«Azərbaycan dövlətçiliyi və
miqrasiya sahəsində aparılan islahatlar»
mövzusunda «dəyirmi masa»
keçirilmişdir
Dekabrın 16-da Beynəlxalq Miqrant Günü ərəfəsində Dövlət Miqrasiya Xidmətində (DMX) "Azərbaycan dövlətçiliyi və miqrasiya sahəsində aparılan islahatlar" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra daxili və xarici miqrasiya prosesləri ilə qarşılaşan ilk postsovet ölkələrindən biri olmuşdur. O zaman yeni yaranmış müstəqil dövlət daxili miqrasiyanın neqativ təzahürləri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın ölkənin başqa regionlarına kütləvi axını ilə üzləşmişdir. Bu isə ölkədə həmin insanlar üçün normal sosial, yaşayış şəraitinin yaradılmasını tələb edirdi. Yalnız ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində məcburi miqrasiyaya məruz qalan soydaşlarımızın sosial problemlərinin həlli mümkün olmuşdur. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda miqrasiya və onun amillərinə diqqət daha da artmışdır. Həyata keçirilən neft strategiyası, bərqərar olunmuş sabitlik, iqtisadi inkişaf nəticəsində Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevrilmişdir. Ölkəyə xaricdən miqrasiya edənlərin sayı durmadan artmağa başlamışdır. Bütün bunlar miqrasiya proseslərinin dövlət tərəfindən tənzimlənməsini tələb edirdi və müvafiq normativ-hüquqi bazanın qəbul edilməsini zərurətə çevirmişdi.
Xidmət rəisi bildirmişdir ki, 2004-cü ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası qəbul edilmiş və bu konsepsiyada hökumət qurumları qarşısında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində duran məqsədlər müəyyən edilmişdir. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Bu gün DMX əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddətlərinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşama icazələrinin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məsələləri ilə məşğul olur, müvafiq icazə almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata alır, vətəndaşlıq məsələlərinin həllində iştirak edir.
Təşkil olunmuş "dəyirmi masa"nın Beynəlxalq Miqrant Günü ərəfəsində keçirildiyini vurğulayan A.Rəhimov bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası miqrantların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuş, bir sıra yeni normativ-hüquqi aktlar qəbul olunmuş, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilmişdir. Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının qorunması məqsədi ilə beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın həyata keçirilməsi işinə xüsusi önəm verir və bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkə qanunvericiliyinin təkmilləşdirilməsinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsində mühüm amil olduğunu vurğulamış, miqrantların hüquqlarının ölkə vətəndaşlarının hüquqlarından heç də fərqlənmədiyini nəzərə çatdırmışdır. Ombudsman miqrantların ehtiyaclarının müntəzəm olaraq öyrənilməsinin, dövlət qurumlarının fəaliyyətinin bu sahədə təkmilləşdirilməsinin və regionlara diqqət artırılmasının ən vacib şərtlərdən olduğunu qeyd etmişdir.
Milli Məclisin Hüquqi siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirmişdir ki, Azərbaycanda miqrasiya siyasətini həyata keçirmək üçün mükəmməl qanunvericilik bazası vardır. Bu gün Azərbaycanın miqrasiya sahəsi üzrə qanunvericiliyi MDB və Şərqi Asiya ölkələri ilə müqayisədə daha çox inkişaf etmişdir.
Digər çıxış edənlər ölkəmizə miqrasiya sahəsində görülən işləri yüksək qiymətləndirmişlər.
"Dəyirmi
masa"da Dövlət Sərhəd Xidmətinin, Daxili
İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərinin, Beynəlxalq Miqrasiya Təşkilatının
və qeyri-hökumət təşkilatlarının nümayəndələri
də iştirak etmişlər.
Azərbaycan.-2011.-17 dekabr.-S.4.