2012-2020-ci illərdə Azərbaycan
Respublikasında
üzümçülüyün
inkişafına dair Dövlət Proqramı
Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 15 dekabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
1.
Ümumi əsaslar
1.1. Azərbaycanda üzümçülük və şərabçılığın inkişafının mövcud vəziyyəti
Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir.
Vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vurulmuş, insanlar gəlir mənbələrindən məhrum edilmişlər.
Yalnız ölkəmiz müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra 90-cı illərin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" kimi mühüm sənədlər təsdiq edilmişdir.
2010-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda üzümün əkin sahəsi 15,4 min hektar, istehsalın həcmi 129,5 min ton, təzə və qurudulmuş üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olmuşdur. 2010-cu ildə üzüm şərabı istehsalı 1070,7 min dekalitr təşkil etmişdir ki, onun da 21 faizi və ya 224 min dekalitri ixrac edilmişdir. Bununla yanaşı, həmin il təkrar emal üçün ölkəyə 187 min dekalitr şərab materialı idxal olunmuşdur.
Azərbaycanın təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın əvəzləşdirilməsinə şərait yarada bilər.
Azərbaycanda üzümçülük qədim və ənənəvi istehsal sahələrindən biridir. Əvvəllər Azərbaycanda 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilmiş və bunlardan təxminən 400-ü yerli üzüm sortlarına aid olmuşdur. Ölkə ərazisində üzüm sahələrinin coğrafi cəhətdən yerləşdirilməsi rayonların əlverişli torpaq-iqlim şəraiti nəzərə alınmaqla həyata keçirilmişdir.
Üzümçülüyün ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və üzüm emalı sənayesinin inkişafına xüsusi diqqət yetirmişdir. Onun şəxsi göstərişi ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu, həmçinin şərabçılıq sənayesinə mühəndis-texnoloq, mühəndis-mexanik kadrların hazırlanması məqsədi ilə 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutu yaradılmışdır.
1970-ci ildə üzüm sahələri 121,6 min hektar, üzüm istehsalı 351,7 min ton, məhsuldarlıq 46,8 sentner təşkil etdiyi halda, sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq artıq 1984-cü ildə üzüm sahələri 2,3 dəfə, üzüm yığımı 6 dəfə, məhsuldarlıq isə 2 dəfədən çox artaraq ən yüksək həddə çatmaqla 99,2 sentner təşkil etmişdir. Bununla da o dövrdə Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxmışdır.
Təəssüf ki, keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən 1985-ci ildə qəbul edilmiş "Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri" haqqında səriştəsiz qərardan sonra respublikamızın iqtisadiyyatının aparıcı sahələrindən biri olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzüm sahələri məhv edildi, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, üzüm sahələrində yetişdirilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortları itirilmək təhlükəsi ilə üzləşdi, məhsuldarlıq xeyli azaldı, üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düşdü. Bununla yanaşı, Ermənistanın torpaqlarımıza 1988-ci ildən başlayan təcavüzü nəticəsində 43 min hektar üzüm bağı işğal altında qalmışdır.
Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu sahədə müşahidə olunan tənəzzülün qarşısı tədricən alındı, üzümçülük və şərabçılığa diqqət yenidən artırıldı. Keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aqrar sektorda aparılan islahatlar nəticəsində bütün şərab və ilkin şərab emalı, şampan və konyak zavodları özəlləşdirməyə açıq elan edilərək onların bazasında 53 səhmdar cəmiyyəti yaradılmış, qalan 82 emal müəssisəsi isə kiçik müəssisə kimi özəlləşdirilmişdir.
Üzümçülükdə müşahidə olunan tənəzzülün qarşısı 2005-ci ildən başlayaraq alınmış, tədricən yeni üzüm bağlarının salınmasına, eləcə də keçmiş ənənələrdən və beynəlxalq təcrübədən yararlanmaqla üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqinə başlanılmış, nəticədə üzüm plantasiyalarının genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığında əhəmiyyətli artıma nail olunmuşdur.
Əlverişli biznes mühiti və müvafiq xammal bazasının mövcudluğu ölkədə müasir şərabçılıq müəssisələrinin yaradılmasına imkan vermişdir. Bu müəssisələr yeni üzüm sortları və texnologiyalar əsasında müasir üzüm plantasiyalarının salınmasında iştirak edir.
Üzüm istehsalı üçün ölkəmizin əlverişli təbii-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına olan yüksək tələbat üzümçülüyün daha da inkişaf etdirilməsini zəruri edir. Məhz buna görə Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
Keyfiyyətli süfrə və texniki üzüm sortlarından ibarət plantasiyaların salınması ilkin mərhələdə bioloji və fitosanitar baxımdan təmiz, yüksək məhsuldar, keyfiyyətli, ölkəmizin təbii-iqlim şəraitinə uyğun üzüm tinglərinin idxalına ehtiyac yaradır ki, bu da əlavə maliyyə vəsaiti tələb edir. Bu baxımdan üzümçülüyün davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli üzüm sortlarının yetişdirilməsi ölkəmizdə tingçilik təsərrüfatlarının yaradılmasını şərtləndirir.
Yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Odur ki, mövcud və yeni yaradılacaq üzümçülük təsərrüfatlarının uzunmüddətli maliyyə resursları ilə təminatı qarşıda duran ən vacib məsələlərdən biridir.
İstehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü (yığılması, saxlanması, qablaşdırılması, satışı və s.) xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə həmin məhsulların "plantasiya-istehlakçı (şərabçılıq və digər emal müəssisələri, üzümsaxlama anbarları, ticarət-satış şəbəkələri və s.)" sxemi üzrə reallaşdırılması məsələləri həlli vacib olan problemlərdən biridir.
"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) qeyd olunan problemlərin həllinə və üzümçülük və şərabçılığın kompleks inkişafına yönəldilmişdir.
1.2. Dövlət Proqramının məqsəd və vəzifələri
Dövlət Proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.
Qeyd olunan məqsədə nail olunması aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzümlüklərin salınması;
- tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;
- üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi;
- üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;
- üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi;
- üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
- üzüm və şərabçılıq məhsulları emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni belə müəssisələrin yaradılmasının stimullaşdırılması;
- üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının stimullaşdırılması;
- mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədi ilə anbar şəbəkələrinin və saxlanma kameralarının tikintisinin dəstəklənməsi;
- üzüm və şərabçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması;
- üzüm və şərabçılıq məhsullarının ixracının stimullaşdırılması;
- üzüm və şərabçılıq məhsulları üzrə daxili bazarın haqsız rəqabətdən qorunması;
- üzüm və şərabçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;
- üzüm və şərabçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi.
1.3. Üzümçülüyün və şərabçılığın inkişafının əsas istiqamətləri
Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- üzümçülük və şərabçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;
- institusional tədbirlərin həyata keçirilməsi;
- uzunmüddətli dövr üzrə üzümçülüyün inkişafını təmin edən maliyyələşdirmə mexanizmlərinin yaradılması;
- biotik və abiotik amillərə davamlı, məhsuldar, keyfiyyətli süfrə və texniki üzüm sortlarının müəyyənləşdirilməsi, eləcə də məhsul istehsalının təşkili üzrə kompleks tədbirlərin həyata keçirilməsi;
- şərabçılıq və digər üzüm emalı sahələrinin inkişafının dəstəklənməsi;
- aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, irriqasiya və tədarük-satış üzrə infrastrukturun inkişafının dəstəklənməsi.
1.4. Dövlət Proqramının maliyyələşmə mənbələri
Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
- dövlət büdcəsi;
- büdcədənkənar fondlar;
- Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi;
- yerli və xarici özəl birbaşa investisiyalar;
- digər mənbələr.
1.5. Dövlət Proqramının
icrasından gözlənilən
nəticələr
Dövlət Proqramının icrasından
aşağıdakı nəticələrin
əldə edilməsi
gözlənilir:
- əhalinin süfrə
və quru üzümə, şərabçılıq
və digər üzüm emalı məhsullarına, üzüm
emalı və şərabçılıq sənayesinin
isə xammala olan tələbatının
daxili istehsal hesabına ödənilməsinin
təmin edilməsi;
- yeni iş
yerlərinin yaradılması,
kənd əhalisinin gəlirlərinin artımına
nail olunması;
- dövlət büdcəsinə və yerli büdcəyə daxilolmaların artırılması;
- kənd yerlərində
sosial şəraitin yaxşılaşdırılması;
-
üzümçülük və şərabçılıqla
bağlı digər sahələrin inkişafının təmin
edilməsi.
Azərbaycan.-2011.-16 dekabr.-S.6.