Tanınmış xanəndə Qədir Rüstəmov son mənzilə yola salınmışdır

 

 

Dekabrın 15-də milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmov son mənzilə yola salınmışdır.

Vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları,  mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü. Salonda sənətkarın vaxtı ilə ifa etdiyi unudulmaz xalq mahnıları, həmçinin həzin matəm musiqisi səslənirdi.

Qədir Rüstəmovun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun bənzərsiz ifalarının  pərəstişkarları axın-axın Musiqi Akademiyasının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq demişdir ki, Qədir Rüstəmov Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xətti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus bir cığır açmışdır. Xalqımızın istəklisi Qədir Rüstəmovun klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir  yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.

Nazir vurğulamışdır ki, Qədir Rüstəmovun Azərbaycan ifaçılığında heç kəsin qalxa bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

 Diqqətə çatdırılmışdır ki, Azərbaycan muğam sənətinin beşiyi sayılan Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Qədir Rüstəmov milli musiqi xəzinəmizi çox həzin və yanğı dolu ifaları ilə zənginləşdirmişdir. Onun səsi qəlb yanğısından yoğurulduğundandır ki, hər zaman insanı kamilliyə səsləyir. Bu səsdə fərəh də var, kədər də. Qədir Rüstəmov olmaq yolu alın təri, tükənməz zəhmət, gecə-gündüz usanmadan çalışmaqdan keçirdi. Qədir Rüstəmov olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə aşiqlik dururdu.

Ə.Qarayev demişdir ki, unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yeni bir tükənməz sevgi qazanmışdır. Sənətkarın son dərəcə məharətlə oxuduğu "Sona bülbüllər", "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər mahnılar hər dəfə səslənəndə qəlblərdə kövrək duyğular və səmimi hisslər oyadır.

Diqqətə çatdırılmışdır ki, Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Qədir Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Nazir mərhumun ailəsinə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından başsağlığı vermişdir.

Vida mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq artistləri Siyavuş Kərimi və Arif Babayev Qədir Rüstəmovun bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə gördüyü fədakar işlərdən danışmışlar.

Bildirilmişdir ki, Qədir Rüstəmov musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Qədir səsi, Qədir ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.

Mərhumun ailəsi adından çıxış edən oğlu Rüstəm Rüstəmov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

 

Sonra böyük sənətkarın cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan.-2011.-16 dekabr.-S.8.