Milli ideya məsələsinəmükəmməl elmi baxış

 

 Eyni təsərrüfat sisteminə, dilə, dinə, milli-mənəvi irsə, adət-ənənə və dəyərlər sisteminə xas insanlar qrupu qərinələr boyu milli dövlətlərini yaratmaq idealı ilə yaşasalar da, bunu gerçəkləşdirmək  hamısına nəsib olmur. Bu mənada, istənilən xalqın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən və gələcək inkişaf strategiyası barədə aydın təsəvvürə malik xalqlar müstəqil dövlətlərini quraraq onun mövcudluğunu qoruyub saxlaya bilirlər.

 

 Milli ideya – davamlı inkişafın "lokomotivi"

 

 Bu mürəkkəb proseslərdə bir həqiqət də tam təsdiqini tapmışdır ki, istənilən xalqın vahid məqsəd naminə birləşməsi, konkret niyyətə doğru inamla irəliləməsi, inkişaf və tərəqqi yönümünü düzgün müəyyənləşdirməsi müxtəlif tarixi mərhələlərdə qarşıya qoyulan məqsədlərdən asılıdır. Cəmiyyətdə mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən bu məqsədlər müəyyən hallarda qlobal səciyyə daşımaqla, mütərəqqi və nəcib mahiyyəti ilə ictimai şüurda möhkəmlənir, tədricən inkişaf edərək milli ideya səviyyəsinə yüksəlir. Müasir dövrdə hər bir xalqın tarixi inkişaf yolundan soraq verən milli ideya özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, məqsədlərini təcəssüm etdirir.  Cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyası olmaqla yanaşı, hərtərəfli tərəqqinin vacib amilinə çevrilir. Milli ideya eyni zamanda həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan niyyət, yaxud nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir. Milli ideya xalqların tarixi inkişaf yolundan, maddi-intellektual resurslarından, yerləşdiyi coğrafi-siyasi mövqedən, ən əsas qarşıya qoyduğu perspektiv hədəflərdən asılı olaraq müxtəlifdir.

Mənəvi dəyər və ölçülərin aşınmaya məruz qaldığı hazırkı qloballaşma əsrində ayrı-ayrı millətlərin təkcə malik olduqları milli-mədəni irsin deyil, bütövlükdə ümumbəşəri ideal və dəyərlərin yad təsirlərdən qorunması vacib məsələ kimi önə çıxmışdır. Hər bir etnosun tarixi təkamül prosesləri nəticəsində formalaşmış mədəni, bədii-estetik baxışlarının, düşüncə sisteminin, adət-ənənələrinin hifz edilərək gələcək nəsillərə ötürülməsi, habelə cəmiyyətə yüksək mənəvi keyfiyyətlərin əxz olunması məsələləri də hazırda sosial sifariş kimi özünü göstərir. Bu reallıq fonunda milli ideyanın hər bir xalqın milli özünüməxsusluğunun qorunub saxlanılması prosesində müstəsna rolu da qabarıq duyulur. Tarixən olduğu kimi, müasir dövrdə də etnik-milli identikliyin qorunub saxlanılması prosesində milli ideya bir növ polad dəbilqə rolunu oynayır.

Milli ideya xalqın gələcək taleyini müəyyənləşdirən və həyati əhəmiyyətli məsələlərin həllində onun potensial enerjisini səfərbər edən inteqrativ milli mənlik şüuru kimi də nəzərdən keçirilir. Bəzən cəmiyyətdə ən antoqonist və nihilist mövqedə dayanan, psixoloji barışmazlıq ovqatındakı qüvvələr milli ideyanın təsiri altında konsensusa gəlir, taleyüklü məsələlərdə milli birliyin nə qədər vacib olduğunu dərk edirlər. Yəni milli ideya dövlətlərin mövcud potensialının daha sabit və dayanıqlı inkişaf, habelə firavan gələcək naminə səmərəli şəkildə səfərbər olunmasına imkan yaratmaqla yanaşı, həmrəylik formulu kimi özünü təsdiqləmişdir.

Empirik təhlillər göstərir ki, milli ideya əvvəlcə ictimai şüurun oyanması   müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu halda, milli ideya həm də müvafiq ideologiyanın formalaşması üçün bir növ etibarlı təmələ, bünövrəyə çevrilir. Tarix boyu milli ideya ətrafında sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləmiş və uğurlu nəticələr əldə etmişlər. Bu mənada, dünya arenasında layiqli yer tutmaq istəyən hər bir millətin milli ideyasının - inkişafının məqsəd və prioritetlərinin olması son dərəcə vacibdir. Daha dəqiqi, istənilən ölkənin davamlı inkişafı, ilk növbədə, yaradılmasına cəhd göstərilən cəmiyyət modelinin ideoloji əsaslarının dəqiq müəyyənləşdirilməsindən, onun geniş ictimaiyyətə çatdırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərdən başlayır. Cəmiyyətdə mütləq çoxluğun qəbul etdiyi, bölüşdüyü müsbət yüklü ideya, məqsəd və dəyərlər məslək, əqidə, fikir və dünyagörüşü yaxınlığı yaratmaqla intibah baxımından son dərəcə zəruri məqsədlərin həyata keçirilməsinə kömək edir.

Əminliklə deyə bilərik ki, müxtəlif tarixi mərhələlərdə Azərbaycan xalqının tapındığı milli ideya ölkənin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Yeni yüzillikdə də qarşıya qoyduğu ali ideallara doğru inamla irəliləyən xalqımız məhz bunun sayəsində milli özünüməxsusluğunu qoruyub saxlayır. Bu reallıq fonunda milli ideya probleminin milli inkişaf prosesində yeri və rolunun elmi cəhətdən araşdırılması, əldə olunmuş konseptual nəticələrin ümumiləşdirilməsi son dərəcə vacib və əhəmiyyətlidir. Reallıq göstərir ki, bu sahədə tədqiqatlar kifayət qədər sistemli, ardıcıl xarakter daşımır və respublikanın hazırkı iqtisadi inkişaf dinamikasına adekvat deyildir.

 

 

 

Azərbaycan milli ideyasının təşəkkül və formalaşma mərhələləri

 

 Son 15 ildə Azərbaycanın keçdiyi mürəkkəb inkişaf mərhələlərini dərin elmi təhlilə, analizə cəlb edərək demokratikləşmə, iqtisadi modernləşmə və siyasi liberallaşma məsələləri ilə bağlı sanballı tədqiqatlarını elmi ictimaiyyətə çatdıran, keçilən uğurlu yolun nəzəri-metodoloji, fəlsəfi, politoloji və futuroloji şərhinə geniş diqqət ayıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir müddət əvvəl rəsmi mətbuatda işıq üzü görmüş "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" adlı müsahibəsi bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Dərin elmi araşdırma və təhlillərin, ümumiləşdirmələrin nəticəsi kimi ərsəyə gələn, mövzu aktuallığı, fakt zənginliyi ilə diqqəti çəkən əsər milli ideya probleminin konseptual elmi izahına və dərkinə xidmət edən ilk sanballı tədqiqatlardan biridir. Əsərdə milli ideya problemi nəzəri-metodoloji aspektdə təqdim olunmuş, eyni zamanda onun Azərbaycan dövlətçiliyinin yaranması, milli şüurun, özünüdərk hissinin inkişafı, habelə milli tərəqqi prosesindəki müstəsna rolu önə çəkilmişdir. Elmi və praktik təcrübənin uğurlu sintezi əsasında qələmə alınan əsərdə, eyni zamanda milli ideyanın gerçəkləşdirilməsi mexanizmi olan milli ideologiya problemi dərindən təhlil edilmişdir. 

Müsahibədə diqqəti çəkən mühüm cəhət milli ideyanın formalaşması və inkişaf mərhələlərinin konkret tarixi proses və hadisələrin elmi-nəzəri təhlili əsasında şərh edilməsi, habelə müxtəlif dövrlər üçün aktual ideoloji konstruksiyaların, fəlsəfi-siyasi baxışlar sisteminin ortaya qoyulmasıdır. Akademik gərgin elmi araşdırmalarının nəticəsi olaraq bu qənaətə gəlmişdir ki, spesifik məzmunu olan, universallığı, humanistliyi, çevikliyi və təbiiliyi ilə fərqlənən Azərbaycan milli ideyası mürəkkəb təşəkkül yolu keçmişdir. Əsərdə diqqət çəkən bu fikirlə da tam razılaşmaq olar ki, Azərbaycanda milli ideyanın təşəkkülü XIX əsrin əvvəllərində müşahidə olan milli mədəni intibah və maarifçilik hərəkatı ilə eyni dövrə təsadüf edir. Ümumilikdə, XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın "türkləşmə, islamlaşma, avropalaşma" prioritetlərini əks etdirən formulunu yaratmışdır. Bu tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli klassiklər, görkəmli maarifçilər azərbaycanlıların milli mənlik şüurunun oyanışında və milli ideyanın formalaşmasında başlıca rol oynamışlar.

XX əsrin əvvəllərində Azərbaycanda sənaye cəmiyyətinin yaradılması yolunda atılan addımlar ölkədə milli mədəni inkişaf prosesini və etnik-mədəni millətin formalaşması prosesini sürətləndirmişdir. Bu mərhələnin səciyyəvi cəhəti ondan ibarətdir ki, Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçmişdir. Lakin sonradan bir tərəfdən çar Rusiyasında baş verən proseslər, digər tərəfdən ictimai şüurda milli identikliyin güclənməsi müstəqillik istəyinin milli ideya səviyyəsinə yüksəlməsinə təkan vermişdir. Beləliklə, müsəlman Şərqində ilk demokratik və hüquqi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli ideya, qısamüddətli də olsa, özünün strateji hədəfinə çatmışdır.

Akademik Ramiz Mehdiyev müsahibəsində bununla bağlı deyir: "Beləliklə, 1918-ci il 28 may tarixi Azərbaycan milli ideyasının həyata keçməsinin ilk rəmzi olmuşdur. Xalqın ən yaxşı övladları bu ideyanın təntənəsi uğrunda mübarizə aparmışlar. Gənc dövlətin baniləri Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması uğrunda gərgin mübarizə aparmalı olmuşlar. Lakin böyük dövlətlərin maraqları, siyasi konyunktur bu məqsədə nail olmaq üçün ciddi maneəyə çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən az sonra Müvəqqəti Milli Şura ölkənin müvəqqəti paytaxtına - Gəncə şəhərinə köçmüş və yalnız sentyabrın ortalarında Bakı "Sentrokaspi diktaturası" qoşunlarından azad ediləndən sonra hökumət fəal dövlət quruculuğuna və ölkənin daxili həyatını tənzimləməyə başlaya bilmişdi".

 

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi müdaxilə nəticəsində süqutundan sonra qırmızı imperiyanın sərt təzyiq və repressiyaları ilə üzləşən Azərbaycan xalqı qəlbində qubar salmış müstəqillik idealını qorumuş, ən ağır dönəmlərdə belə milli özünəməxsusluğunu qoruyub saxlamışdır. Lakin yalnız ötən əsrin 70-ci illərində ulu öndər Neydər Əliyevin sovet Azərbaycanında hakimiyyətə gəlişindən sonra azərbaycanlıların qəlbində közərən müstəqillik, dövlətçilik düşüncəsinin praktik reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Böyük strateq hələ 70-ci illərdə milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə, milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır.

 

 

 

Müstəqillik illərində milli ideyanın başlıca hədəfləri

 

 Tarixdən məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtlərdir. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmək şansı qazanan Azərbaycanın ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanılması özü milli ideyaya çevrilmişdi. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən de-yure müstəqil sayılan Azərbaycanın de-fakto qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır.

Ulu öndər Heydər Əliyev bu mərhələdən respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir.

Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; milli mənsubiyyəti, milli-mənəvi dəyərləri hifz etmək, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.

Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbaycanlıların deyil, digər milli azlıqların da maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur.

Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərimizi özündə ehtiva edən folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini-etnik tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

Akademik Ramiz Mehdiyev "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" əsərində milli-etnik tolerantlığı azərbaycançılığın fundamental əsaslarından biri kimi dəyərləndirmişdir: "Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Azərbaycanın polietnik təbiəti bizim böyük sərvətimizə çevrilmişdir. Biz müasir Azərbaycanı səciyyələndirən bu sərvətin qədrini bilməliyik. Bu dövrdən etibarən milli identifikasiyanın yeni forması daha geniş və yenilənmiş formatda "azərbaycançılıq" ideologiyası ilə eyniləşdirilir. Məhz həmin dövrdə Azərbaycan millətinin dövlət müstəqilliyinin yaranması və möhkəmlənməsi kontekstində milli ideyanın formalaşması prosesi tam başa çatmışdır".

 

 

 

Müstəqil və qüdrətli Azərbaycan naminə

 

 Milli ideya sabit və statik xarakterli olmayıb zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir. Hələ 90-cı illərin əvvəlində ulu öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi formasiya üçün zəruri iqtisadi islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdir. Lakin son illərdə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə dəyişmişdir.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 5000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.

Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir. Özünü cəmiyyətə ziyalı kimi sırımağa çalışan bəzi şəxslərdən fərqli olaraq, ölkənin həqiqi ziyalıları, elm adamları bu inkişaf və tərəqqini böyük qürurla qarşılayırlar.

Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də ardıcıl addımlar atır. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın sadəcə bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı məqbul saymır. Cənab İlham Əliyevin sözügedən sərəncamı ölkənin uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını nəzərdə tutur. Sərəncamda deyilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".

Sərəncamda həmçinin qeyd olunur ki, ölkənin inkişafının hazırkı mərhələsində əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası gələn ilin sonunadək 2020-ci ilə qədərki dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını hazırlamalıdır. Şübhə etmədən demək olar ki, belə bir konsepsiyanın hazırlanması Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.

Bu mərhələdə, eyni zamanda, Azərbaycanın modernləşməsi prosesi uğurla başa çatdırılacaqdır. Şübhəsiz, modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni, iqtisadiyyatının xarakterinin mahiyyətcə dəyişdirilməsini başa düşmək lazımdır. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyləri olmadan modernləşmə mümkün deyildir.

Akademik Ramiz Mehdiyev "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" əsərində iqtisadi inkişaf və demokratikləşmə məsələlərinə də xüsusi diqqət ayırır: "Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayış atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində dərin marağı olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Beləliklə, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur. Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir".

 Görkəmli filosof haqlı olaraq qeyd edir ki, demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər əsaslı yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır.

Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir.

 

 

 

Sosial dövlət konsepsiyası

 

 Son 8 ildə iqtisadi müstəqilliyini daha da gücləndirən Azərbaycan dayanıqlı və dinamik iqtisadi artımını təmin edə bilmiş, sosial rifahın əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olmuşdur. Bu müddətdə Azərbaycanda həyata keçirilən islahatların Azərbaycanda insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan, Azərbaycanın inkişaf modeli İçveç modelinə daha yaxındır. İsveç modelində sosial siyasət vacib yer tutur və işçi qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal şəraitin yaradılmasını təmin etməklə, sosial gərginliyin azaldılmasında, sinfi antoqonizm və münaqişələrin neytrallaşdırılmasında mühüm rol oynayır.

Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Fərəhli haldır ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir, Azərbaycan insan inkişafı indeksinə görə də dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biri kimi göstərilir. İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş sovetlər ittifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. Son  illərdə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olan ölkə kimi çıxış edir və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə qərar tutan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir.

Əldə edilmiş nailiyyətlər son hədəf olmadığından Prezident İlham Əliyev tərəfindən qarşıya Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması, bütün sahələr üzrə dayanıqlı tərəqqinin qorunub saxlanması kimi mühüm vəzifələr qoyulmuşdur. Bu məqsədlə sosial sferada da qarşıdakı dövr ərzində təbii olaraq mühüm addımlar atılacaq. Azərbaycan iqtisadiyyatının sosialyönümlü olması göstərir ki, qarşıda duran vəzifələr uğurla reallaşacaq.

Azərbaycanın iqtisadiyyatının sosialyönümlü olduğunu 2012-ci ilin dövlət büdcəsi də bir daha təsdiqləyir. Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 4,7 milyard manatdan çox olacaq. Orta aylıq əməkhaqqının məbləği bu ilin sonuna gözlənilən məbləğlə müqayisədə 45,7 manat çox olmaqla 432,5 manat və ya 547,5 ABŞ dolları təşkil edəcək. Növbəti ildə inflyasiyanın 6 faiz səviyyəsində proqnozlaşdırılmasına baxmayaraq, əhalinin gəlirləri üzrə artımın inflyasiyanı 0,8 faiz üstələməsi fərdi istehlak tələbinin qorunub saxlanılmasına müsbət təsir göstərəcəkdir.

Ümumilikdə, akademik Ramiz Mehdiyevin "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" fikri bir daha təsdiqləyir ki, milli ideya tarixən hər bir xalqın inkişaf və tərəqqisində lokomotiv rolunu oynayaraq onun firavan gələcəyi üçün uğurlu təməl hazırlamışdır. Bu mənada, müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur.

 

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor

Azərbaycan.-2011.-16 dekabr.-S.4.