Azərbaycanın müdafiə sənayesi
davamlı olaraq güclənir və modernləşir
Tarixdən hər bir kəsə məlumdur ki, Azərbaycan ilk müstəqilliyini XX əsrin əvvələrində əldə etmişdir. Lakin bu müstəqilliyin ömrü uzun sürməmişdir. Şərqdə ilk demokrtik respublika olan Azərbaycan 23 aydan sonra müstəqilliyini itirmişdir. 1991-ci ildə öz müstəqilliyini ikinci dəfə əldə etmiş Azərbaycan yenidən bu təhlükə ilə qarşılaşdı. Ölkədə anarxiya, xaos, özbaşınalıq hökm sürməyə başladı. Belə bir vəziyyətdə xalq çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyini itirmə təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanın xilaskarına çevrildi. Onun böyük qətiyyəti və iradəsi sayəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı, ölkədə sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələr tərksilah edildi, atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldildi, bu sahədə çox dəyərli təşəbbüslər irəli sürüldü, ölkənin strateji inkişafı haqqında düzgün seçim edildi, güclü dövlətin möhkəm özülü qoyuldu.
Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Onun siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Heydər Əliyev dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Siyasi uzaqgörənliyə sahib olan Heydər Əliyev qısa müddət ərzində ölkədə daxili sabitliyin yaradılmasına nail oldu. Respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı.
Azərbaycanda hərbi sənaye kompleksinin əsası ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi seçildikdən sonra qoyulmuşdur. Kecmiş SSRİ-nin hərbi sənaye kompleksi ücün fəaliyyət göstərən, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr SSRİ-nin dağılmasından sonra bir sıra ciddi problemlərlə rastlaşdılar. Belə ki, mövcud xammal və satış bazarının itirilməsi, qarşılıqlı əlaqələrin kəsilməsi, regionda qeyri-sabitlik və digər problemlər müəssisələrin tənəzzülə uğramasına səbəb olmuşdur. Əsasən müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı. 2003-cü ildə ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi respublikanın müdafiə sənayesinin inkişafına təkan verdi.
Bu məqsədyönlü siyasət Heydər Əliyevin siyasi kursunu davam etdirən respublika Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Möhtərəm Prezident İlham Əliyevin ardıcıl və düşünülmüş fəaliyyəti nəticəsində ölkəmiz inkişaf tempinə görə regionda lider dövlətə çevrilib. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihənin həyata keçirilməsi mümkünsüz olmuşdur.
Sevindirici haldır ki, bütün dünyanı maliyyə böhranı bürüdüyü bir dövrdə respublikamızın intensiv inkişafı davam etmiş, dövlət büdcəsinin həcmi 15 dəfə artmış, ölkədə yoxsulluğun səviyyəsi 9,1 faizə enmiş, iri sosial layihələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Bu uğurlu siyasətin təntənəsi olaraq, müstəqilliyimizin 20 illiyi ərəfəsində xalqımızın tarixi nailiyyətə imza atması - Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə böyük şöhrətə malik olduğunu sübut etmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin müdafiəsini təmin edən ordunun hərbi texniki bazasının gücləndirilməsi və bu sahədə kənardan asılılığın azaldılması məqsədilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması olmuşdur.
Hazırkı siyasi vəziyyəti göz önünə gətirməklə, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən imzalanmış sərəncamın nə qədər düzgün olduğunun bir daha şahidi oluruq.
Nazirlik yarandığı
gündən qarşıya qoyulmuş əsas məqsəd
tabeçiliyə verilmiş istehsal müəssisələrinin
yenidən qurularaq istifadəyə verilməsi olmuşdur.
Ötən müddət ərzində nazirliyin bir sıra
müəssisəsi əsaslı tikinti və yenidənqurmadan
sonra isifadəyə verilmişdir: "İqlim",
"Dalğa" elmi istehsalat müəssisələrinin,
"Telemexanika", "Peyk", "Alov", elektron
hesablayıcı maşınlar və
"Radioquraşdırma", Şirvan "Araz"
zavodlarının, "İqlim" Elmi İstehsalat Müəssisəsi
və "Telemexanika" zavodunda yeni istehsal sexləri, eləcə
də, Elmi-Tədqiqat İnstitutu. Təkcə bu il nazirliyin "Şərq"
İstehsalat Birliyinin "AZAD Systems Co." Müəssisəsi,
"Cihaz" İstehsalat Birliyinin "Sənayecihaz" Elmi
İstehsalat Müəssisəsi, Bakı
"Cihazqayırma" zavodu, Optika-Mexanika İstehsalat
Birliyinin Xaçmaz "Kondensator" zavodunun əsaslı
tikintisindən və yenidən qurulmasından sonra
açılışı olmuşdur.
2007-2011-ci illər ərzində müdafiə təyinatlı
məmulatların yaradılması və istehsalının mənimsənilməsi
məqsədilə nazirliyin tabeli birlik və müəssisələrində
aparılan tikinti və yenidənqurma işləri nəticəsində
40-dan artıq yeni istehsal sahəsi yaradılmışdır. Bunlardan 10-u
2011-ci ildə istifadəyə verilmişdir. Böyük fəxr və iftixar hissi ilə bildirirəm
ki, həmin obyektlərdən 15-nin
açılışında ölkə Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyev şəxsən iştirak
etmiş, özünün xeyir-duasını və dəyərli
tövsiyələrini vermişdir.
Qeyd etmək
lazımdır ki, 6 il ərzində Müdafiə Sənayesi
Nazirliyinin tabeliyində olan müəssisələrin
maşın və avadanlıq parkının yeniləşdirilməsi
məqsədilə elmin və texniki tərəqqinin
bütün imkanlarını özündə cəmləyən
dünyanın inkişaf etmiş ölkələrinin
qabaqcıl şirkət və firmalarından mürəkkəb
əməliyyatları həyata keçirən onlarla texnoloji
avadanlıq, 1300-dən çox müxtəlif növ dəzgah,
cihaz, alət və tərtibatlar alınıb
quraşdırılmışdır.
Nazirliyin
müəssisələrində yaradılan yeni istehsalat sahələri
Azərbaycan Respublikası Silahlı Qüvvələrini
müasir tələblərə cavab verən müdafiə təyinatlı
məmulatlarla və xalq təsərrüfatını
maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində
istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə
təmin etmək üçün tam gücü ilə fəaliyyət
göstərir. Bunun nəticəsidr ki, 2011-ci
ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların
həcmi 2007-ci illə müqayisədə 23 dəfədən
çox artmışdır. Yaradılma proqramı
üzrə 2007-ci illə müqayisədə yerinə
yetirilmiş mövzuların sayı 5,5 dəfədən
çox artmışdır.
Bu gün
"Matador" və "Marauder" tipli zirehli
transportyorların, "Aerostar" və "Orbiter-2M"
tipli pilotsuz uçuş aparatlarının birgə
istehsalı, NATO standartlarına uyğun müasir tipli
tapançaların istehsalı, hazırda Silahlı Qüvvələrdə
istifadə edilən keçmiş SSRİ istehsalı olan
müxtəlif tıpli zirehli döyüş
maşınlarının müasir tələblərə
uyğun təkmilləşdirilməsi işləri uğurla
həyata keçirilir. Hazırda Müdafiə
Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər
istiqamətlər üzrə dünyanın inkişaf
etmiş 20-dən çox dövlətinin firma və şirkəti
ilə sıx əməkdaşlıq edir. Birmənalı şəkildə qeyd etmək
lazımdır ki, əməkdaşlıq sahəsində əldə
olunmuş bu uğurlar ölkə Prezidenti İlham Əliyevin
apardığı xarici siyasətin nəticəsidir.
Ölkə başçısı İlham Əliyevin
tapşırığı ilə 2009-cu ildən başlayaraq
nazirliyin müəssisələrində istehsal olunan müdafiə
təyinatlı məmulatların beynəlxalq müdafiə sənayesi
sərgilərində nümayiş etdirilməsi artıq ənənəyə
çevrilmişdir. Sevindirici haldır ki, iştirak etdiyimiz sərgilərdə
nümayiş olunan məmulatların çeşidləri
durmadan artır.
2009-cu ildə
Türkiyədə təşkil olunan "IDEF-2009" sərgisində
27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan
Müdafiə Sənayesi Nazirlyi bir neçə gün öncə
Küveytdə keçirilən "Körfəz Müdafiə
və Aerospeys" sərgisində 97 adda müdafiə təyinatlı
məmulat nümayiş etdirdi. Bu sərgi
Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla
qatıldığı sayca yeddinci sərgi idi. Bundan
öncə nazirlik "IDEF-2009", "SOFEX-2010",
"MSPO", "AAD-2010", "IDEX-2011" və
"IDEF-2011" sərgilərində təmsil olunmuşdur. Sərgilər zamanı bir çox ölkələrin
nümayəndə heyətləri ilə görüşlər
keçirilmiş və qarşılıqlı əməkdaşlığa
dair razılıqlar əldə olunmuşdur. Həmin ölkələrin şirkətləri ilə
bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Qeyd etmək lazımdır
ki, dünyanın qabaqcıl şirkətlərinin
qatıldığı sərgilərdə nümayiş
olunan Azərbaycan istehsallı məmulatlar, xüsusi ilə
"İstiqlal" snayper tüfəngi xarici ölkə
nümayəndələri tərəfindən xüsusi maraqla
qarşılanır. Bütün bunlar Azərbaycanın
müdafiə sənayesinin inkişafının bariz nümunəsidir.
2011-ci
ilin ilkin nəticələrinə görə nazirlik üzrə
istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi
ötən illə müqayisədə 2,5
dəfə artmış, çeşidlərinin sayı isə
650-yə çatdırılmışdır. İstehsalı
mənimsənilən müdafiə təyinatlı məhsullar
arasında uzaq məsafəli minaatanları, snayper tüfəngini,
əl qumbaraatanını, müxtəlif növ tank əleyhinə
minaları, optik nişangahları, aviasiya təlim və
döyüş bombalarını, maskalanma torunu, müxtəlif
döyüş sursatlarını, zirehli texnikalar
üçün tırtıl dəstlərini və s. məmulatları
göstərmək olar. Onu da qeyd etmək
lazımdır ki, ən müasir tökmə prosesi ilə həyata
keçirilən zirehli maşınların
tırtıllarının və müxtəlif çaplı
minaların gövdələrinin hazırlanması uğurla
sınaqdan çıxmış və istehsalına
başlanmışdır. Bu tökmə
prosesi ölkə iqtisadiyyatının digər sahələrinə
də öz töhfələrini verəcəkdir.
Hazırda, nazirliyin müəssisələrində
müdafiə təyinatlı məmulatların istehsalı ilə
yanaşı, mövcud istehsal bazasından istifadə etməklə
mülki məhsulların yeni növlərinin mənimsənilməsi
istiqamətində də məqsədyönlü işlər
aparılır. Məhz onun nəticəsidir ki, 2007-ci illə müqayisədə
2011-ci ildə mülki məmulatların istehsal həcmi 1,8 dəfədən çox
artmışdır. Ötən illə
müqayisədə isə 14 faiz artım əldə
olunmuşdur. İstehsal edilən məhsulların
çeşid sayı 400-ü ötmüşdür.
Onların arasında fontan armaturları, fontan siyirtmələri,
terminalda qazın qəbulu, tənzimlənmə və
ölçmə qovşaqlarının
avtomatlaşdırılmış məlumat-nəzarət
sistemləri, 9 növ tibb avadanlığı, 2 növ ov
tüfəngi, müxtəlif növ mebel dəstləri, liftlərin
təmiri üçün idarə pultları, gəmilərin
təmiri üçün ehtiyat hissələri, traktorlar
üçün tırtıllar, 1 və 2 yaruslu
çarpayılar, səyyar yemək termosları, smart kartla
işləyən qaz sayğacları, rəqəmsal
işıqforlar, müxtəlif güclü akkumulyator
batareyaları, müxtəlif laylı çap lövhələri,
rəqəmsal televiziya yayımı üçün dekoderlər
və s. var.
Ötən ildən etibarən nazirliyin müəssisələrində
istehsal olunan mülki məhsulların da beynəlxalq sərgilərdə
nümayişinə başlanılmışdır. 2010-cu ilin
noyabr ayında Özbəkistanda keçirilən beynəlxalq
sərgidə 59 adda mülki məhsul nümayiş
etdirilmişdir. Bu ilin sentyabrında
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş milli sərgidə
nazirlik xüsusi stendlə təmsil olunmuşdur. Burada nazirliyin müəssisələrində istehsal
edilən 400 adda mülki və ikili təyinatlı məhsullar
barədə ətraflı məlumat verilmişdir.
Müdafiə Sənayesi Nazirliyi qarşısında
duran prioritet məsələlərdən biri də sahənin
ixtisaslı kadrlarla təmin edilməsidir. Bu məqsədlə
müdafiə sənayesi üzrə mütəxəssis
hazırlanması üçün müvafiq fakültənin
açılması ilə bağlı respublika hökuməti
tərəfindən qərar qəbul edilmişdir. Hazırda Azərbaycan Texniki Universitetində
fakültənin yaradılması və növbəti tədris
ilindən başlayaraq müvafiq ixtisaslar üzrə bakalavr və
magistr pillələri üzrə tələbə qəbulunun
həyata keçirilməsi üçün tədbirlər
görülür.
Ölkə
Prezidentinin sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında Kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı" Yerin kosmosdan tədqiqi sahəsində perspektiv
istiqamətləri müəyyənləşdirməklə,
ölkədə bilavasitə kosmik texnika və
texnologiyaların yaradılması və aerokosmik məlumatlardan
istifadə etməklə müxtəlif tətbiqi məsələlərin
həlli ilə məşğul olan nazirliyin Milli Aerokosmik
Agentliyinin texniki tərəqqisi üçün yeni imkanlar
yaratmışdır. Belə ki dövlət
proqramında kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin istismarı ilə əlaqədar
sahənin lazım olan cihaz və avadanlıqlarla, həmçinin
ehtiyat hissələri ilə təminatında gələcəkdə
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin
istehsal imkanlarından və MAKA-nın texniki bazasından
istifadə etmək nəzərdə tutulmuşdur. Bu istiqamətdə məqsədyönlü tədbirlər
həyata keçirilməkdədir.
Nazirliyin tabeliyində olan Elmi-Tədqiqat İnstitutunun əsas
fəaliyyəti ökənin müdafiə qabiliyyətinin
artırılması istiqamətində məmulatların
yaradılması və təkmilləşdirilməsi sahəsində,
elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması,
müdafiə təyinatlı məmulatların
istehsalının mənimsənilməsi ilə yanaşı,
yeni texnologiyaların, hərbi-texniki sahədə olan yeniliklərin
əldə edilərək müəssisələrdə tətbiqinə
lazımi kömək göstərməkdir.
Ötən müddət ərzində nazirliyin
kollektivinin sosial-məişət problemlərinin həlli
istiqamətində də bir sıra məqsədyönlü tədbirlər
həyata keçirilmişdir. Belə ki,
işçilərin maddi rifah halının
yaxşılaşdırılması məqsədilə orta
aylıq əməkhaqqı ilbəil artırılaraq 323
manata çatdırılmışdır. Bundan əlavə, ötən illərdə
olduğu kimi, istirahətlərinin mənalı təşkili
məqsədilə nazirliyin işçiləri
respublikanın müxtəlif istirahət mərkəzlərinə
göndərilmiş, müalicəyə ehtiyacı olanlar isə
sanatoriya putyovkaları ilə təmin edilmişdir. Nəticədə cari ildə istirahət və
müalicə olunanların sayı 2008-ci illə müqayisədə
4 dəfədən çox artmışdır. Müəssisələrin əksəriyyətində
yeməkxanaların fəaliyyəti bərpa olunmuş və
bu ildən başlayaraq həmin müəssisələrin
hesabına fəhlələrə pulsuz yemək verilməsinə
başlanılmışdır.
Vətəndaşların müraciətlərinin
asanlaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin "Dövlət orqanlarında
elektron xidmət göstərilməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" fərmanına
müvafiq olaraq cari ilin sentyabr ayından etibarən nazirliyin
veb saytında "onlayn müraciət" bölməsi
yaradılmışdır.
Respublikanın müdafiə sənayesinin
inkişafında əldə olunmuş bu uğurlar Prezident
İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən
qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin
nəticəsidir. Gələn ilin DMS proqramında nəzərdə
tutulan məmulatların istehsal həcmi cari illə müqayisədə
böyük artımla
proqnozlaşdırılmışdır. Yeni
layihələr əsasında bir sıra müdafiə təyinatlı
məmulatların istehsalı və yığımı
üzrə sahələrin yaradılması nəzərdə
tutulur.
Respublikanın
ərazi bütövlüyünün bərpa olunması
istiqamətində daim öz kəskin mövqeyini
nümayiş etdirən ölkə başçısı cənab
İlham Əliyev dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş yubiley tədbirindəki
nitqində qeyd etmişdir: "Azərbaycan ərazi
bütövlüyünü, suverenliyini bərpa etməlidir. Azərbaycan vətəndaşları öz ata-baba
torpaqlarına qayıtmalıdırlar və qayıdacaqlar.
Mən buna şübhə etmirəm. Bunu etmək üçün biz daha da güclü
olmalıyıq və biz güclü oluruq. İqtisadi sahədə, hərbi sahədə, bütün
başqa sahələrdə Azərbaycanın potensialı Ermənistandan
bir neçə dəfə üstündür, daha da
üstün olmalıdır". Biz
Müdafiə Sənayesi Nazirliyinin kollektivi olaraq, ölkə
başçısını əmin edirik ki, bu sahədə
üzərimizə düşən bütün məsul və
şərəfli vəzifələrin öhdəsindən
layiqincə gələcəyik.
Gündən-günə inkişaf edən Azərbaycanın
müdafiə sənayesi barədə bu gün, 17 dekabr -
müdafiə sənayesi işçilərinin peşə
bayramı günü danışmaq daha xoşdur. Respublika Prezidenti İlham
Əliyevin 10 noyabr 2009-cu il tarixli sərəncamı
ilə müdafiə sənayesi işçilərinə bəxş
edilmiş bu bayram artıq 3-cü ildir ki, geniş şəkildə
qeyd edilir. Hər bir müdafiə sənayesi
işçisi bu sərəncamı Azərbaycanın
müdafiə sənayesinin inkişafına verilən yüksək
qiymət kimi dəyərləndirir. Məhz bu diqqətin
nəticəsidir ki, hər il
"Müdafiə Sənayesi Nazirliyi işçilərinin
peşə bayramı günü" ərəfəsində
nazirliyin bir qurup əməkdaşı respublika Prezidentinin
müvafiq sərəmcamları ilə fəxri adlara layiq
görülür, medallarla təltif olunurlar.
Ölkə
rəhbərliyinin diqqət və qayğısını hiss
edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra
da öz fəaliyyətində ümummilli lider Heydər
Əliyevin ideyalarını rəhbər tutan Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında ordumuzun yeni növ silah,
hərbi texnika və döyüş sursatları ilə təmin
edilməsi üçün bütün qüvvəsini səfərbər
edəcəkdir.
Yavər CAMALOV,
müdafiə sənayesi naziri
Azərbaycan.-2011.-17 dekabr.-S.3.