«Körfəz Müdafiə və Aerospeys» sərgisində Azərbaycanın

müdafiə təyinatlı məmulatları xarici ölkələrin nümayəndələri

tərəfindən böyük maraqla qarşılanmışdır

 

 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar dekabrın 12-dən 14-dək Küveytdə keçirilmiş "Körfəz Müdafiə və Aerospeys" sərgisində nümayiş etdirilmişdir.

Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olmuşdur.

MSN-in mətbuat xidmətindən bildirmişlər ki, üç gün davam etmiş sərgidə nazirlik 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirmişdir.

Nümayiş olunan atıcı silahlar, döyüş sursatları və digər məmulatlar sərgidə iştirak edən ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır. ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada və digər ölkələrin mütəxəssisləri Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatları yüksək qiymətləndirmişlər.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Küveytin Müdafiə Nazirliyinin və digər güc qurumlarının rəsmiləri arasında görüşlər keçirilmişdir.

Görüşlərdə Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi məmulatların Küveytin və digər ərəb ölkələrinin bazarlarına çıxarılması ilə bağlı danışıqlar aparılmış və hərbi təyinatlı məmulatlar üzrə gələcək tenderlərə Müdafiə Sənayesi Nazirliyinin dəvət edilməsinə dair razılıq əldə olunmuşdur.

 

 

AzərTAc

Azərbaycan.-2011.-16 dekabr.-S.6.