Təbiətşünaslığa
və ətraf mühitin
mühafizəsinə
həsr edilmiş ömür
Hər bir dövr ictimai-siyasi
hadisələri, iqtisadi inkişaf
səviyyəsi ilə fərqləndiyi kimi,
yaradıcı, qurucu, məşhur elm xadimləri və mütəxəssisləri
ilə də yadda qalır. XX əsrdə
yaşayıb yaratmış görkəmli alimlərdən biri də akademik Həsən
Əlirza oğlu Əliyev olmuşdur.
O, 1907-ci ildə Zəngəzur
qəzasının Comərdli kəndində sadə bir ailədə dünyaya
göz açmış və böyük həyat yolu keçmişdir. 86 il ömür yaşamış Həsən
Əliyev Azərbaycanın taleyinə yazılmış bir çox
ağrıları öz şəxsi həyatında
çəkməli olmuşdur.
1917-ci ildə ermənilərin törətdikləri ədavətə
görə bir çoxları kimi onun da
ailəsi Naxçıvana köçmüş,
10 yaşlı Həsən ehtiyac
üzündən işləmək məcburiyyətində
qalmışdı. 1924-cü ildə 17 yaşında olarkən
təhsilini Naxçıvan şəhərindəki axşam məktəbində davam
etdirmişdir. Biliyi,
bacarığı, qabiliyyəti ilə fərqlənən gənc
sonra Naxçıvan Kənd Təsərrüfat
Texnikumunda oxumuşdur.
1930-cu ildə o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyasının) aqronomluq fakültəsinə qəbul olunmuş və oranı vaxtından əvvəl müvəffəqiyyətlə bitirmişdir. Çalışqanlığı, elmə böyük marağı onu 1932-ci ildə Elmi Tədqiqat Pambıqçılıq İnistitutunun aspiranturasına gətirib çıxarmışdır. 1934-cü ildə təhsilini başa vurduqdan sonra əsl əmək fəaliyyətinə başlamışdı. İstər Ucar pambıqçılıq təcrübə stansiyasında, istərsə də SSRİ EA-nın Azərbaycan filialında torpaqşünaslıq bölməsinin elmi işçisi vəzifələrində çalışarkən özünün yüksək təşkilatçılıq bacarığı ilə seçilmiş, Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi, AMEA-nın akademik katibi vəzifələrinədək yüksəlmişdir. Alim İkinci Dünya müharibəsində cəbhəyə yollanmış və ağır yaralanıb vaxtından əvvəl tərxis olunaraq vətənə qayıtmışdır. Əmək fəaliyyətinə torpaqşünas, aqrar sahə üzrə mütəxəssis kimi başlasa da Həsən Əliyev geniş profilli təbiətşünas alim kimi işini davam etdirmişdir. Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşə meliorasiya, Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya institutlarının yaradılmasında və inkişafında, kadrların hazırlanmasında, elmi-tədqiqat mövzularının və laboratoriyaların formalaşmasında böyük işlər görmüşdür. 1943-1944-cü illərdə AMEA-nın coğrafiya bölməsinə rəhbərlik edən Həsən Əliyev 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 9 il sonra isə Azərbaycan EA-nın akademiki kimi şərəfli bir missiyanı yerinə yetirmişdir. 1949-1952-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutuna rəhbərlik etdiyi zaman burada meşəçilik laboratoriyasını təşkil etmiş, həmin ətrafda Botanika və Mərdəkanda Dendralogiya bağlarının yaradılmasına nail olmuşdur. Bu dövrdə Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı ilə Aqromeşəmeliorasiya İnstitutunun Mərdəkandan Bərdəyə köçürülməsi alimin elmi məntiqə əsaslanan təklifinin nəticəsi idi. H.Əliyev dövrün tələblərinə cavab verən laboratoriyaların istiqamətini müəyyənləşdirmiş, dendralogiya bağları salmaq məqsədilə instituta 150 hektar torpaq sahəsinin ayrılmasına nail olmuşdur.
Akademik Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı olmaqla həmin sahənin tətbiqi məsələlərinə də böyük əmək sərf etmişdir. 1968-ci ildə AMEA-nın Coğrafiya İnstitutuna direktor təyin ediləndən sonra onun təşəbbüsü ilə burada ilk təbiəti mühafizə şöbəsi yaradılmışdı. Həmin vaxtdan başlayaraq bu istiqamətdə geniş elmi-tədqiqatların əsası qoyulmuşdur. Şöbədə ilk vaxtlar torpağın, fauna və floranın mühafizəsi problemlərinə aid tədqiqat işləri aparılmış, sonralar isə bura su obyektləri, atmosfer də daxil edilmişdir.
Akademik Həsən Əliyevin rəhbərliyi və iştirakı ilə Azərbaycan təbiətinin tədqiqi və mühafizəsi istiqamətində çox maraqlı işlər görülmüşdür. Onun elmi rəhbərliyi ilə yerinə yetirilmiş "Azərbaycanda torpaq eroziyası və torpaqların mühafizəsi" xəritəsi həmin məzmunda aparılan ilk tədqiqat idi. Alimin rəhbərliyi ilə meşələrin mühafizəsi, seyrəlmiş meşələrin bərpası və yeni meşə sahələrinin salınması üzrə araşdırılan elmi-tədqiqat işlərinin nəticələrindən "1976-1980-ci illərdə Azərbaycan SSR-də meşə təsərrüfatının inkişafının Baş sxemi"nin tərtibində geniş istifadə edilmişdir. Əldə olunmuş nəticələr Azərbaycan Dövlət Təbiəti Mühafizə Komitəsinə verilmişdir. Akademik Həsən Əliyev geniş elmi tədqiqatlarla yanaşı, mühüm tətbiqi əhəmiyyət kəsb edən araşdırma işlərinin aparılmasına da böyük diqqətlə yanaşmışdır. Kür, Araz, Qanıx və digər çaylar üzərində tikiləcək su anbarlarının və genişləndirilməsi nəzərdə tutulan Xəzər sahili kurort zonasının yaradılması ilə əlaqədar bitki örtüyünün vəziyyəti, dəyişməsi, proqnozu, su anbarlarının və kurort obyektlərinin ətraflarının, Bakı-Sumqayıt zonasında, Ceyranbatan ətrafında meşələşdirilmə və yaşıllaşdırılma tədbirləri haqqında verilmiş elmi təklifləri həmin məsələlərlə bağlı layihələrdə istifadə edilmişdir.
Akademik Həsən Əliyevin böyük xidmətlərindən biri də Azərbaycanda dövlət qoruqlarının yaradılması və təşkili ilə bağlıdır. Mühüm təbiəti qoruyucu əhəmiyyətə malik olan və əsrlər boyu Kür çayı sahilləri ilə Xəzər dənizinə qədər uzanan Tuqay meşələrinin vəziyyəti alimi daha çox düşündürürdü. O, insanın təsərrüfat fəaliyyəti nəticəsində kəskin surətdə azalan meşələrin 25 min hektarının Mingəçevir, Şəmkir su anbarının altında qalmasını heç vaxt yaddan çıxarmırdı. Akademikin o zamankı narahatlığı əbəs deyildi. Hazırda Kür qırağı Tuqay meşələri az yerdə qalmış və əksəriyyəti pozulmuş meşələrdən ibarətdir. Tuqay meşələrinin mühafizəsi və bərpası işində dönüş yaratmaq məqsədilə onun rəhbərliyi altında Ağstafa, Ağdaş meşə təsərrüfatı ərazisində eyni tipli Tuqay meşələri əsasında qoruqlar yaradılmasının çox vacib olduğu fikri irəli sürülmüşdü. Tuqay meşələrini bərpa etməklə, Kür çayı boyunca təbii şəraiti yaxşılaşdırmaq, burada istirahət və sağlamlıq ocaqları təşkil etmək, ərazinin estetik vəziyyətini gözəlləşdirmək alimin böyük arzusu idi.
Akademik H.Əliyevin təşəbbüsü və elmi rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrində radioaktiv elementlərin miqdarı öyrənilmişdir. Tərkibində radium və torium normadan artıq olan sənaye tullantıları və tikinti materialları müəyyən edilmiş, torpaqlarda və sularda uranın, toriumun miqdarı nisbətən yüksək olan 30-dan artıq sahə aşkar edilmişdir.
Alimin elmi rəhbərliyi ilə Ermənistanda Azərbaycan sərhədinə yaxın ərazidə yerləşən Qafan mis, Qacaran mis-molibden, Aqarak molibden və Dəstəkert molibden-filizsaflaşdırıcı kombinatları tullantılarının ətraf mühitə göstərdiyi təsir nəticəsində Araz və onun bu ərazilərdən axan sol qollarında ekoloji vəziyyətin gərginləşməsi və həmin çayların suyu ilə suvarılan torpaqlarda kənd təsərrüfatı bitkilərinin keyfiyyəti və məhsuldarlığının dəyişməsi də tədqiq edilmişdir. Onun iştirakı ilə torpaq qatlarında radioaktiv elementlərin izotoplarının, kənd təsərrüfatında istifadə edilən aqrokimyəvi maddələrin və pestisidlərin ekoloji şəraitə göstərdiyi təsirin öyrənilməsinə həsr edilmiş tədqiqatlar əsasında tərtib edilmiş xüsusi xəritə Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinə və Səhiyyə Nazirliyinə təqdim edilmişdir.
Gərgin əməyinin məhsulu olan 800-ə qədər elmi əsər, o cümlədən monoqrafiyalar və kitablar Azərbaycanda torpaqşünaslıq, botanika, biocoğrafiya, meşəçilik, ətraf mühitin mühafizəsi və s. elmlərin mühüm nailiyyətləri kimi qiymətləndirilmişdir və indi də yüksək qiymətləndirilir.
Akademik işlədiyi hər bir elmi-tədqiqat inistitutunda fundamental araşdırma işlərinə rəhbərlik etmiş, onların nəticələrini nəşr etdirmiş və tətbiqinə çalışmışdır. 8 cildlik "Azərbaycan florası"nın yazılmasını və nəşrini həyata keçirmişdir. "Azərbaycanda qara torpaqların yayılması", "Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri", "Böyük Qafqazın torpaqları və onların səmərəli istifadə yolları" və s. kimi fundamental tədqiqatların nəticəsi olan onlarla monoqrafiyalar çap etdirmişdir.
Torpaq fondunun inventarlaşmasına, torpaqşünaslığın çox mühüm sahəsi olan meşəaltı torpaqlar sahəsində tədqiqatın genişləndirilməsinə rəhbərlik etmişdir. Alimin respublikada yem bitkilərinin, əkinçiliyin və bununla əlaqədar yaşıl "Konveyer" sisteminin yaradılmasında böyük xidmətləri olmuşdur.
Həsən Əliyevin yaradıcılığında elmi publisistika, jurnalistika, rəngli foto və slaydların çəkilişi də xüsusi yer tutmuşdur. Geniş oxucu kütləsi üçün yazılmış publisistik məqalələr, onun böyük maraqla dinlənilən və rəngli slaydlarla canlandırılan məruzələri əhalinin ekoloji tərbiyəsində mühüm rol oynamışdır.
Akademikin təşəbbüsü ilə yaranan "Azərbaycan Təbiəti" jurnalı və orada gedən yazılar (redaktor şair Məmməd Araz), "Həyəcan təbili" kitabının sədaları nəinki sağlığında, hətta sonrakı illərdə də insanların elmi dünyagörüşünə böyük təsir göstərmişdir.
Akademik Həsən Əliyev ictimai xadim kimi də əvəzedilməz şəxsiyyət idi. O, keçən əsrin 80-ci illərində Azərbaycan SSR Ali Sovetinin deputatı və Təbiəti mühafizə komissiyasının sədri olarkən, respublikanın ekoloji durumunu yaxşılaşdırmaq istiqamətində xeyli işlər görmüş, ekoloji cəhətdən zərərli olan bir sıra istehsalat sahələrinin yenidən qurulmasına nail olmuş, zərərli sahələrin baglanmasında və ya başqa yerlərə köçürülməsində əməli fəaliyyət göstərmişdir. Bununla yanaşı, respublikada ərzaq bolluğu yaradılması məqsədilə yeni məhsuldar torpaqlardan səmərəli istifadə edilməsinin, müxtəlif təbii zonalarda bağçılığın və üzümçülüyün salınmasının, mövcud bağların mühafizəsinin və məhsuldarlığının yaxşılaşdırılmasının əsaslarını işləyib hazırlamışdır.
Görkəmli alim, elm təşkilatçısı və ictimai xadim kimi o, təbiəti mühafizəyə aid bir çox problemlərin dövlət səviyyəsində həllinə nail ola bilmişdir. O, müxtəlif landşaft zonalarını təmsil edən dövlət qoruqlarının təşkilinə səy göstərmişdir. Respublikada həmin dövrdə mövcud olan 14 dövlət qoruğundan 7-si (Hirkan, Qarayazı, İsmayıllı, İlisu, Altıağac, Türyançay və Bəsitçay) bilavasitə akademikin təşəbbüsü və təkidi ilə yaradılmışdır. Quru meliorasiya üsulunun geniş tətbiqi, eroziyaya məruz qalan quru dağ yamaclarında qoz və badam ağaclarından ibarət yaşıl zolaqların yaradılması, hələ onun sağlığında öz nəticəsini vermişdir. Abşeronun yaşıllaşdırılmasında və zeytun bağlarının salınmasında alimin böyük əməyi xüsusi vurğulanmalıdır.
Həsən Əliyev təbiəti mühafizə məsələlərini irəli sürərkən insan üçün optimal, sağlam mühitin yaradılması ilə məhsuldar təbiətin, insanların ekoloji cəhətdən təmiz ərzaq təminatının təşkili işini əlaqələndirirdi. Nəvahi kəndi yaxınlığında nəzərdə tutulan atom elektrik stansiyasının tikilməsinə dair təklifləri, Mingəçevir yaxınlığında Yeni Azərbaycan DRES-in ekoloji tələblərə uyğun inşa edilməsi, bir sıra dağlıq bölgələrdə respublika əhəmiyyətli avtomobil yollarının çəkilməsi və s. nəhəng işlər onun adı ilə bağlıdır.
1955-ci ildən Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə Komissiyasının sədri kimi məsul vəzifəni öhdəsinə götürməklə o, respublikamızda bu sahədə aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsinə və bir çox tədbirlərin həyata keçirilməsinə təkan verdi. Görkəmli alimin təşəbbüsü ilə Bakı şəhərində təbiəti mühafizə problemləri üzrə ilk Zaqafqaziya müşavirəsi keçirildi. Bu müşavirənin qərarlarında dövlət səviyyəsində yeni təbiəti mühafizə təşkilatının yaradılması və komissiyanın işinin yaxşılaşdırılması üçün yeni vəzifələr irəli sürüldü. Həmin qərarlar 1963-cü ildə Həsən müəllimin təşəbbüsü ilə respublika Təbiəti Mühafizə Cəmiyyətinin yaradılmasına yol açdı. O, bu cəmiyyətin ən kütləvi, nüfuzlu quruma çevrilməsində misilsiz rol oynamışdır. Cəmiyyətin yarandığı birinci on ildə onun üzvlərinin sayı 1,2 milyon nəfər idi. Bura 32 min kollektiv cəlb edilmişdi. Təşkilatın apardığı işlər respublikada təbii ehtiyatların qorunmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Akademik H.Əliyevin rəhbərliyi ilə 1959-cu ildə təbiəti mühafizə qanununun layihəsi hazırlanmış və Azərbaycan SSR Ali Sovetinin ikinci sessiyasında müzakirə olunaraq qəbul edilmişdir. Qəbul edilən qərarlar əsasında sonralar Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi yaradılmışdır. Görkəmli alim eyni zamanda Azərbaycan EA-nın Rəyasət Heyəti nəzdində Müəssisələrarası təbiəti mühafizə şurasının da rəhbəri olmuş, respublikamızın su, hava, torpaq, bitki, heyvanat aləminin qorunması problemlərinin dövlət səviyyəsində həllinə böyük əmək sərf etmişdir. Akademikin rəhbərliyi ilə torpaqşünaslıq, coğrafiya, təbiəti mühafizə və əkinçilik sahələri üzrə 40-a qədər namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilmişdir. Alim ali və orta ixtisas məktəblərində ekoloq və ətraf mühiti mühafizə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Azərbaycanda ətraf mühiti mühafizəyə dair ilk kafedranın Bakı Dövlət Universitetində açılması ideyasını irəli sürən və təşəbbüs göstərənlərdən birincisi Həsən Əliyev olmuş, həmin kafedrada xüsusi kurs üzrə mühazirə oxumuşdur.
Həsən müəllim ekoloji və ətraf mühitə dair biliklərin insanlara hələ kiçik yaşlarından aşılanmasını məsləhət bilir və bu sahədə şəxsən özü xüsusi fəallıq göstərirdi. O, bu fəaliyyətini Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti olduqdan sonra daha da fəallaşdırmışdı. ACC-də orta məktəblə iş xüsusi yer tuturdu. Böyük alim vaxtaşırı orta məktəblərə gedər, şagirdlərlə maraqlı mövzularda söhbətlər edər və təbiəti mühafizə işlərinin vəziyyəti ilə tanış olardı.
Akademik Həsən Əliyev dünya şöhrətli alim idi. Onun təbiətşünaslıq sahəsində dəyərli tədqiqatları xarici ölkələrin elm xadimləri tərəfindən yüksək qiymətləndirilirdi. O, tez-tez mühazirələr və məruzələr oxumaq üçün beynəlxalq konfrans və simpoziumlara dəvətlər alırdı.
Akademik Həsən Əliyev hələ 1958-ci ildə Yunanıstanda olarkən təbiətin və təbii ehtiyatların mühafizəsi üzrə Beynəlxalq İttifaqın üzvü seçilmiş, 1960-cı ildə Polşada keçirilən Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın VII Baş məclisinin nümayəndəsi, 1966-cı ildə həmin İttifaqın İsveçrədə keçirilən IX Baş məclisinin nümayəndəsi, 1970-ci ildə Londondakı Beynəlxalq Biblioqrafiya nəşriyyatı redaksiyasının üzvü, YUNESKO və YUNEP kimi beynəlxalq təşkilatların eksperti, 1982-ci ildə ABŞ-ın Tukson Dünya Universitetinin Təbiəti Mühafizə üzrə fəxri mədəniyyət doktoru seçilmişdir. Həsən Əliyevin xidmətləri yüksək mükafatlara layiq görülmüşdür. O, Lenin, "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz", "I dərəcəli vətən müharibəsi", "Şöhrət" ordenləri və bir çox medallarla təltif edilmişdir. Görkəmli alim Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatı idi, Vavilov adına medala layiq görülmüşdür. O, ömrünün ən fədakar illərini, həyatının ən məhsuldar dövrlərini ekologiya elminə və ətraf mühiti mühafizəyə həsr etmişdir. 1970-1980-ci illərdə sürətlə inkişaf edən təbiəti mühafizə elmi və onunla əlaqədar məsələlər 90-cı illərdə iqtisadi-siyasi böhran şəraitində özünün durğunluq dövrünü keçirmişdir. Həmin sahənin cəfakeş alimi olan akademik Həsən Əliyevlə birlikdə bir müddət gərgin illər yaşasaq da, respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra siyasi-iqtisadi, sosial islahatların müvəffəqiyyətlə həyata keçirilməsi ilə yanaşı, ekologiya və ətraf mühitin mühafizəsi də dövlətin prioritet istiqamətlərindən birinə çevrilmişdi. Bu gün respublikada ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər akademik Həsən Əliyevin arzu və istəklərinin səmərəli və elmi əsaslarla həyata keçirilməsinin davamıdır.
Şövqü GÖYÇAYLI,
coğrafiya elmləri doktoru,
professor
Azərbaycan.- 2011.- 15 dekabr.- S.6.