Azərbaycanda hüquq islahatları uğurla davam etdirilir

 

 

Cəmiyyətə fəal təsir göstərməklə onu yönləndirməyə qadir liderlər həm də kütlələri ardınca aparmaq, sosial mübahisələrin həllində orbitr qismində çıxış etmək, xalqın mənəvi bütövlüyünə nail olmaq keyfiyyətləri ilə seçilmişlər. Belə seçilmiş liderlər siyasəti, ilk növbədə, cəmiyyətin ayrı-ayrı təbəqələrini inandıraraq nəcib amallar naminə bir araya gətirmək, ictimai şüurda pozitiv dönüş yaratmaq vasitəsi kimi dəyərləndirmişlər. Bu prizmadan Azərbaycan Prezidenti İlham Əliyevin ötən 8 illik siyasətinin də cəmiyyətdə milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini əminliklə söyləmək olar.

Prezident İlham Əliyevin ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhün təmin olunması, etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Bu məqam ölkə başçısının idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq xətt təşkil etdiyini bir daha təsdiqləyir. Azərbaycan Prezidenti bu addımlarının mahiyyətini ölkə ictimaiyyətinə çox düzgün, dürüst şəkildə izah edir.

Dövlət başçısının ötən 8 ildə qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı kursa sadiq olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi, eyni zamanda, onun yüksək humanizminin ifadəsidir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu bu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ötən dövrdə əfvetmə institutunun da çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına çalışır. Azərbaycan Prezidentinin ötən 8 ildə 15 əfv fərmanı imzalaması, 3000-ə yaxın məhkumu cəzasının çəkilməmiş hissəsindən tamyaxud qismən azad etməsi olduqca böyük göstəricidir. Bu rəqəm son 15 ildə Azərbaycanda əvf olunmuş məhkumların təxminən 60 faizini təşkil edir. Bu, respublikada insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət göstərən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edir, cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirirlər. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir.

Hüquqi dövlət quruculuğu yolunda inamlı addım atan Azərbaycan dövləti hələ 2009-cu ilin 18 martında keçirilmiş ümumxalq referendumunun nəticəsi kimi üzərinə eks-prezidentlərin statusunu müəyyənləşdirən qanunun qəbulu ilə bağlı hüquqi öhdəlik götürmüşdür. Ümumən belə bir hüquqi öhdəliyin götürülməsi ölkə iqtidarının sosial məsuliyyət prinsipinə və demokratik dəyərlərə sadiqliyini bir daha təcəssüm etdirmişdir. Son referendumla Konstitusiyanın 108-ci maddəsinin (Azərbaycan Respublikası Prezidentinin təminatı) II hissəsinə edilən əlavəyə görə, "Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya Qanunu ilə müəyyən edilir". Bu əlavə ilə ölkədə eks-prezidentlərin statusunun müəyyənləşdirilməsi istiqamətində son dərəcə mühüm addım atılmışdır.

Bu yaxınlarda Milli Məclisdə "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun müzakirəsi də məhz bu məqsədlərin gerçəkləşdirilməsinə xidmət edir. Azərbaycan Konstitusiyasının 108-ci maddəsinin II hissəsinə uyğun olaraq, əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin (keçmiş Prezidentin) və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edən Konstitusiya Qanunu ölkədə siyasi qüvvələr arasında barışıq və həmrəylik atmosferinin möhkəmləndirilməsinə növbəti addım kimi dəyərləndirilməlidir.

Son illər ölkədə siyasi şüurun yetkinləşməsi və sivil siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin formalaşması prosesi özünü qabarıq büruzə verir. Yaranmış vəziyyətin reallıqları nəzərə alınmaqla Əsas Qanunun 108-ci maddəsinə ümumxalq referendumu əsasında edilmiş əlavə də təqdirəlayiqdir. Həmin əlavə faktiki olaraq ölkədə eks-prezidentlik institutunun yaradılmasına imkan verməklə ölkədə milli birlik və həmrəyliyin, siyasi barışığın möhkəmləndirilməsinə xidmət etmişdir. Məlumdur ki, bütün demokratik dövlətlərdə eks-prezidentlərin statusu müəyyən olunur, dövlət başçısı olmuş şəxsin hüquqları xüsusi qanunla qorunuronun təhlükəsizliyinə, normal yaşayışına təminat yaradılır. Bu da təsadüfi deyildir - Prezident yeganə şəxsdir ki, ölkə vətəndaşlarının böyük əksəriyyətinin siyasi iradəsi ilə dövlətdə idarəçiliyi həyata keçirir, onun bu günü və gələcəyi üçün birbaşa məsuliyyət daşıyır. Prezidentlik statusu bütün ölkələrdə əlahiddə səciyyə daşıyır. Məhz buna görə də vaxtilə prezident olmuş şəxslərin sonrakı statusu qanunla müəyyən edilir, onlar üçün xüsusi imtiyazlar, güzəştlər nəzərdə tutulur. Hazırda əksər Avropa, eləcə də MDB dövlətlərində eks-prezidentlərin statusunun müəyyənləşdirildiyini nəzərə alsaq, Azərbaycanda da belə bir qanunun qəbulu demokratik proseslərin dərinləşdirilməsi baxımından tamamilə təbii və məntiqəuyğundur.

Müasir dövrdə hüquqi dövlət anlayışını şərtləndirən ən mühüm amillərdən biri də məhkəmələrin müstəqilliyinin təmin edilməsi və dövlət adından çıxarılan məhkəmə qərarlarının lazımi səviyyədə icrasıdır. Məhkəmələrin çıxardığı qərarların icrası vətəndaşın təkcə dövlətə olan inamını, etimadını deyil, həm də qanun qarşısındakı məsuliyyətini artırır. Təsadufi deyildir ki, son illər ölkədə məhkəmə-hüquq və ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ardıcıl xarakter daşıyır, bu sahədə mövcud çatışmazlıqların, nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın 33-cü bəndində məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində geniş müzakirə edilməklə hazırlanmış bu mükəmməl qanunla məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə - beynəlxalq təcrübə öyrənilməklə - qanunvericiliyə yeni mühüm dəyişikliklər edilmişdir. Yeni qanunvericiliyə uyğun olaraq məhkəmə icraçılarının hüquqlarının genişləndirilməsi, o cümlədən borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, axtarışının elan edilməsi sahəsində onlara yeni səlahiyyətlərin verilməsi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyalarının sərtləşdirilməsi, habelə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasına dair hər 6 aydan bir ölkə Prezidentinə hesabat verilməsinin nəzərdə tutulması və digər tədbirlərin müəyyən edilməsi icra işində yüksək keyfiyyət dəyişikliklərinə imkan yaradır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq islahatları son 8 ildə onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

 

 

 

E.HACIALIYEV,

Azərbaycan.-2011.-17 dekabr.-S.1.