Saz və söz
ustadı
"Dil aç telli
sazım, Şirvan elindən!.." deyib, telli sazını Qazax elinə, gözəl Qarabağa
salam verməyə, Göyəzən
dağının zirvəsini gəzməyə səsləyən,
şair Vaqiflə birlikdə Cıdır
düzündə gəzib-dolaşmağı arzulayan,
şeir süfrəsi açıb sənətsevərləri söz məclisinə dəvət edən, pərdə-pərdə
ötərək səs-səsə verib Vurğunun gəzdiyi yerləri soraqlayan
aşıq Əhməd bu gözəl
qoşmasının dili ilə Azərbaycan
təbiətinin, coğrafi məkanının
canlı bir mənzərəsini
yaratmışdır.
Aşıq Əhmədin şeirinə qoşulan bu mahnını ilk dəfə 50-55 il bundan əvvəl, toy şənliyində aşıq Məmmədağa Babayevin ifasında eşitmişəm. Ta o vaxtlardan bəri bu şux və oynaq mahnı dillərdən düşmür, məclisləri şənləndirir, insanlara zövq verir, xoş duyğular bəxş edir.
Aşıq Əhməd Rüstəmov Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmaqla özündən sonra zəngin, məzmunlu, əhatəli yaradıcılıq irsi qoyub getmişdir. Başdan-başa şair təbli, tükənməz və coşqun yaradıcılıq ilhamına malik sənətkar idi. Sözün əsl mənasında, sənət fədaisi idi. O, ifaçı aşıq kimi sənətə gəldi, yaradıcı aşıq kimi sənət zirvəsinə yüksəldi, ustad aşıq kimi dünyadan köçdü. Aşıq Əhməd öz sazı, sözü, bir-birindən maraqlı dastanları ilə uzun illər məclislər yaraşığı olmuş, el şənliklərində, dövlət tədbirlərində əsl sənət nümayiş etdirmişdir. Bir neçə dəfə Bakıda - Azərbaycan Dövlət Filarmoniyasında onun maraqlı ifaları, xüsusilə də özünəməxsus bir istedadla söz demək, bədahətən şeir qoşmaq məharəti insanlarda heyranlıq yaradıb.
Vaxtilə özünün dediyi kimi, lap kiçik yaşlarından sənəti duyan, sözün qüdrətinə aludə olan, canında-qanında yaradıcılıq duyğusu, yaradıcılıq istəyi tüğyan edən aşıq Əhməd sevib-seçdiyi sənət yolunda uğurla irəliləmiş, ustad səviyyəsinə yüksəlmişdir.
O, 1921-ci ildə Kürdəmir rayonunun Carlı kəndində dünyaya gəlib. Əhməd dörd yaşında ikən atası Ədil bəy sovetləşmə dövrünün ilk repressiya qurbanlarından olub. İlk sənət dərslərini uşaq vaxtı kəndlərindəki toy məclislərindən, bu toylarda çalıb-oxuyan aşıqlardan, xanəndələrdən alıb. Ömrünün 60 ilini aşıq sənətimizin inkişafına və təbliğinə həsr etmiş aşıq Əhmədin şeirləri, qoşmaları bir çox aşıq və xanəndələrin, müğənnilərin repertuarında geniş yer tutur.
1978-ci il fevralın 11-də Bakıda A.Şərifzadə adına Aktyor evində aşıq Əhmədin yaradıcılıq gecəsi keçirilmişdi. Xalq yaradıcılığı sahəsində nümunəvi xidmətlərinə görə aşıq Əhməd Rüstəmova 1989-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Aşıq Əhməd 2008-ci il avqustun 12-də vəfat etmişdir.
Müdriklərin dediyi belə bir söz var: "Sənətkar ölmür..." Əsl sənətkarı yaratdıqları yaşadır. Necə ki, hamımızın sevimlisi ustad sənətkar aşıq Əhməd öz gözəl əsərləri ilə - mənalı, məzmunlu şeir və qoşmaları, dastanları, xoş xatirələri ilə daim bizim qəlbimizdədir...
...Həmin gün Kürdəmirdə əsl canlanma vardı. Ustad aşıq Əhmədin anadan olmasının 90 illiyi münasibətilə yubiley mərasimi keçirilirdi.
Mərasim iştirakçıları əvvəlcə Kürdəmir şəhərindəki Fəxri xiyabana gələrək aşıq Əhmədin məzarını ziyarət etdilər, abidə önünə təzə-tər gül-çiçək dəstələri qoydular. Sonra mərasim N.Nərimanov adına Kürdəmir rayon Mədəniyyət evində davam etdirildi. Mədəniyyət evinin foyesində aşıq Əhmədin vaxtilə nəşr olunmuş kitabları, eləcə də ona həsr edilmiş əsərlər, qəzet məqalələri, ustad sənətkarın həyatını yaşadan fotoşəkillər sərgilənmişdi.
Mədəniyyət evində keçirilən yubiley mərasimini giriş sözü ilə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev açdı. Yubiley mərasimində iştirak edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov məclis iştirakçılarını salamladı. Aşıq Əhmədin həyat və yaradıcılığı barədə ətraflı danışdı. Ölkəmizdə mədəniyyətin inkişafına, sənətə və sənətkarlara göstərdikləri yüksək diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirdi.
Yubiley mərasimində aşıq Əhmədin həyat və yaradıcılığından ətraflı bəhs edən videoçarx nümayiş etdirildi. Folklorçu alimlər - Seyfəddin Qəniyev, Elxan Məmmədli, Yaqut Bahadurqızı aşıq Əhməd yaradıcılığının xüsusiyyətlərindən danışdılar. Şairlərdən Kərəm Kürqıraqlı, Abduləziz Xanəhmədoğlu ustad aşıq Əhmədə həsr etdikləri şeirlərini söylədilər.
Ustadın sənətindən bəhrələnmiş aşıq Yanvar, aşıq Əhliman Şirvanlı, aşıq Elman Talıstanlı, aşıq Məhəmməd Şirvanlı, aşıq-xanəndə Əvəzxan Xankişiyev, müğənni Ağacan Novruzov, Nəsrulla, həmçinin aşıq Əhmədin sonuncu şagirdi aşıq Qəlbinur İbrahimli ustadın sözlərinə qoşulmuş mahnıları ifa etdilər.
Yubiley mərasiminin iştirakçıları belə bir fikir ifadə etdilər ki, aşıq Əhmədin irsi daim geniş təbliğ olunaraq gələcək nəsillərə çatdırılmalıdır. Çünki bunlar folklorumuzun, ulu aşıq sənətimizin dəyərli nümunələridir.
Tofiq ABDULLAYEV,
Respublika Xatirə Kitabı
redaksiyasının əməkdaşı
Azərbaycan.- 2011.- 15 dekabr.- S.7.