Muğam ustası

Sənət dünyası

 

 Ötən əsrin altmışıncı illərinin ortalarında OperaBalet Teatrında fəaliyyət göstərmiş Qaraxan Behbudov respublikanın xalq artisti Zeynəb Xanlarova və Rəsmiyyə Sadıqova ilə birlikdə "Leyli və Məcnun"u hazırlayıb. Teatrın o zamankı direktoru ona opera səhnəsində Məcnunu oynamağa imkan verməyib.  Ona görə də o vaxtdan bugünə kimi əməkdar artist Qaraxan Behbudov Məcnun olmaq həvəsindədir və "bu arzu məni yaşadır, cavanlaşdırır" - deyir.

Ömrünün 76-cı ilində də Məcnun olmaq arzusunun gerçəkləşəcəyinə inanan Qaraxan Behbudov 1935-ci ildə Qarabağda, Ağdamın Əfətli kəndində  dünyaya göz açıb. Ali təhsil alana qədər Ağdamın Mahrızlı kənd orta məktəbini, Şuşa Pedaqoji Texnikumunu bitirib. Səsi və oxumaq həvəsi onun yolunu sonralar A.Zeynallı adına Musiqi Məktəbindən salıb. Elə uşaqlıqdan incəsənətə vurğun olan Qaraxan Behbudov ali təhsilli musiqiçi olmaq üçün M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu da bitirib.

Muğam ustası doğulduğu ailədə sənətə böyük hörmət və maraq duyub. Əmisi Əkbər Behbudovun Qarabağın məşhur xanəndələrindən biri kimi  tanınması onun bu sənətə bir qədər də ürəkdən bağlanmasına gətirib çıxarıb.  Bəstəkar Vasif Adıgözəlov tərəfindən Şuşada onun ifasında lentə alınan "Bayatı-Şiraz" muğamı taleyində dönüş yaradıb: musiqi korifeylərimizdən biri olan xalq artisti  Süleyman Ələsgərov onu dinlədikdən sonra Bakıya dəvət edib. Orada  lentə yazılmış "Çahargah" isə Bakıdan dünyanın hər yanına yayılıb və bununla da Qaraxan Behbudov klassiklərin yolunu davam etdirən muğam ustası kimi tanınıb. 1962-ci ildə keçirilən II Respublika  Festivalında birinci dərəcəli laureat adı qazanan Qaraxan Behbudovun muğama bağlılığı əsasən bundan sonra başlayıb.

İndiki zamanda xanəndəni üzən el şənliklərində bayağı, mədəniyyət və incəsənətimizə yad, sənət əsərinə çevrilməyən "ara mahnıları"nın "baş aparması"dır. O, toylara ona görə getmir ki, orada muğamı nə dinləyən var, nə də sifariş verən. O deyir: "Muğam sənətini yaşadanların azalması məni çox düşündürürdü. Şükürlər olsun ki, son illər Heydər Əliyev Fondu fəaliyyətə başlayandan bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilirbununla Azərbaycan muğamlarının ömrü uzanır. Azərbaycan muğamlarının UNESCO-nun qeyri-maddi irs siyahısına salınması dediklərimə  misaldır".

Qaraxan müəllim deyir ki, xarici səfərlərdə dəfələrlə şahidi olmuşuq ki, insanlar muğamlarımızı dinlədikcə necə ağlayırlar. Amma, nədənsə, bəzi gənclərimizi "kövrəltmir" muğam.

"Səsin də, quş kimi, qanadları olur". Bu fikirlər də Qaraxan Behbudova məxsusdur. Muğam ustası kimi dünyanı dolaşan bu sənətkar daim səsinə borclu olduğunu bildirir: "Dəfələrlə İranda, Konqoda, Kamerunda, Anqolada, bir sözlə, Cənubi Afrikada qastrol səfərlərində  olmuşam. Zənciləri muğamla ağlatdığımız ölkələrə məni səsim aparıb. Ona görə də daim özümü səsimin qanadlarında hiss etmişəm, odur ki,  musiqisi zəngin və əvəzolunmaz xalqıma, həmçinin səsimə borcluyam".

"Ustad-şəyird  məhəbbəti sevgililərin eşqindən də güclü olur". Bu qənaətə gəlməyə əsas verən də məhz həmsöhbətimizin fikirləridir. Qaraxan Behbudov ömrünün elə çağındadır ki, indi onu ustad  kimi tanıyır və  bu hörmətli adla çağırırlar. Amma, o da öz ustadlarını - Seyid Şuşinskini, Xan Şuşinskini, Nəriman Əliyevi, Sara Qədimovanı, Tükəzban İsmayılovanı, ümumiyyətlə, Azərbaycanın muğam ustalarını bir şəyird məhəbbəti ilə xatırlayır və onların müqəddəs sənətləri qarşısında daim baş əyməyi özünə borc bilir.

Maraqlıdır, onun yetirmələri kimlərdir və ustad kimi axtarılırmı? Ötənlərə xəyali səfər edən Qaraxan müəllim deyir ki, yetirmələrindən olan Orxan Miriyev uşaq yaradıcılığı-baxış müsabiqəsində 1-ci yeri tutanda sevincinin həddi-hüdudu olmayıb. Ulduzə Qədirova, Elnarə Cəfərova, Nərgiz Məmmədova isə onun fikrincə, muğamlarımızın yaşadıcıları kimi üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmək imkanına malik tələbələrindən olub.

Muğama qulluq edəndən bir çox qastrol səfərlərində yaddaqalanmaraqla xatırlanan hadisələrdən birinio, Qaçaq Nəbinin ata yurdu Qubadlıda yaşayıb. Sözarası əlindəki qəlyanı göstərərək deyir ki, sovetlərin dövründə Qaçaq Nəbinin qohumlarından "rüşvət" almağı barədə sənət dostları arasında  yarıciddi-yarızarafat "söz-söhbət" də yayılıbmış. Bunun səbəblərinə belə aydınlıq gətirdi: "Səbəbi və səbəbkarı budur - qara qəlyan. Doğrudan da belə bir hadisə olub, amma, sənət dostlarım bir qədər də şişirdib danışıblar. Biz o zamanlar "Azkonsert"in xətti ilə rayonlarda kolxoz əməkçilərinə pulsuz konsert vermək üçün qastrol səfərlərinə çıxırdıq. Bir dəfə Qubadlıda olarkən qəlyanıma qoymağa tütün  qurtardı. Mən  ancaq "qara tənbəki" çəkirdim, sinəmi və  səs tellərimi nəm saxlamaq üçün. Dözə bilməyib, konsertə gələnlərdən tütün istədim. Sən demə, bunlar da Qaçaq Nəbinin qohumları imiş. Mənə bir tay (tay  qurudularaq, 20-50 kq.-lıq kip bağlanmış tütündür) tütün gətirib verdilər və dedilər ki, Bakıda pulla almayım. Mən də həmin  "zəhər sovqatı"nı Horadizdən Bakıya qatarla, evə isə metro ilə gətirmişdim"...

1978-1994-cü illərdə Azərbaycan Konsert Birliyində korifey sənətkarlarla birgə çalışmış, bu gün isə o illəri sevincbir qədər də nostalji hisslərlə xatırlayan Qaraxan Behbudovun yaddaşına yazılan  və unudulması mümkün olmayan anlar, günlər  az olmayıb. O günlərdən biriilk dəfə  Dövlət Filarmoniyasında solo konsert verməsi idi. Filarmoniyanın o zamankı direktoru, xalq artisti Şəmsi Bədəlbəylinin konsertdən sonra onu yanına çağırıb, üzünü Cahangir Aslanoğluna tutaraq, "bizə belə oxuyan lazımdır"-deməsi Qaraxan Behbudovun sənət yolunda sanki məşələ çevrilmişdir. O vaxtdan böyük sənətkarın təşəbbüs və tövsiyəsi ilə konsert briqadası təşkil edərək respublikanın ən ucqar yaşayış məntəqələrinə qastrol səfərlərinə çıxan Qaraxan Behbudov  beləcə, 30 il bu yollarda oldu: səhnəsi olmayan kənd  klublarında, pambıq tarlalarındakı düşərgələrdə, əkinçi və biçinçilərin,  sağıcı və tütünçülərin, çayçıların yanında,  qışda fermalarda, yayda yaylaqlarda...

76 illik ömür yolunun  bərəkətli payız fəslində süfrəsi kimi, sənət dünyası da zəngindir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan "Nəsillərin estafeti" təşviqat qatarında Azərbaycanı başdan-başa dolaşması, səsinin pərvazlanması  və zirvələrlə qoşalaşması onu muğamsevərlərə bir az da yaxından tanıdıb və sevdirib. 2010-cu ildən Milli Konservatoriyanın muğam kafedrasında çalışan Qaraxan Behbudovun əməyi yüksək qiymətləndirilib: 2005-ci ildə o, Prezident təqaüdinə, 2006-cı ildə isə əməkdar artist fəxri adına layiq görülüb. Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Qarabağ xanəndələri" albomuna Qaraxan Behbudovun da adı və səsi düşüb.

Uzun müddətdir ki, Azərbaycan muğamlarının təbliği və yaşadılması yolunda xidmətlər göstərən Qaraxan Behbudovu yaşadan ən əsas arzusu Qarabağın işğaldan azad olunacağı gün "Qarabağ şikəstəsi"ni ifa etməkdir. Arzusuna çatsın qocaman xanəndəmiz. Sənətə və sənətkara xalq və dövlət tərəfindən verilən yüksək qiymətdən razı qalan Qaraxan Behbudov canlı klassik kimi örnəyə çevrilmiş bir sənətkardır - muğam ömürlü, əbədi, daimi və sevilən...

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2011.-17 dekabr.-S.6.