Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadə

Kazanda işgüzar səfərdə olmuşdur

 

 

Dekabrın 15-16-da MDB Müsəlmanları Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tatarıstan Respublikasının paytaxtında işgüzar səfərdə olmuşdur.

Səfər çərçivəsində A.Paşazadə "İslam terrorçuluğun əleyhinədir: cəmiyyət və dövlət üçün təhlükə potensialı, ekstremizmə qarşı mübarizə vasitələrinin axtarışı" mövzusunda Ümumrusiya elmi-praktiki konfransda iştirak etmişdir.

İslam mədəniyyətinə, təhsilə və elmə kömək qeyri-kommersiya xeyriyyə fondunun dəstəyi ilə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsi tərəfindən təşkil olunmuş konfrans dekabrın 15-də keçirilmişdir. Tədbirin məqsədi din faktorundan istifadə edən terrorçuluğun yerininrolunun müəyyənləşdirilməsi, destruktiv fəaliyyətin təzahür etdiyi ilkin mərhələlərdə aşkara çıxarılması, terrorçuluğun ölkənin həyatında ictimai-siyasi, sosial-iqtisadi və mənəvi proseslərə təsirinin obyektiv qiymətləndirilməsi və ilkin əks-tədbirlərin görülməsidir.

QMİ-nin sədri A.Paşazadə konfransın iştirakçılarına və bütün Tatarıstan xalqına Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdırmışdır. Sonra A.Paşazadə proqram məruzə ilə çıxış etmişdir. O, Azərbaycanın dövlət siyasətindən, tolerantlığı ilə tanınan respublikadakı vəziyyətdən  danışmışdır.

O, öz çıxışında bütün ənənəvi dinlərin, o cümlədən islamın ardıcıllarının mənəvi yüksəlişi üçün lazımi şərait yaradılmasında Rusiya Federasiyası rəhbərliyinin siyasətini yüksək qiymətləndirmişdir. A.Paşazadə postsovet məkanında miqrantların problemlərinə, onların Rusiya cəmiyyətinə mənəvi və əxlaqi  inteqrasiyasına kömək göstərilməsi məsələlərinə xüsusi diqqət yetirmişdir. A.Paşazadə vurğulamışdır ki, işləməyə gələn miqrantları onlardan öz qərəzli siyasi məqsədlərinin həyata keçirilməsi üçün istifadə etmək istəyən destruktiv ideoloji qüvvələrdən qorumaq lazımdır. Belə meyillərə qarşı mübarizə aparmaq məqsədi ilə QMİ-nin başçısı A.Paşazadə qarşılıqlı zəmində MDB ölkələrinin mənəvi-mədəni mərkəzlərini yaratmağı təklif etmişdir. Belə mərkəzlər dini mənsubiyyətindən asılı olmayaraq bütün miqrantlar üçün əlaqələndirmə mərkəzləri ola bilər.

Həmin gün Allahşükür Paşazadə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsində olmuş və təşkilatın sədri İldus-həzrət Faizovla görüşmüşdür.

Dekabrın 16-da MDB Müsəlmanları Məsləhət Şurasının sədri - Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovla görüşü olmuşdur. Tatarıstan Prezidenti QafqazRusiya müsəlmanlarının birləşməsində A.Paşazadənin fəaliyyətini, birliyin xalqları arasında dinlərarası dialoqun genişlənməsinə onun şəxsi töhfəsini yüksək qiymətləndirmişdir.

Həmin gün Azərbaycan ruhanilərinin başçısı Rusiya İslam İnstitutunda olmuş, ali məktəbin rəhbərliyi və tələbələri ilə görüşmüş, institutun zəngin kitabxanası ilə tanış olmuşdur. Tərəflər bir-birini salamlamış, ümmətin həyatı ilə əlaqədar dini məsələləri, müxtəlif millətlərin nümayəndələrinin yaşadıqları bölgələrdə konfessiyalararası münasibətlərin qorunub saxlanması problemlərini və bir sıra başqa məsələləri müzakirə etmişlər.

A.Paşazadə Kazanın Azərbaycan diasporunun nümayəndələri ilə də görüşmüş, onlara xeyir-dua vermişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2011.-17 dekabr.-S.5.