Dövlət Qarabağ əlilləri və şəhid ailələrinin

 problemlərinin həllini daim diqqətdə saxlayır

 

 Respublikanın ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət  proqramlarının icrası özünü bütün sahələrdə göstərməkdədir. Bu mənada şimal-qərb regionu da istisna deyildir. Regionun  son zamanlar daha çox diqqət çəkməsi isə bir neçə amillə bağlıdır. İlk növbədə Şimaldan Rusiya, qərbdən isə Gürcüstanla həmsərhəd olan  bölgə  turizmin  inkişafı üçün bir çox coğrafi üstünlüklərə malikdir. Son illər bu bölgəyə beynəlxalq səviyyədə marağın artmasında da məhz  bu amil əsas rol oynayıb.

Regionun sürətli sosial-mədəni inkişaf yolunda olan rayonlarından biri də Qəbələdir. Qəbələdə son illər  beynəlxalq musiqi festivalının və digər bu tipli mədəni-kütləvi tədbirlərin keçirilməsi də rayonun tanınmasında müsbət təsiri az olmayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 17-də  adıçəkilən regiona səfəri çərçivəsində  sosial-iqtisadi, həmçinin mədəni inkişaf dövrünü yaşayan Qəbələdə əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində aparılan quruculuq işləri ilə də tanış olmuş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş dördmərtəbəli  36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Bütün istiqamətlərdə inkişafa nail olmaq üçün yürüdülən siyasətin nəticələri burada, həqiqətən, ürəkaçandır. İqtisadi inkişaf həm də güclü dövlətin əsaslarını təşkil edən siyasətdir. Bu siyasətin Azərbaycanda son illər daha sürətlə davam etdiyini diqqətə çatdıran dövlət başçısı cənab İlham Əliyev prosesin geniş vüsət aldığını da bildirmişdir: "Bu günə qədər 5 minə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi gözəl  mənzillərlə təmin edilmişdir. Növbədə isə 3 mindən bir qədər çox ailə vardır. Onların da problemləri həll olunacaqdır".

Respublikada digər sahələrdə olduğu kimi, sosial istiqamətdə də müəyyən və məqsədyönlü layihələrin həyata keçirilməsi nəticəsində problemlərin həllinə nail olunmuşdur. Həlli daha çox vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə əsaslanaraq aradan qaldırılması,  qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmaları üçün bütün imkanlardan maksimum istifadə olunduğu danılmaz həqiqətlərdəndir.  Azərbaycanın hər bir vətəndaşının, o cümlədən  adıçəkilən münaqişədən əziyyət çəkən insanların prezidenti olacağına, bütün çadır  düşərgələrinin ləğvinə,  işğal olunmuş ərazilərin azad olunması üçün imkanlardan maksimum istifadə ediləcəyinə söz verən dövlət başçısı bu istiqamətdə mühümciddi irəliləyişlərin olduğunu dəfələrlə qeyd etmişdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən layiqincə dəstək alması, təbii ki, bunu bir daha təsdiqləyir.

Azərbaycanda, bütövlükdə bütün sahələrdə, o cümlədən sosial istiqamətdə də böyük uğurlara imza atılmışdır. Dövlət başçısının həmin görüşdə bildirdiyi kimi, bu istiqamətdə böyük işlər görülmüşdür. İlk növbədə müharibədən ən çox əziyyət çəkmiş insanların problemlərinin  həlli istiqamətində mühümvacib tədbirlər həyata keçirilmişdir. 2007-ci ilin sonuna kimi bütün çadır düşərgələri ləğv edilmiş, vaxtilə burada yaşamış insanlar yeni tikilmiş fərdi evlər və  mənzillərlə təmin olunmuşlar: "Siz erməni işğalından əziyyət çəkmiş insanlarsınız, öz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz. Ona görə də Azərbaycan dövləti sizə daim diqqət göstərməlidir, yardım etməlidir. Bax, bu bina Azərbaycan dövlətinin sizə verdiyi bir hədiyyədir, bu istiqamətdə atılan bir addımdır. Bu addımların sayı çoxdur, onlardan biribax, bu binada özünü göstərirEVətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır".

Haqq-ədalətin xalqımızın tərəfində olduğu, dünya birliyinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi qəbul etməsi kimi vacib amillər problemin həllində mühüm vasitələrdəndir. Tarix, hüquq, coğrafi, geosiyasi əhəmiyyət baxımından haqq-ədalətin bizim tərəfdə olduğunu  Azərbaycan Prezidenti cənab İlham Əliyev bu dəfə də  qətiyyətlə bildirmişdir: "Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır və qalacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir, tanıyır. Dünya birliyi isə bizim tərəfimizdədir və Azərbaycana beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də göstərilən dəstək, eyni zamanda bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul edirik. Çünki bizim Qarabağdan artıq, ondan vacib həllini gözləyən məsələ yoxdur".

Bu tarixi ədalətin istənilən yolla bərpa olunacağına şübhə  edilmir.  Bu günədək beynəlxalq vasitəçilərin iştirakı ilə davam etdirilən sülh danışıqları nəticə vermədiyi təqdirdə, hərbi yolun qaçılmaz olduğu istisna edilməyəcək. Çünki dövlət başçısının qeyd etdiyi kimi, bu, bizim suveren hüququmuzdur. İstər beynəlxalq, istərsə də dövlətimizin suveren hüquqları imkan verir ki,  alternativ yolla torpaqlarımızı işğalçılardan azad edək: "Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə verir və istənilən anda Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Belə imkanlar hələ tükənməyib və gündən-günə güclənən Azərbaycan o tarixi günü yaxınlaşdırır".

Siyasi sabitlik, sürətli iqtisadi inkişaf və hərbi güc  atəşkəs dövründə Azərbaycanın nail olduğu mühüm nailiyyətlərdəndir. Ermənistanın buna nə haqqı, nə də gücü çatır ki, işğal etdiyi Azərbaycan torpaqlarını əlində saxlaya bilsin. Bütün istiqamətlərdə aparılan hücum diplomatiyası nəticəsini göstərməkdədir. Əlbəttə, 21 il bundan öncə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan üçrəngli bayrağımız, dövlətimizin başçısının da inam və qətiyyətlə bildirdiyi kimi, Xankəndidə, Şuşada dalğalanacaqdır. Çünki buna  Ali Baş Komandanla yanaşı, xalqımız da inanır və dövlətimizə və onun liderinə güvənir.

 

Azərbaycan.-2011.-16 dekabr.-S.1.