Firəngiz Yusif
qızı Əhmədova
Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Yusif qızı Əhmədova 2011-ci il dekabrın 16-da ömrünün 84-cü ilində vəfat etmişdir.
Firəngiz Əhmədova 1928-ci il sentyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuşdur. Sonralar o, təhsilini davam etdirərək 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
Firəngiz Əhmədova əmək fəaliyyətinə gənc yaşlarında ikən başlamışdır. O, 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-1988-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, 1989-1997-ci illərdə isə həmin teatrda ustad dərslərini aparmışdır.
Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqinin inkişafında mühüm xidmətləri vardır. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoymuşdur. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapmış, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olmuşdur.
Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazlar Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olmuşdur. Opera sənətində yüksək uğurlar əldə edən Firəngiz xanım, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınmışdır.
Firəngiz Əhmədovanın Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olmuşdur. Milli vokal məktəbinin ənənələrini qoruyub saxlamaqla oynadığı rolların xüsusiyyətlərini dərindən duyması və onlara özünəməxsus tərzdə səhnə həyatı verməsi sayəsində Firəngiz xanım musiqisevərlərin rəğbət və məhəbbətini qazanmışdır.
Uzun illər ərzində Firəngiz Əhmədova dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı naminə istedad və bacarığını əsirgəməmişdir. O, ölkəmizin hüdudlarından uzaqlarda dünyanın mötəbər konsert salonlarındakı çıxışları ilə Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir.
Firəngiz Əhmədovanın yaradıcılığı yeni sənətkarlar nəsli üçün daim örnək olmuşdur. Azərbaycan vokal ifaçılarının bütöv bir nəsli onun zəngin təcrübəsindən faydalanaraq opera sənətinin inkişafına öz töhfələrini vermişdir.
Firəngiz Əhmədova ictimai xadim kimi də səmərəli fəaliyyət göstərmişdir. O,
4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir.
Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə Firəngiz xanım Əhmədova müxtəlif orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Görkəmli sənətkar, gözəl və
təvazökar insan Firəngiz Yusif qızı Əhmədovanın əziz
xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Məlikov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Zeynəb Xanlarova, Fidan Qasımova, Xuraman Qasımova, Azər Rzayev, Arif Babayev, Şahlar Quliyev
Mərhumun
cənazəsi vidalaşmaq üçün 2011-ci il
dekabrın 17-də saat 13.00-dan 15.00-dək Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının
binasında (Nizami küçəsi, 95) qoyulacaqdır.
Dəfn mərasimi Fəxri xiyabanda
keçiriləcəkdir.
Azərbaycan.-2011.-17 dekabr.-S.4.