«Yaşam»
- jurnalist ömrünün
salnaməsi
Dekabrın
14-də Azərbaycanda Atatürk Mərkəzində publisist Mənzərə
Sadıqovanın "Yaşam" kitabının təqdimatı
olmuşdur.
AzərTAc
xəbər verir ki, kitabda müəllifin bədii-fəlsəfi
düşüncələri, lirik
yaradıcılığı, elmi-publisistik məqalələri
toplanmışdır. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar,
ali məktəblərin jurnalistika fakültəsinin tələbələri
üçün nəzərdə tutulmuşdur.
Azərbaycanda
Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, AMEA-nın müxbir üzvü,
professor Nizami Cəfərov
M.Sadıqovanın həm elmi, həm publisistik, həm də bədii
yaradıcılığından bəhs etmişdir. Bildirmişdir ki, kitabda toplanmış yazılar janr etibarilə fərqlənsələr də,
hamısında dilin
axıcılığı, üslubun səlisliyi
və elmi-bədii təfəkkürün
aydınlığı diqqəti cəlb edir.
Yazılar son 30 ilə güzgü
tutur, müəllif
yaşadığımız dövrün
özəlliklərini, cəmiyyətdə baş
verən prosesləri ziyalı nöqteyi-nəzərindən təhlil
edir. Fikrin həm
obrazlı, həm də birbaşa ifadə
tərzi istedadlı qələm sahibi olan M.Sadıqovanın
yaradıcılığının səciyyəvi cəhətləri
kimi ortaya
çıxır. Kitabı vərəqlədikcə müəllifin
çox maraqlı qənaətləri,
dünyanın gərdişinə və dövrümüzün
gerçəkliklərinə fəlsəfi yanaşma
tərzi ilə tanış oluruq.
Yazılarda müəllifin fəlsəfi-publisistik düşüncələri onun dünya hikmət xəzinəsinə
yetərincə bələd olduğunu
göstərir.
Tədbirdə
Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə
Əliyeva, professor Nadir Məmmədov, tədqiqatçı-alim
Əziz Ələkbərli və başqaları
çıxış etmişlər. Bildirilmişdir
ki, kitabda toplanan yazılar müasir
dünyamızın həqiqətlərini, qaldırılan
problemlər ictimai-siyasi proseslərə
münasibət baxımından müəllifin vətəndaş
mövqeyini əks etdirir.
Yazılarda bu gün
qarşılaşdığımız müəyyən hadisələrin
səbəbi geniş miqyasda,
dünya və insan
müstəvisində araşdırılır. Taleyindən
qaçqınlıq faciəsi keçmiş
M.Sadıqova mənsur şeirlərində didərginliyin
obrazını yaradır, faciə qurbanlarının yurd həsrətini ürək göynədən
detallarla qələmə alır.
Tədbirin
təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirən Mənzərə Sadıqova demişdir ki,
"Yaşam"da təqdim etdiyim yazılar bir növ həyatımın
tərcümanı, yaşadıqlarımın, gəzib-gördüklərimin,
müşahidə etdiklərimin inikası, düşüncələrimin
və duyğularımın bəhrəsidir. Bu kitab jurnalist
ömrümün salnaməsidir.
Azərbaycan.- 2011.- 15 dekabr.- S.8.