Azərbaycanın və Türkiyənin
Ədliyyə akademiyaları
arasında əlaqələr
genişlənir
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş, Şəhidlər xiyabanını və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.
Qonaqlar, həmçinin Azərbaycanda məhkəmə-hüquq islahatlarına dair beynəlxalq konfransda iştirak etmiş, Baş Prokurorluqda, Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Bakı Dövlət Universitetində görüşlər keçirmişlər.
Dekabrın 15-də nümayəndə heyəti ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və sıx dostluq münasibətlərini qeyd edən nazir zəngin müqavilə-hüquq bazasına söykənən hüquqi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, ədliyyə nazirlərinin müntəzəm, o cümlədən ötən aylarda qarşılıqlı səfərlərini, ədliyyənin müxtəlif sahələri üzrə hər iki ölkədə birgə tədbirlərin həyata keçirildiyini vurğulamışdır.
Respublikamızda dövlət başçısının siyasi iradəsi və bilavasitə rəhbərliyi ilə aparılan hüquqi islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin inkişafı, yeni məhkəmə infrastrukturunun yaradılması, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, hakimlərin tədrisi üzrə işlər qeyd olunaraq, bu tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakı, qardaş ölkənin dəstəyi ilə 80 nəfər hakimliyə namizədin Ankara və İstanbulda iki həftəlik nəzəri və praktiki təlimlər keçdiyi təqdir edilmişdir.
Təməli bütün türk dünyasının lideri Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatlarının ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan qonaq bu islahatların Azərbaycanın müasir dünyaya inteqrasiyasına təkan verəcəyinə inamını ifadə etmiş, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Avropa dövlətləri üçün örnək kimi dəyərləndirilən Azərbaycanın hakimlərin seçim proseduru ilə bağlı müsbət təcrübəsini ölkəsində tətbiq edəcəyinə dair niyyətini bildirmişdir. H.Yıldırım Türkiyə Ədliyyə Akademiyasının fəaliyyəti barədə məlumat verərək, azərbaycanlı hakimlərin və digər hüquqşünasların rəhbərlik etdiyi qurumda tədris keçmələri üçün hər zaman hazır olduğunu söyləmiş, konkret təkliflər irəli sürmüşdür.
Görüşdə Azərbaycanın və Türkiyənin Ədliyyə akademiyaları arasında əməkdaşlığa dair İşçi Proqram imzalanmışdır.
Həmin proqram çərçivəsində hüquq sahəsində elmi və təcrübi mübadilənin aparılması, hakimlərin, hakimliyə namizədlərin, prokurorluq, ədliyyə və məhkəmə aparatı işçilərinin təhsilinin qarşılıqlı dəstəklənməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hər iki tərəf bu mühüm sənədin uğurla icra olunacağına və qarşılıqlı fəaliyyətə əlavə dəyərli töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.
Qonaqlar
nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış
olmuşlar.
Azərbaycan.-2011.-16 dekabr.-S.3.