Müstəqil xarici siyasət milli
maraqları təmin edir
Hər bir dövlətin xarici siyasəti onun yeritdiyi daxili siyasətin davamıdır. Bu mənada Azərbaycan istisna təşkil etmir. 1993-cü ildə böyük siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamış dirçəliş və tərəqqi prosesi çox keçmədi ki, Azərbaycanı sabit inkişaf edən, müasir cəmiyyət qurmaq yolunda ardıcıl addımlar atan ölkəyə çevirdi. Cəmi bir neçə il ərzində ümummilli böhran aradan qaldırıldı, kəskin sosial-iqtisadi problemlər həll edildi və ölkə sabit inkişaf yoluna çıxdı. Azərbaycan sonrakı illərdə dünyanın ən yüksək iqtisadi artım nümayiş etdirən ölkəsi kimi diqqəti cəlb etdi. İqtisadi müstəqilliyi təmin etmədən beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, dünya siyasətinin bu və ya digər məsələlərinə münasibətdə söz sahibi olmaq çətindir. Milli müstəqilliyin bərpasından təxminən 10 il sonra - XXI əsrin əvvəllərində Azərbaycan artıq iqtisadi müstəqilliyini tamamilə təmin etmişdi. Bu isə müstəqil xarici siyasət yeritməyə, beynəlxalq aləmdə milli maraqlarımızı ardıcıl olaraq müdafiə etməyə və mövqelərimizi gücləndirməyə imkan verirdi.
Qazanılmış uğurları möhkəmlətmək və daha da irəli getmək üçün daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də varislik şərtdir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti beynəlxalq aləmlə əlaqələrində məhz bu prinsipə əsaslanır.
2003-cü ildə keçirilmiş prezident seçkilərində qələbə qazanıb dövlətə rəhbərlik missiyasını üzərinə götürmüş cənab İlham Əliyev üçün xarici siyasət yeni fəaliyyət sahəsi deyildi. O hələ keçən əsrin 90-cı illərinin əvvəllərində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə istismarına başlamaq üçün Qərbin iri neft şirkətləri, dünyada söz sahibi olan dövlətlərin nümayəndələri ilə aparılan danışıqlarda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edirdi. Bu isə daha çox diplomatiya ilə bağlı iş idi. Müstəqil dövlət üçün tamamilə yeni olan bu vəzifəni uğurla həyata keçirmək, əlverişli müqavilə şərtlərinə nail olmaq üçün hərtərəfli bilik, dərin zəka, diplomatik məharət tələb edilirdi. Özü də danışıqlar ölkədə və regionda mürəkkəb proseslərin getdiyi bir şəraitdə aparılırdı. Risk dərəcəsi çox yüksək idi. Cənubi Qafqazda həqiqətən böyük geosiyasi oyunlar gedirdi. Regionun iri dövlətləri burada əvvəlki mövqelərini qoruyub saxlamaq və möhkəmlətmək, yaxud yeni mövqelər qazanmaq üçün cidd-cəhdlə mübarizəyə girişmişdilər. Böyük qüvvələrin maraqlarının kəsişdiyi belə bir regionda yerləşən Azərbaycan isə hansısa bir-biri ilə mübarizə aparan qüvvələrdən heç birinə meyil göstərməmək xətti götürərək yalnız milli maraqlara xidmət edən mövqe tutur, bölgədə qarşılıqlı faydalı əməkdaşlıq və anlaşma mühiti yaratmağa çalışırdı.
Azərbaycanda və onun ətrafında cərəyan edən hadisələr, ö cümlədən daxili siyasi sabitliyi pozmaq, dövlət çevrilişi həyata keçirmək cəhdləri həm də neftlə əlaqədar idi. Xəzərətrafı ölkələrin bəziləri, xüsusilə Rusiya və İran bildirirdilər ki, sututarın hüquqi statusu müəyyən edilməyənədək burada heç bir iş görmək olmaz. Bu iki dövlət Xəzərin milli sektorlara bölünməsi ideyasını qəbul etmir, dənizin sahilyanı ölkələrin ümumi istifadəsində qalması üzərində israr edirdilər. Çoxu güman edirdi ki, regionda yeni münaqişə ocağının yaranması qaçılmazdır. Lakin bütün təzyiqlərə baxmayaraq rəsmi Bakı haqlı mövqeyindən geri çəkilmədi. Çünki neft Azərbaycan üçün enerji daşıyıcısından çox tale məsələsi idi. Neft müqavilələrinin reallaşdırılması, bir tərəfdən, külli miqdarda maliyyə ehtiyatı yaradaraq milli iqtisadiyyatı dirçəltmək üçün geniş imkanlar açacaq, digər tərəfdən isə ölkəni dünya iqtisadiyyatına inteqrasiya edən vasitəyə çevriləcək və bununla dövlət müstəqilliyimizə beynəlxalq dəstəyi artıracaqdı.
Belə bir şəraitdə Prezident Heydər Əliyevin siyasi ustalığı, mahir dövlət xadimi kimi zəngin təcrübəsi özünü göstərdi. Məhz dövlət başçısının titanik qabiliyyəti, ölçülüb-biçilmiş ardıcıl addımları ilə neft müqavilələrinin imzalanmasını əngəlləyən maneələr dəf edildi, Xəzərdə yeni gərginlik ocağının yaradılması cəhdlərinin qarşısı alındı. Eyni zamanda xarici tərəfdaşlarla aparılan danışıqlar uğurla nəticələndi. 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"nin ardınca yeni-yeni neft-qaz müqavilələri imzalandı və beləcə Azərbaycanın yeni neft stategiyasının əsası qoyuldu.
Bu, Azərbaycan neft diplomatiyasının təntənəsi
idi. Cənab
İlham Əliyev xarici tərəfdaşlarla
apardığı danışıqları sonralar belə
xatırlayır: "Qısa müddətdə
dünyanın müxtəlif guşələrində
aparıcı siyasətçilərlə, nazirlərlə,
konqresmenlərlə görüşüb dünyada neft
biznesinin müxtəlif aspektlərini, bizim regionun inkişaf
perspektivlərini müzakirə edərkən, neft müqavilələrini
imzalayarkən mən ilk növbədə geosiyasi məsələləri
qaldırır, yalnız bu sahədə anlaşma əldə
olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə
keçir, hər bir məsələni konkretləşdirməyə
başlayırdım".
Eyni
zamanda cənab İlham Əliyev neft müqavilələrinin
bağlanmasından heç də az əhəmiyyət
kəsb etməyən ixrac kəmərlərinin
inşasına dair aparılmış danışıqlarda fəal
iştirak etmiş, bu danışıqların uğurla nəticələnməsində
xeyli əmək sərf etmişdir. Xəzərin Azərbaycan
sektorundakı neft və qaz yataqlarından
çıxarılan karbohidrogenləri dünya bazarına nəql
edən kəmərlərin işə salınması ölkənin
regionda aparıcı mövqeyini möhkəmlətməklə
bərabər, dünyada nüfuzunun artmasına həlledici təsir
göstərdi, beynəlxalq əməkdaşlıq əlaqələrinin
genişlənməsinə ciddi təkan verdi.
Başqa sözlə, cənab İlham Əliyev Prezident
kimi səlahiyyətlərinin icrasına başlayanadək
dövlətin xarici siyasət xəttinin formalaşmasında
bilavasitə iştirak etmiş, bu işdə böyük
uğurlara imza atmışdı. O, dövlət
başçısı seçildiyi gün belə deyirdi:
"Azərbaycan rəqabət meydanına çevrilməməlidir,
əksinə, regional və dünya miqyasında əməkdaşlıq
mərkəzi olmalıdır, bizim əsas istiqamətimiz ondan
ibarətdir ki, öz xarici siyasi fəaliyyətimizlə
qarşıya qoyduğumuz məqsədlərin əldə
olunmasına, Azərbaycanın dünya birliyindəki yerinin
möhkəmlənməsinə, həmçinin dünya
ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq
yolu ilə bizim iqtisadi inkişafımıza kömək edək.
Bu siyasət bu vaxta qədər həyata
keçirilib və bundan sonra da davam etdiriləcək. Bilmək istəyirsinizsə, bu, yeni Prezidentin və
hökumətin Heydər Əliyevin müəyyənləşdirdiyi
yolda atacağı ilk addımlar olacaq. Mən
həmişə çalışmışam və
çalışacağam ki, atama oxşayım".
Cənab İlham Əliyev dediyi kimi də etdi. Dövlətin yeni
başçısı Heydər Əliyev xəttini davam etdirərək
onun yeritdiyi xarici siyasətin prioritetlərinə sadiq
qalacağını bəyan etdi: "Biz Azərbaycan
xalqının tələbatlarına və maraqlarına
uyğun siyasət aparırıq. Siyasətimiz
müstəqildir. Siyasi, iqtisadi münasibətlərdə,
o cümlədən dünya ictimaiyyəti ilə qurduğumuz
əlaqələrdə siyasətimiz müstəqildir. Bu siyasət özünü doğruldur. Bizim ABŞ-la da strateji əməkdaşlıq
münasibətlərimiz mövcuddur. Eyni
zamanda bizim İKT-yə üzv olan ölkələrlə də
yaxşı münasibətlərimiz var. Bizim qonşularla olan
münasibətlərimiz müsbətdir. Rusiyadan
başqa, bizim İranla da münasibətlərimiz var. Bir
sözlə, bütün bunlar mümkündür. Həmin amillər regionda təhlükəsizliyin və
sabitliyin bərqərar olmasına xidmət edir. Çünki bizim yerləşdiyimiz region olduqca
mürəkkəbdir".
Bir məqamı söyləmək yerinə düşər
ki, cənab İlham Əliyev dövlətə rəhbərlik
etməyə başlayanda ölkədə və regionda vəziyyət
birmənalı deyildi. Ermənistanın hərbi təcavüzünün nəticələrinin
aradan qaldırılmaması bir yana
qalsın, məkrli qüvvələr hələ də Azərbaycanın
müstəqil siyasəti ilə barışmaq istəmir,
müxtəlif vasitələrlə buranı daimi gərginlik
ocağına çevirməyə
çalışırdılar. Amma bu planlar
xülyadan başqa bir şey olmadı. Cənab
İlham Əliyev dövləti idarə etməyə tamamilə
hazır idi. Obyektiv müşahidəçilər
onun bu işi uğurla görəcəyinə şübhə
etmirdilər. Məsələn, ABŞ Konqresinin
üzvü Kurt Ueldon səkkiz il əvvəl
Azərbaycan dövlətinin yeni liderinə müraciətlə
deyirdi: "Həqiqətən, beş dildə təmiz
danışan və dünya siyasətində xüsusi çəkisi
olan Sizin kimi liderlə ilk dəfədir ki
görüşürəm... Əminəm, bir çox ölkələrin
xalqları arzulayırlar ki, onların da Sizin kimi
bacarıqlı, beş dildə danışa bilən, müxtəlif
mövzulara dair dərin biliklərə malik, geniş
dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu
baxımdan Azərbaycan xoşbəxt ölkədir,
çünki bu ölkəyə Sizin kimi
lider qismət olmuşdur".
O vaxtdan bəri
ötən səkkiz il ərzində
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Respublikasının yürütdüyü xarici siyasət
prioritet məsələlərin diqqət mərkəzində
saxlanması, bu məsələlərin müntəzəm
olaraq gündəliyə gətirilməsi ilə yadda
qalmışdır. Dövlətin suverenliyinin, ərazi
bütövlüyünün və beynəlxalq birlik tərəfindən
tanınmış sərhədlərinin bərpası, Ermənistanın
hərbi təcavüzü nəticəsində
yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin
əvvəlki yaşayış yerlərinə
qaytarılması naminə səylər yenə də xarici
siyasətimizin əsas istiqaməti olmuşdur.
Danışıqlar prosesində tərəqqiyə nail olmaq,
regionda daimi sülhü və sabitliyi bərqərar etmək
üçün Azərbaycan öz tərəfindən
mümkün olan bütün siyasi-hüquqi vasitələrdən
istifadə edir, lazımi səylər göstərir. Amma təcavüzkar Ermənistanın və ona
havadarlıq edən qüvvələrin qeyri-konstruktiv
mövqeyi, beynəlxalq hüququn hamı tərəfindən
qəbul olunmuş prinsip və normalarına laqeydliyi prosesi irəli
aparmağa imkan vermir.
Yaranmış şəraitdə Azərbaycan beynəlxalq
hüquqa istinad edərək prinsipial mövqeyində
qaldığını və bu mövqeyin
sarsılmazlığını daim vurğulayır. Prezident İlham Əliyevin
dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın ərazi
bütövlüyü, beynəlxalq birlik tərəfindən
tanınmış sərhədlərinin
toxunulmazlığı müzakirə mövzusu ola bilməz: "Biz öz ərazi
bütövlüyümüzü heç vaxt güzəştə
getməyəcəyik. Azərbaycanın ərazi
bütövlüyü toxunulmazdır, Dağlıq
Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir.
Azərbaycan rəhbərliyi və Azərbaycan
xalqı heç vaxt bununla razı olmayacaqdır. Biz danışıqları bu istiqamətdə
aparırıq. Danışıqların əsas
mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın zəbt
olunmuş bütün torpaqları
işğalçılardan azad edilsin, Azərbaycan vətəndaşları
- məcburi köçkünlər həmin torpaqlara
qayıtsınlar, o cümlədən də Dağlıq
Qarabağa qayıtsınlar. Bu bizim
prinsipial mövqeyimizdir və bu mövqedən bir addım da kənara
çıxmayacağıq".
İki il əvvəl problemin həllində vasitəçi
olan ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə
tərəflərinə tənzimləmənin prinsiplərini
əhatələyən növbəti sənədi təqdim
etmişlər. Yenilənmiş Madrid prinsipləri
adlanan bu sənəd münaqişənin mərhələli
həllini nəzərdə tutur. Yeni təklif Azərbaycanın
maraqlarına tamamilə cavab verməsə də, rəsmi
Bakı tənzimləmə prosesini, nəhayət,
"ölü nöqtə"dən çıxarmaq, Cənubi
Qafqazda sabitliyi bərqərar etmək və regional əməkdaşlığı
bərpa etmək üçün onu qəbul etmişdir. Amma
Ermənistan rəhbərliyindən səs çıxmır:
rəsmi Yerevan sənədi nə qəbul, nə də rədd
edir, müxtəlif bəhanələrlə problemin həllini
uzadır.
Məlum olduğu kimi, münaqişə beynəlxalq əhəmiyyət
kəsb edir və böyük dövlətlərin regionda
maraqlarına toxunur. Ona görə də indiki mərhələdə
dinc tənzimləmə prosesinin gedişində hansısa
sıçrayış gözləmək, bu və ya digər
maraqlı tərəfin kəskin mövqe dəyişikliyinə
gedəcəyini güman etmək real görünmür.
Odur ki, yalnız özünə arxalanan Azərbaycan
dövləti prinsipial mövqeyini müntəzəm olaraq bəyan
edir, münaqişənin beynəlxalq hüququn prinsip və
normaları çərçivəsindən kənarda həllinin
qeyri-mümkünlüyünü və belə bir nizamlama
variantının regionda sabitliyin bərqərar olması naminə
göstərilən səylərə zərər verəcəyini
vurğulayır. Diplomatiyamız regional və beynəlxalq
səviyyəli tədbirlərdə ölkəmizin ədalətli
mövqeyini daim nəzərə çarpdırır, Azərbaycanın
haqq işinə dəstək verilməsinə, Ermənistanın
işğalçılıq siyasətinin, beynəlxalq
hüququn prinsiplərini qulaq ardına vurmasının pislənməsinə,
təcavüzkara təzyiqin artırılmasına
çalışır. Dövlət
başçısının ikitərəfli və çoxtərəfli
görüşlərində, eləcə də
imzaladığı dövlətlərarası sənədlərdə
münaqişənin ərazi bütövlüyü çərçivəsində
həllinin vacibliyi həmişə yer alır.
Bu istiqamətdə
aparılan iş artıq bəhrəsini verir. 2005-ci
ilin yanvarında Avropa Şurasının Parlament
Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair qətnamə qəbul
etdi. Sənəddə Ermənistanın təcavüzkarlıq
siyasəti pislənir, Azərbaycan ərazisinin xeyli hissəsinin
işğal altında qalmasından narahatlıq ifadə
olunur, BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrinin yerinə yetirilməsi tələb
olunur. 2008-ci ilin martında BMT Baş Məclisi "Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət
haqqında" qətnamə qəbul etmişdir. Bu sənədin beynəlxalq təşkilatda qəbul
edilməməsi üçün Ermənistan və onun
havadarları çox canfəşanlıq göstərdilər,
hətta danışıqların dayandırılması
ehtimalını ortaya atdılar. Amma Azərbaycanla
təzyiq dili ilə danışmağın
faydasızlığı bir daha ortaya çıxdı.
BMT Baş Məclisində belə bir qətnamənin
qəbul edilməsi bir daha onu göstərir ki, beynəlxalq
ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllinə
tərəfdar çıxır. NATO
Strasburq-Kel sammitində Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
dinc vasitələrlə həlli istiqamətində göstərilən
səyləri bir daha dəstəklədi. Avropa Parlamenti
2010-cu il mayın 20-də qəbul etdiyi qətnamədə
Ermənistanın hərbi təcavüzü nəticəsində
yüz minlərlə azərbaycanlının yurd-yuvasından
didərgin salınmasından narahatlığını ifadə
etdi, erməni qüvvələrinin ölkəmizin
işğal olunmuş bütün ərazilərindən
çıxarılmasını tələb etdi.
Digər tərəfdən, diplomatiyamız dünya
ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən
azərbaycanlılara məxsus tarixi və mədəni abidələrin
məhv edilməsi, yaşayış məntəqələrinin
simasının dəyişdirilməsi, həmçinin zəbt
olunmuş torpaqlarda qeyri-qanuni iqtisadi fəaliyyətin
aparılması faktlarına yönəldir.
Xəzər hövzəsi-Cənubi Qafqaz regionunda beynəlxalq
əhəmiyyətli inkişaf layihələrinin
reallaşdırılmasında Azərbaycanın həlledici
rol oynaması, regionda aparıcı dövlət kimi
nüfuzunun möhkəmlənməsi nəticə etibarilə
Ermənistanın mövqeyini getdikcə zəiflədir və
rəsmi Yerevanın hadisələrin inkişafına hər
hansı təsirini istisna edir. Artıq Azərbaycan
Şərqlə Qərbi birləşdirən, Avrasiya məkanında
ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə
kömək edən yeni kommunikasiyaların, nəqliyyat və
enerji dəhlizlərinin üzərində qovşaq-ölkə
kimi regionda böyük nüfuz sahibinə
çevrilmişdir. Ermənistanı bu
layihələrə qoşmaq və beləliklə, təcavüzkarı
təcrid vəziyyətindən çıxarmaq
üçün havadarların göstərdiyi cəhdlər
rəsmi Bakının sərt münasibəti ilə
qarşılaşır və puça çıxır.
Azərbaycan indi elə bir inkişaf mərhələsindədir
ki, bu cür layihələri təkbaşına, xaricdən
kredit almadan həyata keçirə bilir. Buna
misal olaraq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini göstərmək
olar. Bu layihənin reallaşdırılmasının
qarşısını almaq üçün Ermənistan
çox canfəşanlıq etdi, Avropa və Amerikadakı qəyyumlarına
üz tutdu, onları Asiya ilə Avropanı birləşdirəcək
yeni dəmiryolu magistralının inşasını maliyyələşdirməməyə
çağırdı. Amma əbəs yerə.
Artıq Azərbaycana təzyiq göstərmək
cəhdi faydasız idi. Azərbaycan beynəlxalq
maliyyə təsisatlarından yardım almadan Türkiyə və
Gürcüstanla birlikdə bu layihəni həyata keçirməyə
başladı. Çox keçməz ki,
yeni dəmir yolu işə düşəcək və ölkəmizin
beynəlxalq ticarət əlaqələrini genişləndirəcək.
Ermənistanın təklif etdiyi alternativ dəmir
yolu isə, əvvəlki kimi, fəaliyyətsiz qalacaq.
Təcavüzkar dövləti beynəlxalq əhəmiyyətli
regional layihələrdən kənarlaşdırmaqla
yanaşı, Azərbaycan hər ehtimala qarşı
özünün hərbi potensialını daim artırır. Son səkkiz ildə
müdafiə xərclərinin həcmi 25 dəfəyə
yaxın artmış (2003-cü ildə 135 milyon dollar, 2011-ci
ildə 3,3 milyard dollar), büdcədən
hərbi sahəyə ayrılan vəsait Ermənistan büdcəsini
1,5 dəfə ötmüşdür. Azərbaycan
ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz
edilmiş, Müdafiə Sənayesi Nazirliyi
yaradılmışdır. Bu gün
ölkəmizdə 420 adda hərbi təyinatlı məhsul
istehsal olunur.
Avropa və
Avratlantika məkanına inteqrasiya Azərbaycanın
yürütdüyü xarici siyasət xəttinin vacib istiqamətlərindən
biri kimi uğurla
davam etdirilir. Avropa İttifaqının (Aİ)
üzvü olan ölkələrlə əməkdaşlıq
Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində
inkişaf edir. AQŞ ölkəmiz üçün bir
sıra imkanlar (siyasi, iqtisadi və inzibati islahatların həyata
keçirilməsi və birgə dəyərlərə
hörmət edilməsində konkret irəliləyişə
nail olunması müqabilində Aİ-nin daxili bazarında
müəyyən paya sahib olma imkanı; vətəndaşların,
əmtəələrin, xidmətlərin və kapitalın sərbəst
dövriyyəsini təmin etmək məqsədilə gələcək
inteqrasiya və liberalizasiya proseslərində iştirak; Aİ ölkələri ilə daha
səmərəli siyasi dialoq və əməkdaşlıq,
güzəştli ticarət əlaqələri və
açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil
cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq,
sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin
əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət
Təşkilatına üzv olmasının dəstəklənməsi
və s.) yaradır.
Azərbaycanın Avropa ilə əlaqələri
artıq xüsusi əhəmiyyət kəsb etməyə
başlamışdır. Bunu ölkəmizin Avropanın
enerji təhlükəsizliyinə verəcəyi töhfə
şərtləndirir. Məlumdur ki, qitə
ölkələri hazırda Rusiyanın güclü enerji
asılılığındadır və Avropa öz enerji təhlükəsizliyini
təmin etmək üçün alternativ yollar axtarır.
Enerji təchizatı mənbələrinin
şaxələndirilməsi diqqət mərkəzində olan
məsələlərdəndir. Bu işdə
Avropa Azərbaycana böyük önəm verir. Bir tərəfdən, Avropanın ölkəmizə
maraq göstərməsi seçdiyimiz strateji xəttə -
qitəyə inteqrasiya xəttinə tamamilə uyğundur.
Digər tərəfdən, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
iştirakı dövlətimizin qitədə və dünyada
çəkisini artırır, inteqrasiya proseslərinin
intensivləşməsinə təkan verir.
Ölkəmiz bir neçə ildir karbohidrogen
ehtiyatlarını dünya bazarlarına, o cümlədən
Avropaya çıxarır. 2006-cı ilin iyulunda
işə düşmüş Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft boru kəmərinin tam gücü ilə fəaliyyət
göstərməsi ölkəmizin inkişafını
sürətləndirmək, beynəlxalq iqtisadi əlaqələrini
genişləndirməklə yanaşı, dünya
iqtisadiyyatının inkişafına töhfə verir. Elə həmin ilin axırlarında başqa bir
transmilli layihə - Bakı-Tbilisi-Ərzurum qaz kəməri də
işə düşdü. İndi Azərbaycan
təkcə qonşu ölkələrə yox, həm də
Avropaya qaz ixrac edir və perspektivdə belə ölkələrin
sayı artacaq. Bu gün Azərbaycan yeddi kəmər
vasitəsilə dünya bazarlarına karbohidrogen ixrac edir.
Hazırda Azərbaycan enerji təchizatının digər
istiqamətlərində əməkdaşlıq əlaqələri
qurur. Söhbət Xəzərin karbohidrogen
ehtiyatlarının başqa bir marşrutla - Qara dənizdən
keçməklə Mərkəzi Avropaya və Baltik sahillərinə
çatdırılmasından gedir. Bu
cür alternativ qaz nəqli layihələrinin
reallaşdırılması milli iqtisadiyyatı gücləndirməklə
yanaşı, Azərbaycanın dünya iqtisadiyyatının
inkşafında rolunu artıracaq, Cənubi Qafqazın lider
dövləti kimi onun regionda və beynəlxalq aləmdə
mövqeyini daha da gücləndirəcək.
Son səkkiz
il həmçinin ayrı-ayrı ölkələrlə
ikitərəfli əlaqələrin möhkəmləndirilməsi
istiqamətində görülmüş işlərlə əlamətdar
olmuşdur. Azərbaycan Prezidenti İlham
Əliyevin dünyanın müxtəlif ölkələrinə
etdiyi səfərlər, eləcə də xarici ölkələrin
müxtəlif səviyyəli nümayəndə heyətlərinin
Bakıya səfərləri, əldə edilmiş hökumətlərarası
sazişlər və razılaşmalar əməkdaşlığın
genişləndirilməsində mühüm rol
oynamışdır. Azərbaycan
bütün ölkələrlə bərabərhüquqlu,
qarşılıqlı etimada əsaslanan əlaqələr
qurur, səmimi münasibətlərin tərəfdarı kimi
çıxış edir. Nəticə
etibarilə ölkəmizin dostlarının, strateji tərəfdaşlarının
sayı artır.
Eyni zamanda Azərbaycan BMT, ATƏT, Avropa Şurası,
İslam Əməkdaşlıq Təşkilatı və digər
nüfuzlu beynəlxalq təşkilatların sıralarında
aktiv fəaliyyət göstərir. Bu yaxınlarda ölkəmiz
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilmiş, ümumbəşəri məsələlərin
həllində söz sahiblərindən birinə
çevrilmişdir.
Bütün
bunlar göstərir ki, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş çoxvektorlu,
müstəqil xarici siyasət xətti Prezident İlham
Əliyev tərəfindən müasir dövrün
reallıqları nəzərə alınmaqla uğurla davam
etdirilir. Ölkənin geostrateji
maraqlarının maksimum təmin olunmasına yönəlmiş
bu siyasət eyni zamanda, dövlətin nüfuzunun, dünya
siyasətində rolunun artmasına
xidmət edir.
Azərbaycan.-2011.-17 dekabr.-S.1.