Milli Məclisdə görüş

 

 Azərbaycanda səfərdə olan İsrailin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti dekabrın 15-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə  komitəsinin sədri Ziyafət Əsgərovla görüşmüşdür.

Z.Əsgərov demişdir ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər getdikcə daha da möhkəmlənir və ikitərəfli əməkdaşlığın inkişafında qanunverici orqanların xüsusi rolu vardır. Parlamentlərdəki dostluq qruplarının fəaliyyəti bu baxımdan xüsusilə qeyd olunmalıdır.

Nümayəndə heyətinin rəhbəri, İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Rafael Barak ölkəmizə səfərlərindən məmnun qaldıqlarını bildirmişdir. O demişdir ki, biz Azərbaycan ilə İsrailin münasibətlərinin ildən-ilə möhkəmlənməsindən çox şadıq. Müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi sayəsində bir çox vacib məsələlər həllini tapmışdır.

Rafael Barak ölkəmizi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş, bunun əlamətdar hadisə olduğunu bildirmişdir.

Sonra görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən parlamentlərarası münasibətlərə dair fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2011.-16 dekabr.-S.3.