Korrupsiyaya qarşı mübarizə tədbirləri
ardıcıl və sistemli
olaraq davam etdirilir
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişlər.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Cəfərov Oqtay Səttar oğlu "Royal bank" ASC-yə qarşı depozit müqaviləsi əsasında banka qoyduğu 30 min manat pul vəsaitinin geri qaytarılması barədə Yasamal Rayon Məhkəməsi qarşısında iddia qaldırmışdır.
Mülki işə məhkəmədə baxılarkən "Royal bank" ASC-nin Yasamal filialından 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar edilməklə müxtəlif məbləğlərdə pul vəsaitlərinin cəmiyyətin Yasamal filialının keçmiş rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən edilmişdir.
Fakta görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Digər bir cinayət işi şəxsiyyət vəsiqəsini saxtalaşdırma dövlət əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə başlanmışdır.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Zərdab şəhər sakini Səfərəliyeva Şəfəq Abdulməmməd qızı 2006-cı il 26 dekabr tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə müraciət etmiş və doğum tarixi saxtalaşdırılmış şəxsiyyət vəsiqəsini digər sənədlərlə birlikdə ərizəsinə əlavə edərək pensiya təyini üçün əsas olan 51 yaşa çatdığını göstərmişdir. Təqdim edilmiş sənədlər əsasında fondun Zərdab rayon şöbəsində ona yaşa görə əmək pensiyası təyin edilmiş və bununla da Ş.Səfərəliyeva qeyd edilən tarixdən 2011-ci il 30 noyabr tarixədək 4,6 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda
hər iki cinayət işi üzrə Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində
istintaq davam etdirilir.
Azərbaycan.-2011.-16 dekabr.-S.7.