Azərbaycanın
seçki sistemi demoktarik meyarlara tam cavab verir
Tarixi təcrübə göstərir ki, hər bir
dövlətin mütərəqqi inkişafı müxtəlif
səbəblərlə yanaşı həm də demokratik
seçkilərdən asılıdır. Seçkilər
idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin
siyasi-ictimai həyatında iştirakının ən kütləvi
formasıdır. Xalq dövlətin idarə
edilməsində iştirak hüquqlarını əsas
etibarilə seçkilər vasitəsilə
reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin
razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə
çevirən ən başlıca mexanizm isə, ilk növbədə,
azad, ədalətli və obyektiv seçkilərin təşkilidir.
Demokratik seçkilərin əsas şərti hesabat vermək
məsuliyyətindən əlavə, həm də
aşkarlıq, şəffaflıq, obyektivlikdir. Seçkilərin
bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin,
hüquq düşüncəsi və mədəniyyətinin
formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında
birləşdirilməsi kimi çox mühüm amillərə
meydan açır. Azərbaycan xalqı da ötən əsrin
sonlarına doğru dövlət müstəqilliyinə
qovuşduqdan sonra hüquqi, demokratik, dünyəvi inkişaf
kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi,
öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz
demokratik, azad, şəffaf seçkilər yolu ilə -
müstəqil, azad iradə əsasında seçmək əzmini
nümayiş etdirmişdir. 1991-ci ilin 18 oktyabrında qəbul
olunmuş "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı"nda
xalqın azad, demokratik seçki yolu ilə hakimiyyəti
formalaşdırmaq hüququ bütün dünyaya bəyan
olunmuşdur.
Demokratik seçkilər hüquqi
dövlət quruculuğunun əsas göstəricilərindən
biridir
Konstitusiya Aktının 1991-ci ildə
qəbuluna baxmayaraq Azərbaycanda demokratik seçkilərin
keçirilməsi 1993-cü ildə Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra mümkün
oldu. Məhz ulu öndərin sayəsində
demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda
hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən
birinə çevrildi. Heydər Əliyevin
1993-cü ilin oktyabrında prezident seçilməsi isə
xalqın öz rəhbərinə sonsuz məhəbbətinin
ifadəsi olmaqla bərabər, ölkədə
demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti
quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə
təkmilləşdirilməsinin əsasını qoydu.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə
1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab
verən azad, ədalətli, obyektiv seçkilərin
keçirilməsi üçün əsas prioritetləri
müəyyənləşdirdi. Konstitusiyanın
4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli
nümayəndələrdən başqa heç kəsin
xalqı təmsil etmək, xalqın adından danışmaq
və xalqın adından müraciət etmək hüququ
yoxdur. Əsas Qanunun 56-cı maddəsinə
əsasən, hər bir Azərbaycan vətəndaşının
dövlət orqanlarına seçmək və seçilmək,
habelə referendumda iştirak etmək hüququ var.
Azərbaycan dövləti tarixi təkamül yolu ilə
qazanılan nailiyyətlərlə kifayətlənməmiş,
ölkədə seçki təcrübəsinin demokratik
standartlara uyğunlaşdırılması yönündə
səyləri artırmış, beynəlxalq təşkilatlarla
əməkdaşlıq münasibətlərini gücləndirmişdir. Ölkə iqtidarinın
siyasi iradəsilə 1997-ci ildən ölkədə müasir
standartlara cavab verən seçki qanunvericiliyinin
formalaşdırılması məqsədilə Azərbaycan
hökuməti və ATƏT-in Demokratik Təsisatlar və
İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal
işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən
diqqəti xüsusilə çəkir. Azərbaycan
2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv
qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq
hüdudları daha da genişlənmiş, ölkədə
seçki qanunvericiliyinin təkmilləşdirilməsi
işində Avropa Şurasının Venesiya Komissiyası da
yüksək fəallıq göstərmişdir.
Mükəmməl seçki
sisteminin yaradılmasına gətirib çıxaran
Seçki Məcəlləsi
Azərbaycanda
seçki qanunvericiliyinin unifikasiyası məqsədilə
2003-cü ilin mayında Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın
uğurlu bəhrəsidir. Sənədin
hazırlanması ilə bağlı ilk növbədə
Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və
Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES)
sıx əməkdaşlıq münasibətləri
qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən
bu təşkilatlarla aparılan məsləhətləşmələrdən,
alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi
Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
2002-ci
ilin dekabrında Azərbaycan hökumətinin nümayəndələri,
müxalifət nümayəndələri, beynəlxalq təşkilatların
və ictimaiyyətin nümayəndələrinin
iştirakı ilə ATƏT tərəfindən təşkil
olunmuş "dəyirmi masa"larda Seçki Məcəlləsinin
layihəsi ətrafında müzakirələr
aparılmış, televiziya vasitəsilə yayımlanan bu tədbirlər
nəticəsində ictimaiyyət Seçki Məcəlləsinin
layihəsi ilə bağlı məlumatlar əldə
etmişdir. Bütün təkmilləşdirmələrdən
sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında
Milli Məclisdə qəbul edilmiş və Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanı ilə
qüvvəyə minmişdir. Beynəlxalq
ekspertlərin birmənalı rəyinə əsasən,
Seçki Məcəlləsi seçkilər sahəsində
bütün qanunvericilik normalarını özündə əks
etdirmiş, Avropa standartlarına uyğun tərtib
olunmuşdur. Sənəd ölkədə
prezident, parlament və bələdiyyə seçkilərinin,
həmçinin referendumun keçirilmə qaydalarını
müəyyənləşdirmişdir. Seçki
Məcəlləsi eyni zamanda Mərkəzi Seçki
Komissiyasının, eləcə də dairə və məntəqə
seçki komissiyalarının təsisi və fəaliyyəti
prinsiplərini də özündə əks etdirmişdir.
Əvvəlki qanunlarla müqayisədə
Seçki Məcəlləsi şəffaf və demokratik
seçkilərin keçirilməsi üçün daha
möhkəm hüquqi bazisin yaradılması, namizədlərin
qeydiyyatı, seçkilərə hazırlıq və
seçki komissiyalarının formalaşdırılması,
fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin
təkmilləşdirilməsinə imkan yaratmışdır.
2003-cü
il oktyabrın 15-də azad, demokratik və
şəffaf şəraitdə keçirilmiş prezident
seçkiləri Seçki Məcəlləsinin mütərəqqi
və təkmil sənəd olduğunu tam təsdiqləmişdir.
Azərbaycan Respublikası prezidentliyinə bütün
namizədlərə öz seçki kampaniyalarını
qanunamüvafiq şəkildə aparmaq üçün
lazımi mühit və bərabər imkanlar
yaradılmışdır. Bununla yanaşı, fəal
seçki kampaniyasının aparılması, seçkilərə
texniki hazırlığın yüksək səviyyədə
təşkili, Mərkəzi Seçki Komissiyası və dairə
seçki komissiyalarının işi müsbət məqamlar
kimi ATƏT, Avropa Şurası və ATƏT parlament
assambleyalarından ibarət Beynəlxalq Seçki
Müşahidəsi Missiyasının seçkilərə
dair rəyində əksini tapmışdır. 15
oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident
seçkiləri xalqın demokratik seçiminin dönməzliyini
və ölkədə demokratik islahatların
davamlılığına sadiqliyini bir daha sübut etmiş,
demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş
olmuşdur.
Seçki
təcrübəsi və qanunvericiliyi təkmilləşməyə
meyillidir
1993-cü ildən indiyədək keçirilən
bütün seçkilərə, referendumlara, həmçinin
ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə
təyin olunmuş əlavə və təkrar seçkilərə
dair beynəlxalq təşkilatların verdikləri müqayisəli
rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə
seçki praktikası və mədəniyyəti daha da
yüksəlmişdir. Təbii ki, bütün bunların
kökündə Azərbaycan hakimiyyətinin ölkədə
demokraktik dəyərlərin möhkəmlənməsi ilə
bağlı qətiyyətli və ardıcıl mövqeyi
dayanır.
Beynəlxalq
miqyasda respublikamızın demokratik imicinin daha da yüksəlməsinə
nail olan Prezident İlham Əliyev də seçki sisteminin daha
da təkmilləşməsini və hər bir seçkinin ədalətli
və şəffaf keçirilməsini diqqət mərkəzində
saxlayır. Məhz cənab İlham Əliyevin
ölkəmizə rəhbərlik etməsindən sonra
seçki sisteminin təkmilləşdirilməsi istiqamətində
görülən işlər bunun əyani təsdiqidir.
2005-ci ilin fevral və mart aylarında Azərbaycan
ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ekspertlərinin
görüşləri keçirilmiş, Seçki Məcəlləsinin
təkmilləşdirilməsi istiqamətində geniş
müzakirələr aparılmışdır. Bu müzakirələrin
yekunu kimi 2005-ci ilin may ayında Seçki Məcəlləsi
Milli Məclisin müzakirəsinə
çıxarılmış, sənədin 43 maddəsində
əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də parlament seçkilərindən
bir qədər əvvəl imzaladığı "Azərbaycan
Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə
dair" sərəncamı ölkəmizdə keçirilən
seçkilərin daha da demokratikliyinin təmin edilməsi
istiqamətində mühüm əhəmiyyət kəsb
etmişdir. Sərəncamda seçki rəsmilərinin təlim
kurslarından keçməsi məqsədilə müvafiq
proqramların hazırlanması, bu sahədə bütün
siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla
hərtərəfli əməkdaşlığın həyata
keçirilməsi, seçki prosesinə qanunazidd olaraq
müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti
orqanları rəhbərlərinin, digər dövlət məmurlarının
hüquqi məsuliyyətə cəlb edilməsi, televiziya
kanallarında deputatlığa namizədlərin bərabər
əsaslarla təbliği və siyasi platformaların
müzakirəsini təmin edən proqramların
hazırlanması, deputatlığa bütün namizədlər
üçün kütləvi informasiya vasitələrindən
bərabər qaydada istifadə etmələrini və onlar
üçün bərabər təbliğ imkanlarının
yaradılması, ixtisaslaşmış ictimai rəyçilər
tərəfindən "exit poll" prosesinin
aparılması, vətəndaşların sərbəst
toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin
çatdırılması, seçici siyahılarının
dəqiq, dürüst tərtibi və açıq
nümayiş etdirilməsi üçün zəruri tədbirlərin
görülməsi kimi məsələlər əksini
tapmışdır.
Sərəncamdan
sonra seçki praktikasının təkmilləşdirilməsi
sahəsində görülən tədbirlərin səmərəliliyinin
artırılması, Seçki Məcəlləsinin müddəalarının
seçkilərə hazırlıq dövründə və səsvermə
günü tam və şərtsiz həyata keçirilməsi,
vətəndaşların seçki hüquqlarının daha
dolğun təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də
"Milli Məclisə seçkilərin hazırlanması və
keçirilməsi ilə bağlı təxirəsalınmaz
tədbirlər haqqında" növbəti sərəncam
imzalamışdır.
Bütün
bunların nəticəsi idi ki, 2005-ci ildə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş
seçkilər demokratikləşmə prosesini sürətləndirən
bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin
beynəlxalq müşahidəçilər və təşkilatlar
seçkilərin şəffaflığına, ədalətliliyinə,
demokratik prinsiplərə uyğun keçirilməsinə dair
müsbət rəy vermişlər.
Cəmiyyətimiz gündən-günə daha da
inkişaf etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi
üçün qanunvericiliyin, o cümlədən seçki
qanunvericiliyinin təkmilləşdirilməsi təbii
sayılmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan
hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi
ilə bağlı təşəbbüslərə həssaslıqla
yanaşmışdır. Azərbaycan hakimiyyətinin
Avrora Şurası Venesiya Komissiyası ilə seçki
qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə
apardığı işin yekun nəticəsi olaraq 2008-ci ildə
Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin
145 maddəsinə 91 əlavə və dəyişikliyin edilməsi
sənədin daha da təkmilləşdirilməsinə xidmət
etmişdir.
Son
prezident seçkisi cənab İlham Əliyevə dərin
etimadı bir daha təsdiq etdi
Seçki Məcəlləsinə əlavə
və dəyişikliklər həm də 2008-ci il tarixli prezident seçkilərinin tamamilə
azad, ədalətli və obyektiv keçirilməsinə, vətəndaşların
seçki hüququnun etibarlı təminatına xidmət
etmişdir. Bu seçkidə Azərbaycan xalqı cənab
İlham Əliyevin simasında ən layiqli namizədi dəstəkləməklə
ulu öndər Heydər Əliyevin ideyalarının davam
etdirilməsinə səs verdi, taleyini etibarlı
əllərə əmanət etdi.
Belə də olmalı idi. Azərbaycanda
həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin
dövlətimizə və xalqımıza verdiyi dividendlərin,
Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinin və
digər nailiyyətlərin məntiqi yekunu cənab İlham
Əliyevin prezident seçkilərində qazandığı qələbə idi.
Prezident İlham Əliyev 2003-cü ildə verdiyi vədlərə
sadiq qalaraq Azərbaycanın bütün sahələrdə
inkişafını təmin etdi. Ona görə ölkə
vətəndaşları hələ 2008-ci ilin prezident
seçkilərindən çox-çox əvvəl cənab
İlham Əliyevin adı üzərində dayanaraq öz
seçimlərini etmişdilər. Bu mənada birinci
prezidentliyi müddətində ölkəmizin nail olduğu
uğurlar, keçdiyi böyük inkişaf yolu cənab
İlham Əliyevin növbəti prezident seçkilərində
də qələbə qazanması ilə başa
çatdı. Bu seçki Azərbaycan
xalqının Heydər Əliyev yoluna sədaqətini, bu xəttin
layiqli davamçısı İlham Əliyevə dərin
etimadını bir daha təsdiq etdi.
Bu seçki seçicilərin fəallığı ilə
əlamətdar oldu. Seçicilərin səsvermədə fəal
iştirakı vətəndaşların ölkənin siyasi
taleyində əhəmiyyətli rol oynayan prezident seçkilərinə
yüksək diqqət və maraq nümayiş etdirmələrini
göstərdi. Müxtəlif siyasi
partiyaları təmsil edən namizədlərin seçkiyə
qatılması da seçki prosesinin fəal keçirilməsində
mühüm rol oynayan amillərdən biri idi. Bütün namizədlərə seçki
kampaniyasının bütün mərhələlərində
eyni şərait yaradılmışdı. Namizədlərin səsvermə prosesindən sonra
verdikləri açıqlamalar da bunu təsdiqləyir.
Bütün məntəqələrdə seçkilər
Seçki Məcəlləsinin tələblərinə
uyğun, seçkinin nəticələrinə təsir edə
biləcək
heç bir nöqsana yol verilmədən
keçirildi. Həm demokratik seçki qanunvericiliyinin
olması, həm seçkilərin sivil normalara uyğun
keçirilməsi üçün bütün tədbirlərin
görülməsi, həm də Azərbaycan vətəndaşlarının
prezident seçkilərinə marağının olması
kampaniyanın
xalqın iradəsini ifadə edəcək formada
keçirilməsinə təminat verən cəhətlər
idi.
Bu baxımdan son prezident seçkisi Azərbaycanın
demokratik dəyərlərə sadiqliyini bir daha bütün
dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik
inkişafın göstəricisi kimi yadda qaldı. Azərbaycan hakimiyyəti
seçkilərin demokratik, dünya standartlarına uyğun
keçirilməsi üçün siyasi iradə və əzm
nümayiş etdirdi. Beynəlxalq təşkilatların,
dövlətlərin təmsilçiləri bunu yüksək
qiymətləndirdilər. Artıq
seçki gününün axşamı və sonrakı
gün müşahidəçi qismində ölkəmizə
gələn bütün beynəlxalq təşkilatların
missiyaları, ayrı-ayrı ölkələrin deputatları
seçkinin son dərəcə şəffaf keçirildiyini
və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin
şahidi olduqlarını birmənalı şəkildə bəyan
etdilər. Beynəlxalq müşahidəçilərin
bəyanat və rəylərində Azərbaycanın beynəlxalq
təşkilatların qətnamələrini, habelə bu təşkilatlar
qarşısında götürdüyü öhdəlikləri
yerinə yetirməsi yüksək dəyərləndirildi,
dinc və sabit ölkə olduğunu sübut etdiyi diqqətə
çatdırıldı.
Qazanılmış
təcrübə seçki kampaniyasının daha səmərəli
keçirilməsinə imkan verir
Ötən ilin iyununda
Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil
olunan deputatlarının təklifi ilə respublikamızda
seçki praktikasının daha da təkmilləşdirilməsi,
beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl
dünya təcrübəsinin tətbiq olunması
üçün Seçki Məcəlləsinə bir
sıra əlavələr və dəyişikliklər
edilmişdir. Bu əlavə və dəyişikliklər
qabaqcıl təcrübənin tətbiqinə xidmət edir.
Bunlardan biri seçki kampaniyasının 75
gündən 60 günə endirilməsidir. YAP-ın irəli
sürdüyü bu təklifdə məqsəd seçki
praktikasının daha da təkmilləşdirilməsi
olmuşdur. Seçki Məcəlləsinə
son dəyişikliklərə qədər Azərbaycanda
seçki kampaniyası 75 gün davam edirdi. Amma son illərdə qazanılmış təcrübə
və hazırlıq səviyyəsi imkan verir ki, seçki
kampaniyası digər ölkələrdə olduğu kimi daha
səmərəli şəkildə keçirilsin. O
cümlədən də, vaxt kimi çox əhəmiyyətli
resursdan daha səmərəli istifadə edilsin. Bu dəyərləndirmə nəticəsində məlum
oldu ki, Azərbaycan da əksər ölkələr kimi
seçki kampaniyasını iki ay müddətində
keçirməyə tamamilə hazırdır.
Digər mühüm dəyişiklik seçkilərə
qoşulmuş vətəndaşlara və partiyalara MSK tərəfindən
ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir
ölkədə seçkiyə qoşulmuş namizədlərə
dövlət tərəfindən vəsait ayrılmır.
Əksinə, seçkiyə qoşulmaq niyyətinə
düşən insanlar da, partiyalar da seçkinin keçirilməsi
üçün lazım olan vəsaitləri ya özləri
birbaşa öz hesablarına ayırırlar, ya da onları dəstəkləyən
seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar.
Dünya təcrübəsi də belədir.
Seçki
sisteminin təkmilləşdirilməsi yalnız qanunvericilik
sahəsini əhatə etmir
Respublikamızda
seçkilərin demokratikliyini təmin etmək
üçün görülən işlər yalnız
seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə
kifayətlənmir. Son illərdə Azərbaycanda
geniş vüsət alan quruculuq və
abadlıq işləri seçki komissiyalarının da rahat
fəaliyyəti üçün daha müasir iş şəraitinin
yaradılmasına mühüm təsir göstərmişdir.
Əksər dairə və məntəqə
seçki komissiyaları ən müasir tələblər səviyyəsində
inzibati binalarla təmin olunmuş, bir qismi isə əsaslı
təmir edilmişdir. Həmçinin Mərkəzi
Seçki Komissiyasının yeni binada fəaliyyət göstərməsi
bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə
geniş imkanlar açıb. MSK-nın yeni
binasının açılışında Prezident İlham
Əliyev deyib: "Azərbaycanda seçkilərin
keçirilməsində artıq böyük təcrübə
var və biz ən qabaqcıl təcrübəni öyrənirik,
Azərbaycanda tətbiq edirik. Bütün
işlər beynəlxalq standartlara uyğun şəkildə
qurulubdur. Azərbaycanda seçkilərin
keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir,
şəffaflıq tam şəkildə təmin edilir və
insanlar azad, sərbəst şəkildə öz iradələrini
ifadə edirlər".
Seçicilərlə maarifləndirmə işlərinin
aparılması, seçki hüquqları ilə bağlı
çoxsaylı sənəd nümunələrinin
hazırlanması, seçici siyahılarının dəqiqləşdirilməsi
ilə əlaqədar yeni üsulların tətbiq edilməsi
də ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi
ilə bağlı həyata keçirilən tədbirlərdəndir. Azərbaycanın
inkişaf edən seçki sistemində demokratik ab-havanın,
şəffaflığın təmin edilməsi
üçün müasir informasiya texnologiyaları da tətbiq
olunur. Belə ki, regionda ilk dəfə məhz
Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə
birbaşa izlənilməsi sistemi yaradılmışdır.
Azərbaycan hakimiyyətinin
aşkarlığın daha çox təmin edilməsi
üçün bütün təşəbbüslərə,
yeniliklərə yüksək həssaslıq nümayiş
etdirməsi bütün dünyada təqdir olunur.
Seçki
sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata
keçirilən tədbirlər, o cümlədən
qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda
formalaşdırılan demokratik seçki mühitinin daha da
möhkəmləndirilməsinə xidmət edir. Bu həm
də onun təsdiqidir ki, Azərbaycanda seçkilərin azad
və ədalətli keçirilməsi üçün
ölkə rəhbərliyinin güclü siyasi iradəsi var.
Seçkilərdə demokratiyanın təmin olunması həm
də respublikamızın beynəlxalq aləmdə yerinin
möhkəmlənməsində əsas amillərdən
biridir.
Azərbaycan.-2011.-16 dekabr.-S.2.