Beynəlxalq konfransda
jurnalistlərin sosial durumu
və
həmkarlar ittifaqlarının bu sahədəki
rolu müzakirə edilmişdir
Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, konfrans Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və İsveçin LO-TCO təşkilatı tərəfindən dəstəklənən Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan layihəsi çərçivəsində təşkil edilmişdir.
Tədbiri açan Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan layihəsinin koordinatoru Müşfiq Ələsgərli tədbirin əhəmiyyətindən danışmış, jurnalistlərin sosial vəziyyəti, həmkarlar ittifaqlarının bu sahədəki rolu və görüləcək işlərlə bağlı təkliflərin müzakirə ediləcəyini bildirmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyindən, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs etmişdir. Bildirmişdir ki, zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı bu gün özünün inkişaf mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mətbuat və söz azadlığı istiqamətində məqsədyönlü tədbirlər görmüşdür.
Natiq demişdir ki, bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə KİV-ə ən yüksək səviyyədə göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-nin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə atılan mühüm addımlardır.
V.Əliyev həmçinin qeyd etmişdir ki, dövlətimiz jurnalistlərin sosial rifahının yüksəldilməsinə yönəlmiş bütün imkanlardan istifadə edir, bununla belə, həmkarlar ittifaqlarının da bu sahədə təşəbbüslərinə ehtiyac duyulur.
Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndəsi Adrien Collin məruzəsində jurnalistlərin hüquqlarının qorunmasının vacibliyini önə çəkmiş, təmsil etdiyi təşkilatın bununla bağlı seminar və treninqlər keçirdiyini söyləmişdir. Qeyd etmişdir ki, həmkarlar ittifaqları ilə işəgötürənlər arasında sosial dialoqların gücləndirilməsi KİV nümayəndələrinin hüquqlarının qorunması sahəsində əsas amillərdən biridir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov həmkarlar təşkilatlarının Azərbaycan jurnalistlərinin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini gücləndirməsinin zəruriliyini vurğulamış, bu qurumların jurnalistlərlə işəgötürənlər arasında münasibətlərin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd etmişdir ki, işəgötürənlə işçi arasında əmək müqaviləsinin tənzimlənməsində həmkarlar ittifaqının rolu gücləndirilməlidir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də bu mövzunu davam etdirərək jurnalistlərin əmək hüququnun qorunmasının və onların təşkilatlanmasının zəruriliyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, fondun təşkil etdiyi istər layihə, istərsə də fərdi yazı müsabiqələri jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. İndiyədək 350 jurnalist müxtəlif aktual mövzularla bağlı keçirilən yazı müsabiqələrinin qalibi olmuş və mükafatlandırılmışdır.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin Azərbaycanın mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında müvafiq sərəncamı jurnalistlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu ildə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirilmişdir.
Konfransda həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşı Arif İbrahimovun "Azərbaycanda əmək standartlarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər və mövcud problemlər", Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Mehman Mehmanovun "Əmək standartlarının inkişaf etdirilməsində sahibkarların rolu" və digər mövzularda məruzələri dinlənilmişdir.
Sonda konfrans
iştirakçıları bəyannamə qəbul etmişlər.
Azərbaycan.-2011.-17 dekabr.-S.4.