat məlumatlarının təkrar qiymətləndirilməsi bir müddət sonra "Abşeron" layihəsini yenidən diqqət mərkəzinə gətirdi. 2009-cu il fevralın 27-də ARDNŞ ilə Fransanın "Total" şirkəti arasında yeni bir HPBS imzalandı. Bu ilin yanvarında layihə dərinliyi 7200 metr olan quyunun qazılmasına başlandı və sentyabrın əvvəllərində 6558 metr dərinlikdə Fasilə lay dəstəsi açıldı. Əlbəttə, bir quyuda alınmış nəticələrə əsasən, yatağın ehtiyatlarının qiymətləndirilməsi asan məsələ deyil. Bununla belə, mütəxəssislərin ilkin hesablamalarına görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.    

Ötən ilin oktyabrında ARDNŞ ilə bp Azərbaycan şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanmışdır. Hazırda bp Azərbaycan şirkəti ilə "Kaspian Geofizikal" müştərək müəssisəsi tərəfindən həmin strukturda seysmik tədqiqat işlərinin aparılmasına başlanıb.

Qarşıdakı dövrdə Almaniyanın RWE şirkəti ilə "Naxçıvan" perspektiv strukturunda kəşfiyyat işlərinə başlanılması da nəzərdə tutulur. Bu strukturda 300 milyard kubmetr qaz, 40 milyon ton kondensat ehtiyatı olması gözlənilir. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələsi də baxılma mərhələsindədir. İlkin qiymətləndirmələrə əsasən, burada da qaz ehtiyatları 300 milyard kubmetr civarındadır.

Son illərdə ARDNŞ-nin əsas fəaliyyət istiqamətlərindən birini Qaz Proqramını təşkil etməsi də dövlətimizin bu məsələyə önəm verərək qayğı göstərməsinin nəticəsidir. Proqram  çərçivəsində şirkətin müstəqil işlədiyi qaz-kondensat yataqlarında quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilmiş, yeni quyular qazılıb istismara verilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, boru xətləri çəkilmiş, əlavə neft-mədən obyektləri tikilmişdir. Yeni tələblərə cavab verən mükəmməl texniki sistemin yaradılması nəticəsində  gündəlik texnoloji sərf və itkilər minimuma endirilmiş, qazma və istismar qurğuları modernləşdirilmiş, səmərəli texnika və texnologiyalar  tətbiq edilmişdir. Müasir idarəetmə və nəzarət sistemləri ilə təmin olunmuş yığım-nəql şəbəkəsi yaradılmış, yeni kompressor stansiyaları tikilmiş, mövcud stansiyalar genişləndirilmiş və yenidən qurulmuşdur.

 

 "Biz artıq xarici sərmayədən asılı deyilik..."

 

 İndi Azərbaycanın özü artıq digər ölkələrə sərmayə qoyur. Bu barədə ölkə başçısı belə demişdir: "Bütün gənc, müstəqil ölkələr öz inkişafı üçün ilkin addımları birinci növbədə xarici investisiyalar hesabına atırlar. Azərbaycan da bu yolu keçmişdir. Ancaq bu gün özümüz başqa ölkələrə investisiya qoyuruq. Azərbaycan Dövlət Neft Şirkəti bu gün xaricdə investisiyalar qoyur. Yəni biz artıq xarici sərmayədən asılı deyilik. Əgər xarici sərmayələr Azərbaycana qoyularsa, əlbəttə ki, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu, bizim inkişafımıza heç də təsir etməyəcəkdir".

Bu gün Dövlət Neft Şirkəti 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və başqa ölkələrdəki müəssisələri vasitəsilə dünya enerji bazarında özünə layiqli yer tutmağa nail olub. Böyük Britaniya, Almaniya, Avstriya, Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Qazaxıstan, Ukrayna və İranda yaradılmış nümayəndəlikləri ARDNŞ-nin beynəlxalq fəaliyyətinin təşkilində mühüm rol oynayır, müəssisələrin təsis olunması, müqavilələrin hazırlanması və s. işlərdə yaxından iştirak edir, lazımi tədbirləri operativ olaraq yerinə yetirirlər. Hazırda şirkətin təsisçiliyi ilə yaradılmış 35 birgə müəssisə, 6 alyans Azərbaycanda və dünyanın müxtəlif ölkələrində neft-qaz sənayesinin demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir.

 Türkiyənin ən iri neft-kimya müəssisəsi - "Petkim" holdinqinin ARDNŞ-nin idarəçiliyində olması buna bariz misaldır. Son illərdə holdinqin iqtisadi mövqeyi güclənmiş, buraxdığı məhsullar Türkiyə bazarının təqribən 30 faizini əhatə etmişdir. 2010-cu ildə konsernin tərkibinə daxil olan 7 fabrikdə  istehsalın ümumi həcmi rekord səviyyəyə çatdırılmışdır. "Petkim"in xammala, əsasən naftaya olan tələbatının ödənilməsi, idxaldan asılılığının aradan qaldırılması məqsədilə ARDNŞ onun nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. İnşa olunacaq Egey Neft Emalı Zavodunun emal gücü ildə 10 milyon ton neft təşkil edəcək. Burada istehsal olunacaq məhsulların Türkiyə bazarı ilə bərabər Aralıq dənizi və Cənubi Avropa bazarlarına da ixrac edilməsi nəzərdə tutulur. Yaranacaq əlavə enerji ehtiyacının ödənilməsi məqsədilə holdinqin tərkibində 25 meqavat gücündə külək enerji stansiyasının inşası üçün müvafiq lisenziya alınmışdır. Zavodun və stansiyanın  tikilməsi, texnologiyanın yenilənməsi, istehsal xərclərinin azaldılması sayəsində yaxın illərdə  "Petkim"in məhsuldarlığı 6 milyon tona çatdırılacaq və holdinq Türkiyədə neft-kimyası məhsullarına tələbatın 40 faizini ödəmək imkanı qazanacaq. Azərbaycanın qardaş Türkiyədəki ən böyük mülkiyyəti olan "Petkim"in istehsal gücünün durmadan artırılması üçün görülən ardıcıl tədbirlər yaxın illərdə bu holdinqin regionda iri logistika mərkəzinə, Türkiyənin ən böyük, Avropanın isə aparıcı istehsal komplekslərindən birinə çevrilməsinə yönəldilmişdir.          

Eyni zamanda "Petkim"lə "Azərikimya" İstehsalat Birliyinin Sumqayıtdakı neft-kimya kompleksinin geniş kooperasiyasına nail olmaq istiqamətində gələcəyə hesablanmış böyük həcmli işlər görülür. Azərbaycanda və Türkiyədə neft-kimya aktivlərinə malik olması ARDNŞ-ə dünya bazarında fəaliyyətini optimallaşdırmaq, istehsal etdiyi məhsulların çeşidini artırmaq və daha çox mənfəət götürmək imkanları verir. Ötən il Türkiyə Respublikası Enerji Bazarını Tənzimləmə Qurumu tərəfindən SOCAR-TURCAS Petrokimya şirkətinə bu ölkədə təbii qazın 30 il müddətinə topdan satışı üçün lisenziya verilmişdir. Bu ildən ARDNŞ həmin birgə müəssisədəki aktivlərini 75 faizə çatdırmışdır.

Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri  ARDNŞ-nin strateji inkişafına xidmət edir. Bu sırada şirkətin Gürcüstandakı ən böyük aktivi olan Kulevi Qara Dəniz Terminalı xüsusi qeyd edilməlidir. Şirkətə məxsus neft və neft məhsullarının dünya bazarına çıxarılmasında əhəmiyyətli rola malik  olan bu terminal fəaliyyət göstərdiyi 2008-ci ildən etibarən Azərbaycana Qara dənizdə əlverişli mövqe qazandırmışdır. Artıq Kulevi terminalında yük dövriyyəsi 3 dəfəyədək artırılmış, ümumi yükdaşıma həcmi 6 milyon tona çatdırılmışdır. Bu, təkcə Azərbaycana deyil, region ölkələrinə də böyük mənfəət gətirmişdir. Belə ki, terminal Qazaxıstanın "Tengiz" yatağından hasil olunan xam neft həcmlərinin dünya bazarına nəqli istiqamətində də əhəmiyyətli rol oynayır.

Gürcüstan ictimaiyyəti ARDNŞ-nin qonşu ölkədə neft məhsullarının səmərəli satışını həyata keçirən "SOCAR Georgia Petroleum"u,  bölgələrin qaz təminatında mühüm rol oynayan "SOCAR Georgia Gas" kimi törəmə müəssisələrinin fəaliyyətini yüksək qiymətləndirir. Şirkət hazırda Gürcüstan neft məhsulları bazarının 50 faizini əhatə edir. Burada "SOCAR" brendi ilə onlarca yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Həmin stansiyaların sayının artırılması planlaşdırılır. "SOCAR Georgia Petroleum" MMC həmçinin azərbaycanlıların kompakt yaşadığı bölgələrdə irihəcmli sosial layihələr də həyata keçirir. Müəssisə  4 ildir ki, dalbadal "İlin ən iri vergi ödəyicisi", habelə "Gürcüstana ən böyük sərmayə yatıran şirkət", "Müasir YDM-lər şəbəkəsi" və "Xeyriyyəçi şirkət" mükafatlarına layiq görülür.

Hazırda Gürcüstanın 30 regional qaz distribusiya şirkəti "SOCAR Georgia Gas" tərəfindən idarə olunur. Bu müəssisənin həyata keçirdiyi üçillik investisiya proqramı çərçivəsində 150 mindən artıq abonentin qazlaşdırılması nəzərdə tutulur. Artıq Gürcüstanın onlarca yaşayış məntəqəsində, o cümlədən azərbaycanlıların kompakt yaşadığı bir neçə kənddə qaz kəmərləri tikintisi başa çatdırılmış, iri yaşayış massivlərində qaz təchizatının bərpa edilməsinə nail olunmuşdur.

Ötən il ARDNŞ Ukrayna və Rumıniyanın pərakəndə yanacaq satışı bazarlarına inamla daxil olmuşdur. Hazırda Ukraynada 13, Rumıniyada 14 yanacaqdoldurma məntəqəsi "SOCAR" ticarət nişanı ilə fəaliyyət göstərir.  Sevindirici haldır ki, Şərqi Avropa ərazisində ilk üzən yanacaqdoldurma məntəqəsi layihəsi də ARDNŞ tərəfindən Ukraynada gerçəkləşdirilmişdir. Şirkət eyni zamanda "SARMATİA" birgə müəssisəsi çərçivəsində Avrasiya Neft Nəqliyyatı Dəhlizi layihəsi üzrə görülən tədbirlərdə fəal iştirak edir. Artıq Azərbaycan neftinin Ukrayna və qonşu ölkələrin bazarlarına çatdırılması sahəsində konkret nəticələr əldə olunmuşdur.

ARDNŞ-nin istehsal etdiyi məhsulların son istehlakçılara birbaşa və daha əlverişli şərtlərlə tədarükünü  təmin etmək məqsədilə Cenevrədə "SOCAR Trading" şirkəti təsis olunmuşdur. Treyder kompaniyası qısa müddət ərzində Sinqapurda, Birləşmiş Ərəb Əmirliklərində, Nigeriyada,  Vyetnamda öz ofis və nümayəndəliklərini açmış, Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsi bazarlarında özünü yaxşı tanıtmışdır.  Müəssisə artıq 30-dan çox xarici sifarişçiyə xidmət göstərir. Bu ilin may ayından etibarən "SOCAR Trading" Nigeriya neftinin dünya bazarlarında satışına başlamışdır. Nigeriyanın NNPC dövlət neft şirkəti 2011-ci il ərzində sutkada 30 min barel neftin nəqli üçün "SOCAR Trading" şirkətini yükgöndərən seçmişdir.

ARDNŞ hazırda çevik, müasir və rəqabətə davamlı bir şirkət olaraq istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda regional və qlobal əhəmiyyətli onlarca layihə həyata keçirir. Prezident İlham Əliyevin dediyi kimi: "Biz dünya enerji şirkətləri ilə etibarlı tərəfdaş kimi uğurla əməkdaşlıq edirik. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR dünyanın aparıcı şirkətləri arasındadır və xarici şirkətlərlə uğurla əməkdaşlıq bizə də bu yeni, müasir təcrübəni gətirdi. Bu gün artıq Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Bu gün Azərbaycan şirkətləri milyardlarla ölçülən investisiyalar qoyur və bu proses bundan sonra da davam etdiriləcəkdir".

 

AZƏRBAYCAN.- 2011.- 15 dekabr.- S.4.