İqtisadi artım və ölkənin sosial-iqtisadi inkişafı
Həmişə
olduğu kimi, indiki dövrdə də iqtisadi
artım bütün ölkələr üçün ən mühüm
və zəruri makroiqtisadi göstərici
hesab edilir. Çünki iqtisadi
artımın mahiyyəti əvvəlki ilə nisbətən cari dövrdə həyat səviyyəsini daha yüksək təmin etməyi, daha çox və keyfiyyətli məhsul
yaratmağı və bütünlükdə ölkənin sosial-iqtisadi inkişafını şərtləndirir.
Başqa sözlə, iqtisadi
artım iqtisadiyyatın uzunmüddətli müsbət
dinamikasını özündə cəmləşdirir.
O, həm də ictimai istehsalın son nəticələrini kəmiyyət və keyfiyyətcə əks etdirir və əsas amil kimi dinamik inkişafı müəyyənləşdirir. Eyni zamanda, iqtisadi artım ölkənin inkişaf səviyyəsinin durumunun və mənzərəsinin meyarı kimi çıxış edir. Bunlardan başqa, iqtisadi artım istehsalın genişlənməsinə maliyyə imkanı və təminatı yaradır, bütünlükdə sosial məsələlərin operativ həllinə təminat verir, insan kapitalının gerçəkləşməsi üçün əlverişli maliyyə şəraiti formalaşdırır.
Cəmiyyətdə iqtisadi artım bir sıra zəruri amillərlə, hərəkətverici qüvvələr və səbəblərlə sıx əlaqədardır. Təbii vasitələrin və əmək resurslarının kəmiyyət və keyfiyyətini, əsas kapitalın həcmini, texniki tərəqqini, məcmu xərclərin səvyiyəsinin artırılmasını, çoxalan ehtiyat və vasitələrin faydalı, səmərəli bölgüsünü iqtisadi artımın amilləri kimi təsnifləşdirmək olar. İqtisadi artımın elə amilləri də var ki, onlar bu artımın keyfiyyət durumuna təsir edir. İstehsalın proporsional inkişafı, maddi olaraq onun mexanizminin təkmilləşdirilməsi, istehsalın quruluşunun bütünlükdə tənzimlənməsi və s. belə amillərdəndir. Bu amillər qrupunun fəaliyyət mexanizmini iqtisadi proseslərin tipindən asılı olaraq reallaşdırmaq mümkündür.
Eyni zamanda, iqtisadi artımın ekstensiv və intensiv tipləri mövcuddur və demək olar ki, bu tiplər həmişə yanaşı tətbiq olunur. Ekstensiv tip məhsul istehsalının artmasında ötəri əlavə istehsal vasitələrinin və işçi qüvvələrinin cəlb edilməsini şərtləndirir. İntensiv tip isə məhsul istehsalını əlavə qüvvələr cəlb etmədən mövcud imkanlardan gərgin və səmərəli istifadə yolu ilə artırmaq deməkdir. Bu səbəbdən iqtisadi artımın intensiv tipi daha çox məhsuldar olan, məhsul verən və səmərəli istehsal tipi hesab edilir. İşçi qüvvəsinə, maddi ehtiyatlara qənaət də iqtisadi artımın intensiv tipinin əsas göstəriciləri sırasına daxildir.
Təkcə kənd təsərrüfatında deyil, maddi istehsalın bütün sahə və sferalarında tətbiq olunan iqtisadi artımın sürətinə və həcminə insan amili də böyük təsir göstərir. Başqa sözlə, bütün digər vasitələrə baxmayaraq, insan kapitalı iqtisadi artımın başlıca səbəbi və hərəkətverici qüvvəsidir. Bu ondan irəli gəlir ki, kapital və torpaq iqtisadi artımın passiv, ümumi, xüsusi bilik və vərdişlərə malik olan insanlar isə aktiv amillərdir.
Bütünlükdə cəmiyyətdə, həmçinin maddi istehsal sahələrinin əksəriyyətində olduğu kimi, dövlət tənzimlənməsi bütünlüklə iqtisadi artıma da şamil edilir. İstehsalın artımı, məcmuluğun həlli, yoxsulluğun azaldılması, işsizliyin səviyyəsinin aşağı salınması və bu məsələnin diqqət mərkəzində saxlanılması, gəlirlərin, ümumi milli məhsulun, ümumdaxili məhsulun həcminin artırılması və s. bütün bu kimi məsələlər iqtisadi artımın dövlət tənzimlənməsi obyektinə aiddir.
Ölkəmizdə iqtisadi artımın kəmiyyət və keyfiyyətinə, nəticə etibarilə onun davamlı, dayaqlı və sürətli gedişinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, bu sahədə xüsusi proqramlar, layihələr, kompleks tədbirlər işlənib hazırlanaraq reallaşdırılır. Son 2 ildə isə bu istiqamətdə həyata keçirilən tədbirlərin sayı davamlı surətdə artmışdır. Eyni zamanda, maddi istehsalda diversifikasiya prosesi davam etdirilmiş və beləliklə, əksər sahələrin inkişafı təmin olunmuşdur. Bütün bunların sayəsində isə iqtisadi artımın davamlığı təmin edilmiş və faydalığı artmışdır. Bunu 2011-ci ilin 9 ayında sosial-iqtisadi inkişaf sahəsində qazanılmış nəticələr də göstərir. Bu müddət bir çox sahələrdə, xüsusən qeyri-neft sektorunun inkişafında yüksək artım qeydə alınmışdır. Təkcə aqrar sektor üzrə məhsul istehsalı artımı 7,2 faiz olmuşdur. Dövlətin valyuta ehtiyatları isə 40 milyard dolları keçmişdir. Hazırda ölkə üzrə orta aylıq əməkhaqqı 355 manatdan çoxdur. 900 minə yaxın pensiyaçının təqaüdləri orta hesabla 40 faiz artandan sonra isə orta aylıq pensiyanın məbləği də xeyli artmışdır. Təkcə bu ilin 9 ayında Azərbaycanda 74 min iş yeri açılmışdır. Bütün bunlar iqtisadiyyatın normal və tənzimli inkişafının nəticəsidir.
İqtisadi artım prosesi Naxçıvan Muxtar Respublikasında da davamlı olmuşdur. Son 20 il
ərzində Naxçıvan
MR-də ümumi daxili məhsul istehsalı 60 dəfə artaraq 12 milyard manatı keçmiş, sənaye məhsulu istehsalı 117,2 dəfə
artmışdır. Hazırda muxtar
respublikada 286 adda sənaye məhsulu istehsal olunur ki, onun da
107-si ərzaq növüdür.
İndi Naxçıvan MR-də
241 növ məhsul üzrə tələbat yerli istehsal hesabına ödənilir.
Muxtar respublikada
1995-ci ildə 56 sənaye
müəssisəsi olduğu
halda, hazırda onların sayı 420-yə
çatmış, iqtisadiyyatın
müxtəlif sahələri
üzrə 59 layihə
həyata keçirilmişdir. Ümumilikdə
20 il ərzində bölgədə 3425 istehsal
və xidmət müəssisəsi istifadəyə
verilmiş, 321 kommunal
infrastrukturu, 263 rabitə
və informasiya-texnologiya
obyekti və qurğuları yaradılmışdır.
Eyni zamanda, muxtar respublikada göstərilən dövr
ərzində nəqliyyat
bölməsində yük
daşınması 20,5,
pərakəndə əmtəə
dövriyyəsi 30,4 faiz,
əhaliyə göstərilən
pullu xidmətlərin
həcmi isə 46 dəfə artmışdır.
Sahibkarlığa Kömək Fondu
tərəfindən indiyədək
muxtar respublikada müxtəlif sahələr
üzrə 100-dən çox
layihə maliyyələşdirilmişdir.
Bundan başqa, yaşayış
məntəqələrində 76 kənd və qəsəbə mərkəzləri
tikilmiş, ərazilərin
elektrikləşmə şəbəkəsi
tamamilə yenidən qurulmuşdur. Həmçinin
son illər Naxçıvan
MR-də ümumilikdə
641 obyekt, o cümlədən
295 mədəniyyət, 260 təhsil və elm müəssisəsi tikilmiş
və ya əsaslı təmir edilmiş, 422 inzibati bina, 188 səhiyyə müəssisəsi inşa
olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, bütün həyata keçirilən tədbirlər
zamanı innovasiyanın
imkanlarından geniş
istifadə olunmuşdur.
Sonda isə bir neçə təklif vermək istərdik. Məlumdur ki, tarixən
müxtəlif ölkələrdə
iqtisadi artımın bir çox modelləri işlənib hazırlanmış, tətbiq
və istifadə edilmişdir. Bu baxımdan bizim ölkəmizdə də iqtisadi artımın milli modelini formalaşdırmaq zəruridir.
Bundan başqa, iqtisadi artımın dövlət
tənzimlənməsi daha
da dürüstləşdirilməli
və əsaslı olaraq sosialyönümlü
iqtisadiyyata və bazar iqtisadiyyatının tələbinə uyğun
təkmilləşdirilməlidir. Eyni zamanda, iqtisadi
artımın sürəti
məsələsi daim
və xüsusi diqqət mərkəzində
saxlanılmalı, buna
dövlət qayğısı
və nəzarəti daha da gücləndirilməli,
onun tərəddüdlü,
artıb-azalması prosesi
müntəzəm təhlil
edilməli, qarşıya
çıxan problemlərin
aradan qaldırılması
üçün imkan
və mənbələr
aşkar olunmalı və onlardan istifadə edilməlidir. Ölkənin bütün istehsal
sahələrində innovasiya
nailiyyətlərinin və
yeniliklərinin tətbiqini
də yaddan çıxarmaq olmaz.
Fikrimizcə, sahibkarlar,
iş adamları, iqtisadi fəaliyyətlə
məşğul olan digər subyektlər üçün iqtisadi artımın bütün
məsələləri üzrə
müntəzəm söhbətlər,
mühazirələr təşkil
olunmalı və bu yönümlü başqa tədbirlər həyata keçirilməlidir.
Nəhayət, makroiqtisadi sabitləşmə
və iqtisadi artım siyasəti vergi-büdcə və pul-kredit siyasəti ilə daha səmərəli
əlaqələndirilməlidir.
Asif ŞİRƏLİYEV,
Naxçıvan Dövlət Universitetinin
professoru, iqtisad elmləri doktoru
Azərbaycan.- 2011.- 15 dekabr.- S.5.