«Müstəqil Azərbaycan» sənədli
filminin təqdimatı olmuşdur
Dekabrın 15-də Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə və Türkiyə-Azərbaycan əlaqələrinə həsr edilmiş "Müstəqil Azərbaycan" sənədli filminin təqdimatı keçirilmişdir.
Mərasimdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini, ötən 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırmış, xalqlarımızın dostluğundan bəhs etmişdir. Bildirmişdir ki, TRT-nin Bakı nümayəndəliyi tərəfindən ekranlaşdırılmış bu film yüksək səviyyədə hazırlanmışdır.
Səfir demişdir ki, ötən 20 ildə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur. Hazırda Azərbaycan bölgədə güclü bir dövlətdir və zaman ötdükcə güclənməkdədir. Azərbaycan bölgədə parıldayan bir ulduzdur. Türkiyə hər zaman Azərbaycanın yanında olmuş və bütün sahələrdə təcrübəsini bölüşmüşdür. Azərbaycanın zəngin enerji ehtiyatlarının Türkiyə ərazisindən dünyaya ixrac edilməsi əlaqələrimizin inkişafına böyük töhfə vermişdir. Əgər 2010-cu ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 2,5 milyard dollar idisə, bu il 3 milyard dollar olmuşdur. Bu rəqəm daha da artacaqdır.
Böyük öndər Atatürkün 1921-ci ildə dediyi: "Azəri türklərinin dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" - kəlamını xatırladan diplomat vurğulamışdır ki, bu fikirlər Türkiyənin Azərbaycana yaxınlaşması, onun kədərinə, sevincinə şərik olmaqla bərabər, həm də ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq və qardaşlıq əlaqələrinin inkişafı, möhkəmləndirilməsi üçün bir çağırış idi.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ötən 20 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrindən danışmışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra iki ölkə arasında qardaşlıq əlaqələri uğurla inkişaf etmişdir. Ümummilli lider Heydər Əliyevin: "Bir millət, iki dövlət" kəlamı artıq bütün dünyaya yayılmışdır. Azərbaycan həmişə Türkiyənin dəstəyini hiss etmişdir. Eyni zamanda, Azərbaycan həmişə Türkiyənin yanında olmuşdur.
Mərasimdə
Milli Məclisin deputatları Nizami Cəfərov, Məlahət
İbrahimqızı, Qənirə Paşayeva, Jalə
Əliyeva çıxış edərək son 20 ildə
ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq əlaqələrindən
danışmış, filmi yüksək qiymətləndirmişlər.
Otuz dəqiqəlik sənədli filmin rejissoru Nailə Əkbərovadır. Filmdə dövlət müstəqilliyinin bərpasından ötən 20 ildə Azərbaycanın əldə etdiyi uğurlardan geniş bəhs olunur. Yeni ekran əsərində, həmçinin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin inkişafı ilə bağlı ictimai-siyasi xadimlərin fikirləri yer almışdır. Bundan əlavə, filmdə Azərbaycanın qədim tarixinə də toxunulmuşdur.
AzərTAc
Azərbaycan.-2011.-16 dekabr.-S.3.