«2012-2020-ci illərdə Azərbaycan Respublikasında

 üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın

 təsdiq edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram:

1. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2011-ci il

Azərbaycan.-2011.-16 dekabr.-S.1.